Son xəbərlər

Avropa Şurasının prezidenti Donald Tusk Azərbaycana səfərə gəlib.

“Report” xəbər verir ki, Bakıya səfəri zamanı D.Tusk Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək, eləcə də Bakı Beynəlxalq Dəniz Limanını ziyarət edəcək.

Səfər zamanı ikitərəfli əməkdaşlıq, regional əməkdaşlığın genişləndirilməsi məsələləri, həmçinin “Şərq tərəfdaşlığı” proqramının gələcəyi müzakirə olunacaq.

D.Tusk iyulun 10-da Ermənistana, iyulun 11-də isə Gürcüstana səfər edəcək.

İyulun 11-də Avropa Şurasının prezidenti “Şərq tərəfdaşlığı”nın 10 illiyinə həsr olunmuş 16-cı Beynəlxalq Batumi Konfransının açılışında iştirak edəcək.

Nazir: “AXC Hökuməti Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və digər ölkələrdə diplomatik və konsulluq missiyalarına malik idi…”

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik xidmət orqanlarının 100 illik yubileyi ilə əlaqədar AzərTAc-a müsahibəsində Azərbaycan Xalq Cümhuriyyəti dövründəki diplomatik əlaqələrimizdən də söz açıb. Nazir bildirib ki, Azərbaycan diplomatiyasının bir əsrlik yolu barədə daha aydın təsəvvürün yaradılması üçün AXC-nin mövcudluğu zamanı Bakıda 16 dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa, Ukrayna və digər ölkələrin diplomatik missiyalarının fəaliyyət göstərdiyini yada salmaq olar.

“AXC hökuməti, öz növbəsində Gürcüstan, Ermənistan, Türkiyə, Ukrayna və digər ölkələrdə diplomatik və konsulluq missiyalarına malik idi. Hələ mən Paris Sülh Konfransındakı nümayəndə heyətimizi qeyd etmirəm. Hazırda isə Bakıda 66 ölkənin və 11 beynəlxalq təşkilatın diplomatik missiyaları fəaliyyət göstərir və eyni zamanda Azərbaycanın xaricdə 59 səfirliyi, beynəlxalq təşkilatların yanında 5 daimi nümayəndəliyi və 9 baş konsulluğu ölkəmizi təmsil edir”, – deyə XİN başçısı bildirib.

Burada xüsusilə də Ermənistandakı nümayəndəliyimizin olması məsələsi diqqəti çəkir. “Yeni Müsavat” məsələnin ictimaiyyətə də maraqlı olacağını nəzərə alaraq, həmin zaman Azərbaycanın Ermənistandakı nümayəndəliyi barəsində daha geniş məlumat verir.

Məhəmməd xan Təkinski ile ilgili görsel sonucu

Belə ki, Azərbaycan Xalq Cümhuriyyətinin diplomatiya tarixində ən gərgin münasibətləri, şübhəsiz ki, Ermənistanla olub. Hələ müstəqillikdən öncə erməni silahlı dəstələri indiki Ermənistan ərazisində yerli azərbaycanlılara qarşı kütləvi qırğınlar törədirdilər. Müstəqillik əldə edildikdən sonra – 1918-ci ilin yayında Azərbaycanla Gürcüstan arasında nümayəndəlik səviyyəsində diplomatik əlaqələr qurulub. Azərbaycanla Ermənistan arasında birbaşa diplomatik münasibətlərin yaradılması isə yalnız 1919-cu ilin əvvəlində mümkün olub. Həmin vaxtadək Ermənistanla yazışmalar Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəliyi vasitəsilə həyata keçirilib. Azərbaycanla Ermənistan arasında diplomatik yazışmalara aid sənədlər əsasən Xalq Cümhuriyyəti Xarici İşlər və Müdafiə nazirliklərinin fondlarında, Azərbaycanın Gürcüstandakı daimi nümayəndəliyinin fondunda və Sovet Azərbaycanı Xarici İşlər Komissarlığının fondlarında saxlanılır.  Tarixi mənbələrdə qeyd edilir ki, 1918-ci il mayın 28-də dövlət müstəqilliyinin elan edilməsindən yarım ildən artıq vaxt keçməsinə baxmayaraq, Ermənistanla Azərbaycan arasında birbaşa diplomatik münasibətlər qurulması mümkün olmamışdı. Bu səbəbdən də Azərbaycanın xarici işlər naziri iyunun 22-də Gürcüstandakı daimi nümayəndəsinə göndərdiyi məktubda bildirmişdi ki, Ermənistan hökumətinin, o da təşkil edilməyibsə, Erməni Milli Şurasının nəzərinə çatdırsın ki, Azərbaycan-Ermənistan sərhədlərini elan etmək üçün xüsusi komissiya yaradılmalıdır. Əgər Ermənistan hökuməti bu təklifi bəyənərsə, görüş yerini və vaxtını bildirmək təklif edilmişdi. Lakin Ermənistan tərəfi Batum müqaviləsinin şərtlərinə məhəl qoymayaraq, yeni ərazilər ələ keçirmək üçün hərbi təcavüzünü davam etdirməklə yanaşı, Dağlıq Qarabağa dair ərazi iddiası irəli sürmüşdü.

Ermənistan hökuməti yalnız 1919-cu il fevralın 1-də Azərbaycanın İrəvan şəhərində daimi nümayəndəliyinin fəaliyyətə başlamasına razılıq verib. Azərbaycanın Ermənistanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələri İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı.

Məhəmməd xan Təkinski ile ilgili görsel sonucu

İlk nümayəndəmiz Məhəmməd xan Təkinski olub. O, 1879-cu ildə Türküstanda anadan olub. 1881-ci ildə rusların Axal-Təkə qalasına hücumu zamanı valideynlərini itirən iki yaşlı Məhəmmədi rus ordusunun polkovniki Ehsan xan Naxçıvanski oğulluğa götürüb. Məhəmməd 1901-ci ildə Tiflis birinci kişi gimnaziyasını, 1908-ci ildə Novorossiysk Universitetinin hüquq fakültəsini bitirib. Məhəmməd xan Təkinski 1918-ci il iyul ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yaratdığı Fövqəladə Təhqiqat Komissiyasının fəaliyyətinə cəlb olunub. Cümhuriyyətin süqutundan sonrakı dövrdə Məhəmməd xan Təkinskinin fəaliyyəti barədə hələlik məlumat əldə edilməyib. Tədqiqatçı Ədalət Tahirzadənin verdiyi məlumata görə, Məhəmməd xan Təkinski repressiyaya məruz qalaraq, 18 mart 1938-ci ildə güllələnib.

2 aprel 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M. Təkinski xarici işlər naziri M. Cəfərova göndərdiyi məlumatda bildirirdi ki, martın 19-da Ermənistan hökuməti onun şərəfinə verdiyi nahar zamanı natiqlər Azərbaycanla dostluq münasibətlərinin qurulmasının zəruriliyindən danışıblar. M. Təkinski martın 18-də Eçmiədzində katolikosla görüşü zamanı katolikosun Ermənistanla müsəlmanlar arasında dostluğun zəruriliyini vurğuladığını, müsəlmanlarla dinc yaşamaq üçün erməni xalqına müraciət edəcəyini vəd etdiyini yazır. M. Təkinski mazut olmaması səbəbindən Eçmiədzin kilsəsinin və katolikosun iqamətgahının işıqlandırılmadığını yazır və əlavə edir ki, o, katolikosa mazut göndəriləcəyini vəd verib və xarici işlər nazirindən xahiş edir ki, katolikosa çatdırılması üçün çəlləklərdə yalnız 200 pud mazut göndərilsin. Daha sonra M. Təkinski qaçqınların vəziyyətinin ağır olduğunu və dərhal onlara kömək göstərilməsi lüzumunu qeyd edirdi.

3 may 1919-cu ildə Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəsi M.Təkinskinin Azərbaycan hökumətinin başçısına göndərdiyi teleqramda Ermənistan ordusunun Naxçıvana yeridilməsi ilə bağlı Azərbaycan hökuməti adından Ermənistan xarici işlər nazirinə etiraz məktubu göndərdiyini bildirirdi.

Mayın 16-da M.Təkinski Azərbaycan hökumətinin başçısına göndərdiyi şifrəli teleqramda bildirirdi ki, erməni polkları Naxçıvan üzərinə hücuma keçib. Ermənistana təzyiq etmək üçün M.Təkinski təklif edirdi ki, qoşunları Ermənistanla sərhəddə cəmləşdirmək lazımdır.

4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi teleqramda Fövqəladə Parlament İstintaq Komissiyası yaratmaq üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə İrəvan Milli Şurası ilə birlikdə məlumat toplamağı tapşırmışdı. Bu məqsədlə parlamentin 10 milyon vəsait ayırmaq istədiyi də teleqramda qeyd olunmuşdu…

Bundan sonra diplomatik nümayəndəliyə Əbdürrəhim bəy Haqverdiyev və M. Mirbabayev, 1920-ci ilin fevralında isə Teymur bəy Makinski başçılıq ediblər. Nümayəndəlik aprel işğalından (1920) sonra – 1920-ci ilin mayında ləğv edilib.

İlham Əliyev sərəncam ile ilgili görsel sonucuAzərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yeni tərkibi təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyun tarixli 1541 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Komissiyanın tərkibi aşağıdakı tərkibdə təsdiqlənib:

Komissiyanın həmsədri

Əmək və əhalinin sosial müdafiəsi naziri

Komissiyanın üzvləri

Xarici işlər nazirinin müavini

İqtisadiyyat nazirinin müavini

Energetika nazirinin müavini

Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini

Mədəniyyət nazirinin müavini

Kənd təsərrüfatı nazirinin müavini

Təhsil nazirinin müavini

Səhiyyə nazirinin müavini

Gənclər və idman nazirinin müavini

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini

Dövlət Turizm Agentliyinin sədri

Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycanın Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri.

Xarici İşlər Nazirliyinə dəyişiklik barədə Serbiya Respublikası tərəfinə bildiriş göndərmək tapşırılıb.

Qeyd edək ki, indiyə qədər Komissiyanın həmsədri İqtisadiyyat naziri Şahin Mustafayev olub.

Prezident görüş keçirdi














Azərbaycan Prezidenti İlham Əliyev iyulun 8-də görüş keçirib.

Dövlət başçısı İtaliyanın Turizm, Meşəçilik, Qida və Kənd Təsərrüfatı naziri Gian Marko Centinaionun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Vasif Talıbov həkimlərin maaşını 50 faiz artırdı














Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dünən Kəngərli rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq vəzifə maaşlarını 2019-cu il avqustun 1-dən 50 faiz artırılacaq.
Prezident daha bir xalq artistinə ev bağışladı

Prezident İlham Əliyev xalq artisti Məmmədsəfa Qasımova üçotaqlı mənzil hədiyyə edib.

Bu barədə “lent.az”a aktyorun özü məlumat verib:

“Görünür, prezident həm mədəniyyət sahəsindəki əməyimi nəzərə alıb, həm də mənzil şəraitimi. Prezidentimizə bu diqqətinə və qayğısına görə çox təşəkkür edirəm”.Məmmədsəfa Qasımov “Yuğ” teatrının aktyorudur. ADMİU-nin dosentidir. “Azərbaycanfilm”də onlarla filmdə çəkilib.[img=left]http://cdn.minval.info/2019/07/1562309718_memmed_sefa.jpg[/img]

Prezidentin yeni yaratdığı qurum hansı işləri görəcək?

Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya”nın yaradılması haqqında Fərman imzalayıb.

“Qafqazinfo” yeni qurumun hansı işlər görəcəyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbovdan açıqlama alıb.

O qeyd edib ki, sözügedən fərman respublikamızda əhalinin məşğulluğu və sosial müdafiəsi sahələrində səmərəli idarəetmə qərarlarının qəbul edilməsi üçün qabaqcıl dünya təcrübəsi əsasında təkmil monitorinq və proqnozlaşdırma sisteminin formalaşdırılmasına imkan verir: “Belə ki,  fərmana əsasən, nazirliyin tabeliyində əmək bazarı və sosial müdafiə sahələrində mövcud vəziyyətin qiymətləndirilməsini, inkişaf meyillərinin öyrənilməsini və monitorinqləri həyata keçirən, bu sahələrdə səmərəli idarəetmə qərarlarının qəbul edilməsi məqsədilə təhlil və proqnozlar hazırlayan, publik hüquqi şəxs statuslu “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” yaradılacaq. Sənəddə Observatoriyanın iki ay müddətində yaradılması tapşırılır. Ölkəmizdə əmək bazarında mövcud vəziyyətinin qiymətləndirilməsi üçün monitorinqlərin aparılması, əmək bazarının həm kəmiyyət, həm də keyfiyyət parametrləri nəzərə alınaraq mükəmməl proqnozlaşdırma sisteminin yaradılması dövlət məşğulluq siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. 

Dövlət başçısının müvafiq sərəncamı  ilə təsdiq edilmiş “2019–2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda, digər bir sıra dövlət sənədlərində də bu istiqamət əksini tapır. Ölkəmizdə belə bir sistemin qurulması üçün ötən dövrdə bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb, həmçinin Avropa Təhsil Fondu ilə davamlı əməkdaşlıq həyata keçirilib”. 

F Talıbov bildirib ki, Prezident İlham Əliyevin 4 iyul 2019-cu il tarixli fərmanı bu istiqamətdə mühüm addımın atılmasına şərait yaradır: “Fərmanla yaradılacaq Observatoriya əmək bazarına dair zəruri məlumatların toplanması və təhlillərin daha şəffaf və keyfiyyətli həyata keçirilməsi yolu ilə əmək bazarında mövcud vəziyyətin dəqiq qiymətləndirilməsini həyata keçirəcək. Həmçinin  strateji məşğulluq sahələrinin müəyyən edilməsi, vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların bir-biri ilə əlaqələndirilmiş təhlili, uzlaşdırılması və monitorinqi, kadr tələbatının proqnozlaşdırılması sahələrində Observatoriya mühüm rol oynayacaq. Bu sahədə işlər həmçinin, “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrasına öz töhfəsini verəcək.

Eyni zamanda, Observatoriya sosial müdafiə sahəsini də əhatə edəcək.  Bu sahədə geniş təhlil və araşdırmaların aparılması, dəqiq proqnozlaşdırmaların həyata keçirilməsi işlərini yerinə yetirəcək, bununla sosial müdafiə sistemində idarəetmənin təkmil əsaslarda qurulması yönündə aparılan islahatların effektli təşkilinə institusional əsaslarda öz dəstəyini göstərəcək.

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların həyata keçirilməsində, əmək bazarı və sosial müdafiə proqramlarının səmərəli və məqsədyönlü təşkilində öz önəmli rolunu oynayacaq”.

Bakıda tutulan iş adamı əmisini ələ verdiBakıdakı “Aksesuar İnşaat” mağazalar şəbəkəsinin sahibi, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən FETÖ ilə bağlantılı olan türkiyəli iş adamlarına qarşı aparılan əməliyyatda tutulub Türkiyəyə təhvil verilən Murad Qənbəroğlu barəsində istintaq tamamlanıb.

“Qafqazinfo” Virtualaz.org-a istinadən xəbər verir ki, onun barəsində Ankara Cümhuriyyət prokurorluğu tərəfindən silahlı terror təşkilatına üzv olmaq ittihamı ilə cinayət işi qaldırılıb. Prokurorluq Qənbəroğlunun 15 ilə qədər həbslə cəzalandırılmasını istəyir.

İttiham aktına əsasən Azərbaycan Daxili İşlər Nazirliyi tərəfindən FETÖ ilə əlaqəli şirkətlərlə bağlı aparılmış təhqiqatlar nəticəsində ölkədəki inşaat şirkətinin bu təşkilatla bağlantılı olduğu təsbit edilib. İttiham aktında deyilir ki, Murad Qənbəroğlunun əmisi, “Aksesuar Group” Türkiyə şirkətinin sahibi olan  Selamet Qənbəroğlu 2016-cı ildə şirkətin bütün səhmlərini heç bir sərmayə ortaya qoymasa da ona təhvil verib. İstintaq bu qənaətə gəlib ki, Murad Qənbəroğlu FETÖ-nun Azərbaycandakı şəbəkəsinə daxil olub.

M.Qənbəroğlu Fətullah Gülənin təlimatı ilə təriqətə məxsus “Bank Asya” bankına 891 min TL yatırıb. Şübhəli isə öz ifadəsində deyib ki, həmin vəsaiti əmisi Selamet Qənbəroğlunun təlimatı ilə banka yatırıb. O, hazırda ABŞ-da olan əmisinin təşkilata hər il 200 min dollar himmət pulu ödədiyini də bildirib.

Selamet Qənbəroğlu

“Azərbaycanda himmət pullarını Hamza Kabaca adlı təşkilat mənsubu toplayırdı. Əmim bu adama himmət adı ilə pul verirdi. “Aksesuar Group”un təşkilatla bağlı fəaliyyəti yoxdur, ancaq əmim firmanın adını şəxsən Fətullah Gülənin qoyduğunu deyərdi”,-Qənbəroğlu ifadəsində deyib.

Qeyd edək ki, Türkiyə şirkəti olan “Aksesuar Group” ötən əsrin 90-cı illərinin ortalarından Azərbaycanda fəaliyyət göstərir, Bakıda inşaat materiallarının, santexnika mallarının və s. satıldığı “Aksesuar İnşaat” adlı bir neçə mağazaya sahibdir.

2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev “Xəzər dənizi sahillərindən istifadənin tənzimlənməsinə dair bəzi tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamda deyilir ki, torpaq sahələrinin dövlətin müstəsna mülkiyyətində olması nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.

“Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb”.

Prezident H.Əliyev vətəndaşların Xəzər dənizi sahillərində çimərlik və istirahət hüququnun maneəsiz gerçəkləşdirilməsini təmin etmək məqsədi ilə hələ o vaxt Nazirlər Kabinetinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinə, Bakı və Sumqayıt şəhərləri, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının İcra hakimiyyəti başçılarına tapşırıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların inzibati və ya məhkəmə qaydasında, hüquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınmasını təmin etsinlər.

Azərbaycan hökuməti prezidentin sərəncamını icra etmək yerinə 5 il sonra Milli Məclisdə dəniz sahilindəki 130 metrlik zolağı “20-50 metrlik zolaq” sözləri ilə əvəzləməyə nail olub.

2008-ci ilin dekabrında isə “Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə qanun qüvvəyə minib.

Qanunda dəniz sahilinin dövlət məqsədləri üçün istifadəsinə icazə verilib.

Sənəddə deyilir ki, qanundan “dövlət məqsədləri üçün” sözləri çıxarılsın. “İstifadəyə və ya icarəyə verilməsi barədə qərar qəbul edilmiş Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanının icazəsi əsasında dənizin sahilinə gediş-gəlişi məhdudlaşdırmamaq şərti ilə hasara alınma yolu ilə və ya digər üsullarla bağlanıla bilər”.

Məhz bundan sonra Xəzərin hasarlanması işi daha da sürətləndi.

Nəhayət 2016-cı ilin yanvarında Milli Məclisin plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirəyə çıxarıldı. Dəyişikliklərdən biri də Xəzərin Azərbaycan sahilində gediş-gəlişi məhdudlaşdıranların cəzalandırılmasını nəzərdə tuturdu. Layihə səsverməyə çıxarıldı və qəbul olundu. Dəyişikliyə əsasən, dövlətin iqtisadi və ya təhlükəsizlik mənafelərinin təmin edilməsi ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan həmin torpaq sahəsində dəniz sahilinə gediş-gəlişin məhdudlaşdırılmasına görə fiziki şəxslər 4 min, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat miqdarında cərimə olunmalı idilər. Eyni zamanda, xətaların il ərzində inzibati tənbeh alan şəxs tərəfindən təkrar törədilməsinə görə fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min manat miqdarında cərimə olunmalı idilər.

Milli sərvətimizin illərdir zəbt olunmasına baxmayaraq, nə hasarlamaya görə cəzalanan var, nə də gediş-gəlişi məhdudlaşdırdığına görə cərimələnən. Görünən odur ki, məmurların özlərinin təklifləri üzərinə qəbul edilən qanunlar onların özünə kar etmir. Və o da gün kimi aydındır ki, məhz bu istiqamətdə qəbul edilən qanunlar elə onları pozmaq üçün nəzərdə tutulub…

“Xəzəri hasarlayanlar turizmi inkişaf etməyə qoymur”

Problemi dəfələrlə parlamentin iclas zalına daşıyan Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a bildirib ki, Xəzər hasarlardan azad edilməli, Azərbaycan xalqının və turistlərin üzünə açıq olmalıdır:

“Mən bu barədə fikirlərimi parlamentdə də səsləndirdim. Mənə belə gəlir ki, fikrimdə kifayət qədər obyektivəm və yetərincə haqlıyam. Xəzərin hasarlanması ilə bağlı dəfələrlə həmkarlarım, o cümlədən Zeynəb Xanlarova parlamentdə fikirlərini söyləyiblər. Hazırda ölkə Prezidenti bütün istiqamətlərdə genişmiqyaslı islahatlara start verib və bunlar sistemli xarakter daşıyır. Onu da qeyd edim ki, ölkə başçısının son zamanlar imzaladığı fərman və sərəncamlar olduqca ciddi xarakter daşıyır. 2018-ci ildən sonra ölkə başçısı öz komandasını yeniləyrək, buraya daