Son xəbərlər


Azərbaycan tarixində yeni parlaq səhifə açan nadir şəxsiyyət Müstəqil dövlətimizin təşəkkül tapmasında, şübhəsiz ki, ən böyük xidmət ümummilli liderimiz, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevə məxsus olmuşdur. Onun xalqımızın ümdə arzularının gerçəkləşməsində rolu danılmazdır. Bugünkü azad və suveren respublikamız ulu öndərimizin ən böyük əsəridir. O, müstəqil respublikamızın qurucusu və memarıdır. Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru addımlar atır. Azərbaycanın ən yeni tarixinin 34 illik bir mərhələsi Heydər Əliyev böyük adı ilə bağlıdır. Ulu öndərimiz Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Çünki o böyük insan bütün həyatı boyu Azərbaycan xalqının inkişafı və tərəqqisi naminə mübarizə aparmış, bu yolda taleyin sərt sınaqlarından alnıaçıq, üzüağ çıxmışdır. Tarix ulu öndərimiz Heydər Əliyev kimi insanları yüz ildən, bəlkə də min ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi, millətimizin dünya millətləri içərisində səsi eşidilməyə başladı. Hər birimiz yaxşı başa düşürük ki, Heydər Əliyev olduqca uzaqgörən iti zəkaya, sağlam düşüncə tərzinə malik bir insan idi. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi altında 1995-ci ildən başlayaraq iqtisadiyyatın bazar münasibətləri əsasında qurulması, kənddə aqrar islahatların həyata keçirilməsi, xüsusilə sovxoz və kolxozların ləğv olunması, onlara məxsus torpağın, mal-qaranın və əmlakın paylanması və s. kimi tədbirlər aqrar bölmənin strukturuna ciddi təsir göstərmiş, kənd təsərrüfatında ciddi dəyişikliklər baş vermiş, yeni sahələr yaranmışdır. Ən başlıcası isə Heydər Əliyevin memarı olduğu və uğurla həyata keçirdiyi torpaq islahatı Azərbaycan kəndlisinin çoxəsrlik arzusunu reallaşdırdı, onları torpağın həqiqi sahibinə çevirdi. . Heydər Əliyev fenomeni, tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyasına müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri çox yüksək qiymət veriblər. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin Heydər Əliyev haqqında söylədikləri fikirlər xalqımızın bu dahi oğlunun şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir. Moskva meri Yuri Lujkov "Biz Heydər Əliyevin həm öz xalqı üçün, həm də başqa xalqlar üçün gördüyü bütün işləri heç zaman unutmayacağıq", Amerika tarixçisi O.Aldstad "Bütün güclü şəxsiyyətlər kimi Heydər Əliyev hamını öz arxasınca apara bilir" - demişlər. Ulu öndərimizin parlaq, təkrarsız şəxsiyyətini səciyyələndirən bu sözlərdən hər bir azərbaycanlı haqlı olaraq hədsiz qürur və fəxr hissi duyur. Heydər Əliyev sanki dünyaya gələndə elə xalq üçün, onun səadətə yetişməsi üçün gəlmişdi. Haqqın, ədalətin bərpası, ölkənin inkişaf etdirilib sivil cəmiyyətə çevrilməsi üçün çəkdiyi minbir əziyyət onun tale yolu, ömür yolu olmuşdur. Ümummilli liderimiz əmanət olaraq xalqımıza zəngin maddi və mənəvi dəyərlər, siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş Azərbaycan qoydu. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" Heydər Əliyevin uzaqgörən neft siyasətinin ilk konturları oldu. Məhz bu müqavilədən sonra inkişaf etmiş dünya dövlətlərinin Azərbaycana, burada cərəyan edən proseslərə marağı artdı. Ölkədə uğurlu islahatların bünövrəsi qoyuldu. Dünya siyasətində nəhəng şəxsiyyət olan Heydər Əliyev qısa zaman kəsiyində ölkəmizi yetərincə tanıdaraq ona qarşı iqtisadi və siyasi maraqları artmışdır. Məhz ulu öndərimizin səyi, zəhməti sayəsində respublikamız sosial-iqtisadi inkişaf yoluna çıxdı. Heydər Əliyev dühasını, ucalığını, böyüklüyünü həmişə xatırlayacağıq. O, xalqımızın şəriksiz lideri olmaqla yanaşı, həm də ulu Tanrının bizə bəxş etdiyi nəhəng siyasi xadim, zamanın fövqündə dayanan dahi insan, bəşəri dəyərlərin daşıyıcısı idi. Azərbaycan-Heydər Əliyev əsrlər boyu qoşa səslənəcək. Çünki müstəqil Azərbaycan Respublikası Heydər Əliyevin şah əsəridir. Heydər Əliyevin ideyaları bu gün də yaşayır, reallaşır. Ulu öndərin siyasi kursu uğurla davam etdirilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərin qurduğu müstəqil Azərbaycanı daha qüdrətli dövlətə çevirməyə qadir olduğunu həyata keçirdiyi işlərlə sübut edir. Dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilib. Bu, hər birimizi fərəhləndirir, daha yaxşı çalışmağa ruhlandırır. 15 İyun Milli Qurtuluş günü münasibətilə xalqımızı təbrik edirəm. Arzu edirəm ki, Heydər Əliyevin davamçıları onun bütün istəklərini həyata keçirsinlər.

İlham Mirzəyev-Bərdə 28 saylı Yol İstismar İdarəsinin rəisi
Prezidentlə xanımı “Yanardağ”da

İyunun 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı əsaslı şəkildə təmir və bərpa olunan “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda olublar. 

 


 

“İsma Bikes”in mağazaları fəaliyyətini dayandırıb, istehsal isə…

Havalar isindikcə Bakıda velosiped sürənlərin sayı da artır. Paytaxtda velosiped yolu olmadığı üçün velosipedçilərə də daha çox bulvar ərazisində rast gəlmək mümkündür. Onlar ən çox xaricdə istehsal edilən velosipedlərə üstünlük verirlər. Ancaq…

2016-cı ilin avqustunda İsmayıllının Diyallı kəndi ərazisində “İsma Bikes” velosiped istehsalı zavodunun açılışı oldu. Açılışına prezident İlham Əliyevin də qatıldığı zavodun istehsal gücünün ildə 20-30 min velosiped olduğu bildirildi. Zavod haqqında məlumatda qeyd olunurdu ki, müəssisə Bolqarıstan, Danimarka, Niderland, Çin və Türkiyə istehsalı olan avadanlıqlarla təchiz edilib və zəruri infrastrukturu ilə Qafqazda yeganə olan bu zavodun məhsulları yüksək keyfiyyəti ilə seçiləcək. İddialara görə, bu biznes sabiq vergilər naziri Fazil Məmmədovun nəzarətindədir.

Bəs hazırda bazarda “İsma Bikes” velosipedlərinə rast gəlinirmi?

“Yeni Müsavat”ın reportyor qrupu olaraq “İsma Bikes” axtarışına çıxıb, şəhərdə bir neçə velosiped mağazasına baş çəkdik. Mağazalarda olduğumuz zaman maraqlı məlumatlar əldə etdik.

Əvvəlcə onu qeyd edək ki, Bakının kənar ərazilərində, bazarlarda satılan velosipedlərin əksəriyyəti Çin istehsalıdır. Böyüklər üçün olan (26-lıq) bu velosipedlərin qiyməti əsasən 180 manatdan başlayır. Uşaqlar üçün olan velosipedlər isə 30 manatdan başlayaraq, formasına və keyfiyyətinə görə bir neçə manat bahalaşan qiymətlə satılır. Bu mağazaların heç birində “İsma Bikes” velosipedlərinə rast gəlmədik. Satıcılar bildirdilər ki, belə velosipedlər yerli istehsal olsa da, qiyməti olduqca bahadır. Ona görə də satmaq sərf eləmir. Satıcılar onu da qeyd etdilər ki, Bakıda velosiped yolu olmadığı üçün Çin istehsalı olan mallar belə zəif satılır. Satıcı Rəhman Bayramov aşağıdakıları söylədi:

“Paytaxtda velosipedi olanlar belə sürməyə yer tapmırlar. Çünki illərdir velosiped yolunun çəkiləcəyi ilə bağlı xəbərlər yayılsa da, nəticə görünmür. Ona görə də camaat velosiped almır. Ən çox satdığımız uşaq velosipedləridir. Böyüklər üçün olan velosipedləri alanlar da elə yeniyetmələrdir. Birinci küçəni çəkmək lazımdır, sonra velosiped istehsalı ilə məşğul olmaq gərəkdir. Biz bildiyimiz qədərilə Bakıda ”İsma Bikes”in 2 mağazası olub. Onlar da hazırda işləmir. Həmin mağazalardan biri Heydər Əliyev prospektində, düz yolun kənarında yerləşirdi. Elə bir yer idi ki, avtomobili saxlamaq mümkün deyildi. Magistral yolun kənarında bu cür mağazanın effekti olmur. Hazırda həmin mağaza bağlanıb. İkinci mağaza da metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşirdi. Orada da iri mağaza var idi. Bu ildən həmin mağaza da fəaliyyətini dayandırıb”.

Deyilən faktı yoxlamaq üçün Heydər Əliyev prospektinə yollandıq. Öyrəndik ki, doğrudan da “İsma Bikes”in mağazası fəaliyyətini dayandırıb. Mağazanın yerləşdiyi obyekt isə icarəyə çıxarılıb.

“İsma Bikes”in sosial şəbəkələrdə də səhifələri mövcuddur. Həmin səhifələrdə qoyulan nömrələrlə əlaqə saxlamağa çalışdıq. Lakin heç bir nömrəyə zəng çatmadı. Bundan əlavə, zavodun saytı da tam işlək vəziyyətdə deyil. Satıcılardan öyrəndik ki, Azərbaycana gətirilən velosiped detallarına heç bir gömrük rüsumu tətbiq edilmir. Yəni ölkəyə gətirilən velosiped detallarının fantastik dərəcədə bahalaşması üçün real səbəb yoxdur. “İsma Bikes” velosipedləri də xaricdən gətirilən detallar əsasında İsmayıllıda yığılırdı. Lakin buna baxmayaraq, velosipedlərin qiyməti xaricdən gətirilən brend məhsullardan heç də ucuz deyildi. Bu velosipedlər 250 manatdan başlayaraq, 700-800 manata qədər dəyişən qiymətlərlə satılırdı. “Gənclik Mall”da xaricdə istehsal olunan velosipedlər satılır. Onlardan bəzilərinin qiymətlərini təqdim edirik.

Fazil Məmmədov İSMA ile ilgili görsel sonucu

Məsələn, Fransa istehsalı olan velosipedlərin qiyməti 650 manatdan başlayır. Almaniya istehsalı olan velosipedlərin ən ucuzunu 1200 manata əldə etmək olar. Mağazadakı mütəxəssislər bildirdilər ki, qiymətlər əsasən materiala (alüminium) görə dəyişir. Almaniya velosipedlərinin baha olmasının səbəbi də məhz materialın keyfiyyətli olmasıdır. Bildirdilər ki, onlar yerli istehsalın satışına yer vermirlər. Ona görə də İsmayıllıdakı zavodun istehsalı barəsində məlumatlı deyillər.

Qısa olaraq qeyd edək ki, velosipedin gövdəsi alüminiumdan düzəldilir. Mağazalarda velosipedin keyfiyyəti ilə maraqlanan zaman satıcılar adətən “model 6 minlik, 7 minlik alüminiumdan hazırlanıb”, – deyə bildirirlər. 7 minlik alüminiuma sink və maqnezium (qismən mis) də qatılır. Bununla da pasa qarşı müqavimət artır. Alüminiumun 6000-lik ərintisinə isə silisium və maqnezium qatılır. Bunlarda isə pasa qarşı müqavimət aşağıdır. Deyilənə görə “İsma Bikes”də məhz yüksək səviyyəli alüminiumdan hazırlandığı üçün qiymətləri yüksək olub.

Bəs yerli malı haradan əldə etmək olar? 30 min velosiped hara getdi?

Bu ilin aprel ayında İSMA brendinin daxil olduğu “Synergy Group”un Marketinq direktoru Murad Mirzəyev marja.az saytına bildirib ki, Hazırda İSMA velosipedlərinin satışı zavodun dilerləri vasitəsilə həyata keçirilir: “20 Yanvar” metrostansiyası yaxınlığında yerləşən mağazamızın fəaliyyətini dayandırması ünvanın dəyişdirilməsi ilə bağlıdır. Yeni əlverişli yer müəyyən edildikdən sonra mağaza yeni ünvanda, yeni konseptdə fəaliyyətini bərpa edəcək. Heydər Əliyev prospektindəki İSMA mağazası isə dilerə məxsus idi. Dilerin verdiyi məlumata görə, həmin ünvan satış üçün əlverişli olmadığından bağlamaq qərarı verib”.

Murad Mirzəyev əlavə edib ki, hazırda İSMA velosipedlərinin satışı ilə Bakı şəhərində “Maqnit” mağazalar şəbəkəsi, regionlarda isə dilerlər məşğul olurlar: “Mağazanın anbarında olan velosipedlər ”Maqnit” mağazalar şəbəkəsinə təhvil verilib. Bu da bizə imkan verir ki, yeni konsepsiya, satış planları və ünvanların seçilməsi barədə rahat düşünək”.

Murad Mirzəyev bildirib ki, İsmayıllı Velosiped Zavodu fəaliyyətini dayandırmayıb.

Onu da qeyd edək ki, zavodun saytında verilən məlumata görə, “İsma Bikes”in Sumqayıt, Bərdə, Naxçıvan, Xaçmazda da dilerləri var.

“Heydər Əliyevin Gəncəyə getməsi fədakarlıq idi”













“15 İyun Qurtuluş Günü millətin, dövlətin tarixində ən əhəmiyyətli günlərindən biridir. Məhz bu gün ümumilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda rəhbərliyə qayıtdı və o vaxtkı məclisin sədri seçildi. Bundan sonra isə Azərbaycanda həmin dövrdə başlamış vətəndaş müharibəsinin qarşısı alındı və dövlətçiliyin itirilməsi təhlükəsindən Azərbaycan xalqı xilas oldu”.

Bu fikirləri açıqlamasında bildirib ki, Milli Məclisin deputatı Musa Quliyev 15 İyunla bağlı danışarkən deyib. 

M. Quliyev qeyd edib ki, Azərbaycan öz müstəqilliyini 1991- ci ilin oktyabr ayında əldə etsə də, təəssüf ki müstəqilliyin ilk illəri xalqımız üçün çox ağır keçdi:

“O zaman dövlət rəhbərliyində olan Ayaz Mütəllibov, Əbülfəz Elçibəy hakimiyyəti dövründə xalqın arzuladığı dövləti biz qura bilmədik. Burada xarici təsirlərin də, Qarabağ müharibəsinin də rolu var idi. Ən əsası isə hakimiyyətdə olan şəxslərin xalqın etimadını tam qazana bilmədi, vahid komanda olmadı. Məhz vahid komandanın olmaması səbəbindən də 1993- cü ilin əvvəllərindən başlayaraq Azərbaycanda çox ciddi şəkildə dövlətçiliyin dağılması prosesi başlandı. Xüsusilə Kəlbəcər işğal olunduqdan sonra Azərbaycanda demək olar ki, hərbi özbaşınalıq, siyasi böhran başladı. Bu hərbi siyasi böhranın da zirvəsində Sürət Hüseynov və onun rəhbərlik etdiyi post dayandı. Sürət Hüseynov Xalq Cəbhəsi hakimiyyətinin yaratdığı və qəhrəman titulu verdiyi, Nazirlər Sovetinin müavini, deputat və Azərbaycan prezidentinin Qarabağ üzrə şəxsi nümayəndəsi idi. Amma təəssüf olsun ki vahid komandanın olmaması, prezident Əbülfəz Elçibəyin idarəçilik üsulunun sisteminin həmin dövrə uyğun olmaması hər vəzifəli şəxsin özünün komandasının formalaşmasına gətirib çıxardı. Rəhim Qazıyevə, Sürət Hüseynova tabe olan olan ayrı-ayrı qüvvələr var idi. Əlikram Hümbətovun, İsgəndər Həmidovun, İsa Qəmbərin öz qüvvələri var idi. Bütün bunlar hamısı ölkədə qarşıdurmaya, vətəndaş müharibəsi həddinə gətirdi. Buna görə də Gəncədə qan töküldü. Xalqın təkidi və tələbi ilə, prezident Əbülfəz Elçibəyin də xahişi ilə də Heydər Əliyev Bakıya gəldi. Milli Məclisdə çıxış etdi, sonra Gəncəyə getdi. Əslində Heydər Əliyevin Gəncəyə getməsi özü bir şəxsi fədakarlıq idi. Həmin dövrdə Sürət Hüseynovun ətrafında olduqca başıpozuq bir dəstə var idi. Xüsusən də dəstədə cinayətkar ünsürlər var idi. Heydər Əliyev Gəncədəki vəziyyəti öyrəndikdən sonra gəlib Milli Məclisdə çıxış etdi və nəhayət bu ağır missiyanı öz üzərinə götürdü. 

Təəssüf ki həmin dövrdə Heydər Əliyevin özünün vahid komandası yox idi. Çünki seçki ilə Yeni Azərbaycan Partiyası hakimiyyətə gəlməmişdi. Elçibəy də Kələkiyə çıxıb getdi. İdarəetmənin bütün ağırlığı Heydər Əliyevin çiyinlərinə düşdü. Heydər Əliyev böyük bir xalq qarşısında misilsiz bir xidmət göstərdi və birinci vətəndaş müharibəsinin qarşısını aldı. Azərbaycanı parçalanmaqdan qorudu. 

Çünki o dövrdə təkcə Gəncə hadisələri bir problem deyildi. Eyni zamanda, şimalda emissarların gəlib getməsi ölkəmizdə ciddi narahatçılıq törətmişdi. Bundan əlavə, Əlikram Hümbətov özünün hərbi dəstələriylə cənubda qondarma Talış Muğan Respublikası elan etmişdi. Heydər Əliyev bütün bunların öhdəsindən təkbaşına müdrik siaysəti ilə gəldi. Azərbaycanı parçalanmaqdan xilas etdi”.

Onun sözlərinə görə, müasir Azərbaycanın bünövrəsi məhz 15 İyundan sonra qoyulmağa başlanıldı: “ Sonrakı dövrlərdə isə Heydər Əliyev ölkədə tam siyasi ictimai sabitlik yaratdı. Dövlət quruldu, Konstitusiyamız qəbul olundu. Azərbaycanın bugünkü inkişafının bünövrəsi məhz bu tarixdən qoyulub. Həmçinin qeyd edim ki, 1993- cü ildən götürüləsi ibrət dərsləri də var. İlk növbədə dövlət başçısı öz xalqına arxalanmalıdır. Xalqın dəstəyi olmadan heç bir şəxs hakimiyyətə gələ bilmir. İkincisi, əgər hər hansı bir hərbi dəstə qiyam qaldırmışdısa, onu yatırmaq adı ilə qeyri-qanuni şəkildə hərbi hissəni ora göndərmək bir cinayət idi. Bu cinayəti də sonra o dövrün baş naziri Pənah Hüseynov də öz məqaləsində etiraf etdi. Heydər Əliyev dəfələrlə söyləyib ki, müstəqilliyi əldə etmək çətindir, ancaq qorumaq ondan qat-qat çətindir. Dövlətçiliyi, vətən, milli birliyi qorumaq hər birimizin müqəddəs borcudur”.

Fuad Abbasov niyə buraxılmır? – Aclıq aksiyası davam edir














Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan azərbaycanlı jurnalist Fuad Abbasov haqqında çıxarılan deportasiya qərarı hələ də icra edilməyib.

Fuad Abbsovun ailəsinin BAKU.WS-ə verdiyi məlumata görə, o buna etiraz olaraq başlatdığı aclıq aksiyasını 4 gündür davam etdirir.

Məlumata görə, jurnalistin səhhəti, qərarın niyə icra olunmadığı və hələ də orada saxlanılmasının səbəbi barədə ailəsinə dəqiq məlumat vermirlər.

Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
 
Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı













“Türkiye gazetesi”nin yazarı Fuad Uğur 2016-cı il iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhdi təşkil etməkdə ittiham olunan FETÖ lideri Fətullah Gülənin intihara cəhd etməsi ilə bağlı məlumat yayıb.

Müəllif “Fətullah Gülən niyə intihara cəhd etdi?” başlıqlı yazısında Gülənə aid olduğunu iddia etdiyi əl şəklinə də yer verib.

Onun sözlərinə görə, FETÖ-də Güləndən sonra ikinci şəxs olan, təşkilatın ABŞ-dakı kəşfiyyatının rəhbəri Mustafa Özcan onun tapşırıqlarına məhəl qoymayıb, buna görə də tərəflər Ramazan ayından öncə ciddi mübahisə ediblər: “Fətullah Gülən hər şeyin əlindən gedəcəyindən qorxaraq son oyununu oynamaq qərarına gəlib. O, öz ölümünün təşkilatın dağılması mənasına gəldiyini çox yaxşı bildiyindən Mustafa Özcanı özünü öldürməklə şantaj edib. Gülən bunu daha öncə də etdiyindən Özcan onun sözlərini ciddi qəbul etməyib.”.

Daha əvvəl FETÖ-də mühüm səlahiyyətləri icra etmiş Ümid Akdemirin verdiyi məlumatları yazısında qeyd edən F.Uğur Gülənin çoxlu sayda dərman içdiyini ehtimal edir:

“Lakin əldə etdiyim sonuncu məlumat inanılmazdır. Fətullah Gülən dediyini edib və intihara cəhd edib, son anda xilas edilib. Ümitə göndərilən aşağıdakı foto intihardan qurtarılan Fətullahın əlidir. Onun əlinə serum taxılıb və uzun müddət qaldığına görə göyərib.

Fətullah Gülən intihara cəhd edib? - Xəstəxanadan foto yayıldı











Bəs Gülən intihara necə cəhd edib? Bu, onun inancına zidd deyilmi? Axı intihar etmək başqasını öldürməkdən daha ağır bir günahdır”.

Uğur yazısında qeyd edib ki, hadisədən müəyyən müddət sonra Gülənin Ramazan bayramı münasibətilə çıxışı yayımlanıb. Adətən 35-40 dəqiqə davam edən ənənəvi çıxışı bu dəfə 5-6 dəqiqə gedib. O, ağappaq paltarda efirə çıxıb.
Adil Şirinov Rusiyada daha bir şirkətin rəhbəri oldu


Rusiyada fəaliyyət göstərən “Ford Sollers” və “UAZ” birgə müəssisəsinin baş direktoru Adil Şirinov “Aurus” avtomobilinin istehsalçısı “Aurus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) rəhbəri vəzifəsinə təyin edilib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, o, iyunun 1-dən yeni vəzifəsini icra edir. Şirinov bu postda Herhard Hilqerti əvəzləyib. Hilqert 2018-ci ildən şirkətə rəhbərlik edib.

Adil Şirinovun əsas prioritet planı “Aurus” avtomobil seriyasının istehsalını təşkil etməkdir. 2021-ci ildən bu istehsal ildə 5000 avtomobil olmalıdır.

Qeyd edək ki, 1964-cü ildə Bakıda doğulan Adil Şirinov 1990-cı ildən etibarən Rusiyanın avtomobil sənayesində ən yaxşı mütəxəssislərdən biri hesab olunur.
 
Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI



Azərbaycanda məmurların böyük var-dövlətə sahib olmaları artıq kimsə üçün sirr deyil. Amma bəzi məmurlar var ki, onların sahib olduqları milyonlar deyil, milyardlarla ölçülür. Onların bu “fərasət”inə hətta Bill Qeyts belə həsəd apara bilər.

Araşdırmaçı jurnalist Cavanşir Həsənli bu dəfə keçmiş Vergilər Naziri Fazil Məmmədovun var-dövlətinin siyahısını təqdim edib. Son məlumata görə, Məmmədovun Almaniyadakı biznesi çöküb. Düsseldorfdakı klinikası bağlanıb, tikinti və daşınmaz əmlak şirkətləri bir-birinin ardınca qapadılır.

Keçmiş nazir faktiki olaraq Almaniyadakı 20 illik fəaliyyətinə son qoyub. Heç İngiltərərədəki işləri də o qədər uğurla getmir. Biznesdən demək olar ki, elə də anlayışı olmayan kürəkəni Əbdül Əliyev Avropada milyonları küləyə verib. İndi qalan bütün resurslarını yeni layihəyə yönəldib

Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI


Selcan Xatun Məmmədova – Əbdül Əliyev 

Əbdül Əliyev iki il əvvəl Fazil Məmmədovun qızı Selcan Xatun Məmmədova ilə ailə qurub, faktiki olaraq bu evlilik ərəfəsində sabiq nazirin yeznəsi Avropada bir-birinin ardınca şirkətlərə sahib olmağa başlayıb. Əbdül Əliyevin atası Namiq Əliyev vergilər nazirinin müavini vəzifəsində çalışıb. Mətbuatın yazdığına görə Namiq Əliyev həm də Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovla qudadır. Namiq Əliyev nazir müavini postuna təyin olunmamışdan əvvəl 1991-ci ildən Respublika Prokurorluğunda prokurorun köməkçisi və digər vəzifələrdə çalışıb.
Jurnalist Fazil Məmmədovun kürəkəninin İngiltərədəki biznesi haqda məlumat toplayıb. 1990-cı il təvəllüdlü Əbdül Əliyev Birləşmiş Krallıqda nə az-nə çox, 8 şirkət qeydiyyatdan keçirib və onlardan 6-sı hal-hazırda fəaliyyətdədir.

Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI


Namiq Əliyev 

1. OPTIMET FINISHING LIMITED

Əbdül Əliyev nazirin qızı ilə toy hazırlığı ərəfəsində, 11 may 2017-ci il tarixdə Londonda qeydiyyatdan keçirib. Hazırda fəaliyyətdədir. Metalların işlənməsi və boyanması ilə məşğuldur. 4 Bank Court, Weldon Road, Loughborough, Leicestershire, United Kingdom ünvanında yerləşir. Ortaqları İngiltərə vətəndaşları, 1958-ci il təvəllüdlü Colin Rodney Keal və 1991-ci il təvəllüdlü Oliver Charles Keal-dır. Şirkət qeydiyyat nömrəsi 10764747-dir.

2. BRIDGE STREET RESTAURANT LIMITED

2017-ci ilin 27 yanvar tarixindən fəaliyyət göstərir. Adından bəlli olduöu kimi restoran biznesi ilə məşğuldur. Əbdül Əliyevin şəriki 1962-ci il doğumlu İngiltərə vətəndaşı James Murray STOREY-dir. Keçmiş nazirin restoran biznesindən qətiyyən anlayışı olmayan kürəkəni bütün sərmayəni öz üzərinə götürüb, James STOREY-i də özünə şərik edib ki, restoranı idarə etsin. Üstəlik 2017-ci ilin mayın 11-də Britaniyanın Barclays bankına müraciət edərək ordan kredit götürüb. Söhbət 208 min 803 funt sterlinqdən gedir. Cənab ingilis Əbdül Əliyevin restoranından başqa daha 6 restoran idarə edir, öz işinin ustasıdır, mütəxəssisdir, 1 il 7 ayın içində Əbdül Əliyevin atasının və qaynatasının vergidən yağmaladıqları hesabına restorana qoyduğu sərmayəni batırıb. 2018-ci ilin 13 avqustunda BRIDGE STREET RESTAURANT LIMITED şirkətini idarə edən CFS Restructuring LLP menecment şirkəti adından Andrew J Cordon və Richard Albert Brock Saville məhkəməyə iflasla bağlı müraciət veriblər. 12 fevral 2019-cu il tarixdə təqdim edilən maliyyə arayışına görə, şirkətin hazırda 1 milyon 384 min 526 funt sterlinq borcu yaranıb.

15 oktyabr 2018-ci ildə iflasla bağlı təqdim edilən arayışa görə Əbdül Əliyev şirkəti tam müflisləşməkdən xilas etmək üçün satıb. Halbuki 31 yanvar 2018-ci il tarixli maliyyə hesabatına görə restoranın həmin dövrə qədərki son 11 aylıq dövriyyəsi 1.44 milyon funt sterlinq təşkil edib. Lakin şirkətin xərcləri o qədər şişirdilib ki, nəticədə maliyyə ili 552 min funt sterlinqlə başa vurulub. Hətta bundan sonrakı 4 ay ərzində şrkətin dövriyyəsi artaraq 509 min funt sterlinq təşkil etsə də, xərclər hissəsi də artırılaraq 116 min funt sterlinq göstərilib.

Sabiq vergilər nazirinin kürəkəninin restoranı Randall Aubin adlanır və Londonda Soho, Brewer Street 14- 16 ünvanında yerləşir. İngilis-fransız şirkəti olub, 1911-ci ildən fəaliyyətdədir. 2017-ci ildə restoran Fazil Məmmədovun BUTA HOSPITALITY LEISURE LIMITED şirkəti vasitəsilə satın alınır və nazirin kürəkəninin digər şirkətinə – BRIDGE STREET RESTAURANT LIMITED-ə icarəyə verilir. Satış razılaşmasına əsasən Əbdül Əliyev restoranın tarixi adını saxlamalı olur. Restoran Əbdül Əliyevə 1.04 milyon funt sterlinqə başa gəlib. Bu qədər sərmayə və dövriyyəyə baxmayaraq şirkətin təqdim etdiyi iflas arayışında qeyd olunur ki, restoranın fəaliyyətinin davam etdirilməsi üçün vəsait yetərsizdir və əlavə mənbələr tapma imkanları yoxdur. Beləliklə Əbdül Əliyev BRIDGE STREET RESTAURANT LIMITED şirkətini və restoranı satmaq üçün John Pye Sohns Limited agent şirkətinə müraciət edib.

3. VERSO INVESTMENTS LIMITED

Sabiq nazirin kürəkəni bu şirkəti daha əvvəl, yəni 2016-cı ili dekabrın 6-da İngiltərə vətəndaşları Alexander KEAL və Oliver Charles KEAL-la birlikdə qeydiyyatdan keçiriblər. Qeydiyyat ünvanı 14-16 Brewer Street, London, şəhadətnamə nömrəsi 10512328-dir.

4. GROCR HOLDINGS LIMITED

Əbdül Əliyevin britaniyalı Oliver Kealla birlikdə bu şirkəti 2015-ci ilin 19 mayında 09598165 saylı şəhadətnamə ilə qeydiyyatdan keçirib. Qeydiyyat ünvanı Manchester, Knott Mill, Jordan Street 2 göstərilir. Şirkət ərzaq, içki və tütün məmulatlarının satışı ilə məşğul olub. 2017-ci il 31 may tarixinə aid sənədlərdə şirkətin sərmayə fondunun 106.112 funt sterlinq olduğu qeyd edilib.

Bu il aprelin 30-da şirkətin ləğv edilməsi ilə bağlı rəsmi müraciət olunub.

Yeri gəlmişkən bu şirkət açılarakən sənədlərdə Əbdül Əliyevin qeydiyyat ünvanı Bolsover street 50 göstərilib. Bu ünvanda üçotaqlı evlərin qiyməti 2 milyon funt sterlin civarındadır.

5. BUTA HOSPITALITY LEISURE LIMITED

Fazil Məmmədovun kürəkəninin və İngiltərə vətəndaşı James Morray Storey 29 oktyabr 2014-cü ildə qeydiyyatdan keçirdikləri şirkət otel və restoran xidməti ilə məşğuldur. Britaniyalı şərik 2018-ci il avqustun 1-dən aralarındakı narazılıqdan dolayı (BRIDGE STREET RESTAURANT LIMITED şirkəti və Randall Aubin restoranı ilə bağlı) ortaqlıqdan çıxıb.

Şəhadətnamə nömrəsi 09286597-dir. Bu şirkətin hüququi ünvanı da Manchester, Knott Mill, Jordan Street 2 olaraq qeyd olunub.

6. BUTACARE LIMITED

Şirkət 2014-cü il iyulun 25-də qeydiyyatdan (şəhadətnamə nömrəsi 09147141) keçirilib. Bu şirkətdə Əbdül Əliyevin kompanyonu 1979-cu il təvəllüdlü britaniyalı Mark Alexander BOOTH-dur. Çirkətin fəaliyyət sahəsi qocalara və əngəllilərə evlərində qulluq göstərilməsidir. Yəni bu xidməti Fazil Məmmədovun xeyriyyəçiliyi kimi qəbul etməyin. Belə xidmətlər Avropa ölkələrində şirkətlər tərəfindən kommersiya məqsədilə həyata keçirilir və dövlət bu işə böyük vəsaitlər ayırır. Əbdül Əliyev bu ilin martın 13-də bu şirkət üzərindən də Barclays Security Trustee Limited vasitəsilə Barclays Bankdan kredit götürüb.

7. BUTAROSE LIMITED

Bu şirkət sabiq nazirin kürəkəninin Londonda açdığı ilk şirkətdir. 2014-cü il fevralın 14-dən fəaliyyətdədir. Yəni Britaniyada ortaqları Oliver Charles KEAL və Oliver James WOLFE ilə birlikdə biznesə girişərkən (əslində britaniyalılar şirkəti idarə etmək üçün direktor qismində cəlb olunublar) onun cəmi 24 yaşı vardı.

2016-cı il maliyyə sənədlərinə görə, şirkətin nəqd vəsaitləri 806 min 231 funt sterlinq təşkil edib. Lakin 2018-ci ildə lizinq müqavilə imzalaması ilə əlaqədar şirkətin nəqd azalaraq 350 min 122 funt sterlinqə düşüb. Ümumi aktivləri və kapital rezervləri 946 min 361 funt sterlinq təçkil edib. 31 yanvar 2018-ci ildə bağlanan lizinq müqaviləsi 1 milyon 718 min 193 funt sterlinq həcmindədir.

8. OKAA PROPERTY LIMITED

Belə görünür Fazil Məmmədovun kürəkəninin Almaniyadakı şirkətlərini bağlaması və Britaniyadakı iki şirkətin fəaliyyinə son vermək qərarı, Londondakı restoranını satması səbəbsiz deyilmiş. Əbdül Əliyev əvvəlki işlərində bacarıqsızlığına və uğursuzluqlarına baxmayaraq, Britaniyada böyük biznes planını həyata keçirməyə başlayıb. Köhnə dostu Oliver Charles Kealla birlikdə bu ilin aprelin 9-da qeydiyyatdan keçirdiyi OKAA PROPERTY LIMITED şirkəti onun indiyədək fəaliyyət göstərmədiyi sahədə – biznes mərkəzlərinin tikintisi və idarəçiliyi sahəsində fəaliyyət göstərəcək.

Yeni şirkətin qeydiyyat nömrəsi 11928737, ünvanı 4 Bank Court, Weldon Road, Loughborough, Leicestershire-dir. Şirkətin ilk maliyyə hesabatı 2020-ci ilin aprelin 30-da təqdim olunacaq.

9. ALSA GmbH 

Bu şirkət 6 noyabr 1990-cı il təvəllüdlü Əbdül Əliyevin Almaniyadakı ən əsas şirkəti sayılır. Alsa GmbH 22 sentyabr 2009-cu ildə Düsseldorf ədliyyəsində HRB61809 şəhadətnamə nömrəsi ilə qeydiyyata alınıb. Təsəvvür edirsinizmi, 19 yaşında biznes nədir, həyatın özünü belə dərk etməyən gənc o zaman vergilər nazirinin müavini olan atasının sayəsində (əslində şirkət Fazil Məmmədova aid olub, keçmiş nazir müxtəlif şəxslərin adına açdığı digər şirkətlər kimi Almaniyadakı şirkətləri öz müavininin oğluna etibar edib və sonradan qohumluq əlaqələri yaranıb) Avropada 1 milyon 957 min 593 avro kapitala malik olan şirkətə sahib olur. Bu qədər sərmayənin qarşılığında şirkət 2011-2014-cü illərdə 650 min avroya yaxın zərərlə fəaliyyət göstərib, yalnız 2015-17-ci illərdə ümumilikdə 73 min avro civarında gəlir əldə edib. Yəni vəsaitlər göyə sovrulub. Bu ilin fevralın 27-də şirkətin ləğv olunması üçün Düsseldorf ədliyyə idarəsinə müraciət olunub.

Şirkət öz fəaliyyəti dövründə digər şirkətlər açmaq, yaxud iştirak payını təmin etmək üçün əlavə milyonlarla avro vəsait xərcləyib.

Əvvəllər Düsseldorf şəhərinin Stadttor 1 ünvanında, 2017-ci il avqustun 28-dən isə həmin çəhərin Grafenberger Allee 277-287 ünvanında fəaliyyət göstərib. Müxtəlif vaxtlarda Sürek Tokay, Fazlica Ragip, Oguz Savaş und Tiras Taner tərəfindən idarə olunub. 14 aprel 2016-cı ildən isə KTR Immobilien und Bau GmbH Co. KG tərəfindən yönəldilib. Nizamnamə kapitalı 25 min avro təşkil edib. İlk direktorları 1983-cü il təvəllüdlü Azərbaycan vətəndaşı Hüseyn Sadıqov və 1965-ci il təvəvllüdlü Almaniya vətəndaşı Sürek Koray olub. Sürek Koray Fazil Məmmədovun Almaniyada biznes tərədaşı olmuş ilk şəxsdir və cənab Koray sonradan bu əlaqələr hesabına xeyli işlər görür. Fazil Məmmədovun Almaniyadakı biznesinə yeni isimlər, Fazlica Ragip, Oguz Savas, Tiras Taner da cəlb olunurlar.

10. KTR IMMOBILIEN UND BAU GMBH CO. KG

Adından göründüyü kimi tikinti və daşınmaz əmlaq biznesi sahəsində fəaliyyət göstərib, torpaq sahələrinin, binaların, mənzillərin satışı ilə məşğul olub. Əvvəllər sadəcə KTR Immobilien GmbH Co. KG adlanıb, Fazil Məmmədov tərəfindən alınıb. Şirkət Düsseldorf ədliyyəsində ALSA GMBH ilə birlikdə 2009-cu il sentyabrın 22-də HRA 20690 saylı şəhadərnamə ilə yenidən qeydiyyatdan keçib. Keçmiş vergilər nazirinə aid Grafenberger Allee 277-287 ünvanında fəaliyyət göstərib.

2016-cı il aprelin 14-də TKS Holding GMBH-dən ayrılaraq ALSA GMBH-nin nəzarətinə keçir. Həmin il dövriyyəsi 216.460 avro təşkil edib. 20 noyabr 2018-ci ildə şirkət ləğv olunur.

11. TKS HOLDING GMBH, DÜSSELDORF

Bu şirkət 2008-ci ilin yanvarında yaradılıb, türk əsilli Koray Sürəkə məxsus olub və Sürek Consulting GmbH Co. KG şirkəti tərəfindən idarə olunub. 2009-cu ilin sentyabrın 10- da Fazil Məmmədov tərəfindən alınıb, nizamnamə kapitalı 25 min avro olmaqla Düsseldorf ədliyyəsində HRB 61767 saylı şəhadətnamə ilə yenidən qeydiyyatdan keçib, Stadttor 1, 40219 Düsseldorf ünvanında yerləşib. Lakin şirkətin idarəçiliyi Koray və Tokay Süreklərə həvalə olunub. 2015-ci ildə aktivləri 660 min379 avro olub.2018-ci il fevralın 7-də şirkətin iflası ilə bağlı hüquqi prosedurlara başlanıb. Bu şirkət üzərindən AZ Medical Service GmbH Co. KG və Az Warenhandelsgesellschaft Gmbh Co. Kg şirkətləri idarə olunub.

Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI


Koray Sürək

12. AZ MEDICAL SERVICE GMBH CO. KG 

2009-cu il avqustun 7-də 25 min avro nizamnamə kapitalı ilə Düsseldorf ədliyyəsində qeydiyyatdan keçirilib (qeydiyyat şəhadətnaməsi: HRA 20651). Şirkət Az Medikal klinikası açıb və onu idarə edib. Şirkət tibbi müayinə və müalicələrin aparılmasını, cərrahiyyə əməliyyatlarını həyata keçirməklə yanaşı, Almaniyaya gələn əcnəbi müştərilər üçün (əsasən Azərbaycan, Türkiyə və keçmiş sovet respublikaları) otel, tərcüməçi, avtomobil kirayəsi və müşayiət olunması xidməti göstərib. Düsseldorf şəhərində Fazil Məmmədova məxsus Stadttor 1 ünvanında yerləşən binada fəaliyyət göstərib. 2016-cı ildə aktivləri 183 min 809 avro olub. Ötən ayın 7-də şirkətin bağlanması ilə bağlı rəsmi orqanlara müraciət olunub.

13. AZ WARENHANDELSGESELLSCHAFT MBH CO. KG

Şirkət 2010-cu il iyunun 8-də Düsseldorf ədliyyəsində 25 min nizamnamə kapitalı və HRA 21065 saylı çəhadətnamə ilə qeydiyyatdan keçib, Stadttor 1 ünvanında fəaliyyət göstərib. Şirkətə aid Azərbaycan, rus və alman dillərində olan rəsmi veb saytda qeyd olunur ki, şirkət malların satın alınmasını, Azərbaycana çatdırılmasını və bütün gömrük prosedurlarının həll edilməsini həyata keçirir. Şirkətin tərəfdarları kimi Britaniyanın Moran`s Wood Components LTDŞ Almaniyanın Hübner Lee GMBH və Yunanıstanın Tepostone LTD şirkətlərinin adı şəkilir. 2015-ci ildə şirkətin dövriyyəsi 138 min avro olub. Şirkət 22 avqust 2018-ci ildə ləğv olunub.

Koray Sürək tərəfindən idarə olunan digər şirkətlər bunlardır:

• Susa İmmobilien und Beteiligungen Gmbh (2011-ci il yanvarın 26-dan fəaliyyətdə olub, əvvəlcə Düsseldor : Stadttor 1 ünvanında, daha sonra Aachen şəhərində yerləşib)

• Navigar İmmobilien Gmbh (22 avqust 2009-cu ildə yaradilib, bu il martın 26-da ləğv edilib. İllik dövriyyə 1 milyon avro civarinda olub)

• Innovade High Tech Solutions Consulting Gmbh

• Farlum Immobilien und Beteiligungs Gmbh (2010-cu il sentyabrın 14-də qeydiyyatdan keçib, Grafenberger Allee 277-287 ünvanında fəaliyyət göstərir)

• Ormic Beteiligung und Immobilien Gmbh (Frankfurt şəhərində qeydiyyatdan keçib, aktivləri 2 milyon 280 min avrodur. Bir müddət Rövşən Quliyev və İradə İsmayılova adlı şəxslər tərəfindən idarə olunub.)

• Raza Beteiligungen und Betriebs Gmbh (2012-ci ilin avqustunda 25 min avro nizamnamə kapitalı ilə qeydiyyatdan keçib, ötən ilin yanvarında ləğv olunub)

Xatırladaq ki, bir müddət əvvəl Fazil Məmmədovun təkcə Synergy GROUP şirkətlər qrupuna daxil olan 25 şirkətinin siyahısı açıqlanmışdı:

1. “Synergy Group” MMC – baş müәssisә;

2. “AAC” MMC – inşaat materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 39%;

3. “Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) “Renaissance Construction Azәrbaycan” MMC – inşaat, birgә müәssisә, iştirak payı 50%;

4. “Azagro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;

5. “B.N.M.” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

6. “Cybernet” MMC – informasiya texnologiyaları, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

7. “Azorchid Hotels” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 70%;

8. “Caspian Coast Winery and Vineyards” MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) “Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;

9. “Khazar-Turizm” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

10. “Bestpack” MMC – poliqrafiya vә qablaşdırma, törәmә müәssisә, iştirak payı 100%;

11. “Caspian Agro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) “Azagroexport” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;

12. “Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;

13. “Shamkir City Hotels and SPA” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;

14. “Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) “Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;

15. “Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;

16. “Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;

1 “Synergy Group” vә onun Fәaliyyәti (davamı)

17. “Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;

18. “Synac” LLC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;

19. “Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;

20. “Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:

a) “Zәyәmkәndmaş” ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;

21. “Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;

22. “Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;

23. “Synergy Jet” MMC, – jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;

24. “Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;

25. “Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%;

Rusiya Federasiyasında fәaliyyәt göstәrәn “Tradehouse Caspian Coast Winery and Vineyards” MMC-dәn başqa, Qrupa daxil olan bütün şirkәtlәr Azәrbaycan Respublikasında fәaliyyәt göstәrir.Fazil Məmmədovun göz qamaşdıran var-dövləti – SİYAHI
Prezident İttifaqın nümayəndə heyətini qəbul edib — YENİLƏNİB













Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğulayıb. Bakının qədim tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd edib. Dövlət başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini qeyd edərək qonaqların sayının durmadan artdığını bildirib.

Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyer Bakıya gələn hər bir qonaqda buradakı inkişaf proseslərinin, tarixi və müasir tikililərin dərin təəssürat hissi doğurduğunu qeyd edib. O, Bakının beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilməsinin və infrastruktura qoyulan investisiyaların paytaxtımızın inkişafına böyük töhfə verdiyini vurğulayıb. Tomas Vonyer nümayəndə heyəti adından “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun keçirilməsi ilə bağlı göstərilən qonaqpərvərliyə görə Azərbaycan tərəfinə, o cümlədən Azərbaycan Memarlar İttifaqına minnətdarlığını bildirib. Qonaq Bakının inkişafı ilə bağlı əldə edilmiş nailiyyətlərlə əlaqədar təbriklərini dövlət başçısına çatdırıb.

Xoş sözlərə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Bakıda həyata keçirilən inkişaf prosesləri ilə yanaşı, tarixi irsin qorunması işinə də böyük diqqət verildiyini qeyd edib. Eyni zamanda dövlət başçısı Azərbaycanda əhalinin sayının artması ilə əlaqədar müvafiq infrastruktur layihələrinin də həyata keçirilməsinə böyük önəm verildiyini bildirib.

Sonda xatirə şəkli çəkdirilib.
***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonierin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

"Ölkə.Az"ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Fuad Abbasov aeroportdan geri qaytarıldı – Nə baş verir? – Təfərrüat













Rusiyada fəaliyyət göstərən jurnalist Fuad Abbasovun Bakıya deportasiyası yubanır.

Bu barədə Musavat.com-a məlumat verən vəkil Elman Paşayev bildirib ki, onda olan məlumata görə Fuad Abbasovu bu dəqiqələrdə hava limanından geri qaytarıblar.

Vəkil bu prosesin səbəbləri barəsində aşağıdakı versiyaları irəli sürüb: “Ola bilər ki, ona cinayət işi açıldığı üçün belə addım atılıb. Bir variant da var ki, Fuad Abbasov hansısa sənədləri unuda bilər. Ancaq bu versiya o qədər də inandırıcı deyil. Çünki əgər sənəd məsələsi olsaydı, bunun üçün başqa bir şəxsi də göndərmək olardı ki, lazımı sənədləri hava limanına gətirsin. Hələ ki, məndə olan məlumat budur ki, onu geri qaytarıblar”.

Oxu.az saytı isə məlumat yayıb ki, Fuad Abbasov özünün Moskvada, əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanmasına etiraz əlaməti olaraq aclıq aksiyası keçirir.

Sayta bu barədə məlumatı İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin Bakı Ofisinin nümayəndəsi Elçin Axundzadə verib.

Sayt yazır ki, Abbasov hüquq müdafiəçilərinə müraciət edərək bildirib ki, Moskva-Bakı reysi ilə aviabilet alaraq, Azərbaycana qayıtmağı planlaşdırıb. Lakin yolda olarkən onların avtomobili geri qaytarılıb və jurnalist saxlanılıb:

“Fuad Abbasov bildirib ki, əgər onun ölkədən deportasiya olunması barədə qərar qüvvədədirsə, o azad edilməli və Bakıya göndərilməlidir. Əgər deportasiya haqqında qərar qanunsuz elan edilibsə, bu halda onun əcnəbi vətəndaşların müvəqqəti saxlanma mərkəzində saxlanması qanuna ziddir. Bu səbəbə görə də Fuad Abbasov aclıq elan edib”.

Xatırladaq ki, jurnalistin ölkədən deportasiya edilməsi ilə bağlı apellyasiya şikayətinə baxılıb. Moskva vilayət Məhkəməsi Ximski şəhər Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Jurnalist mayın 16-da Moskva vilayətinin Ximki şəhərində saxlanılıb. Ximski Şəhər Məhkəməsi onun Rusiyada yaşamaq haqqında icazəsi ləğv olunmasına baxmayaraq, vaxtında ölkəni tərk etmədiyi üçün deportasiya olunması haqqında qərar çıxarıb. F. Abbasov hazırda Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılır.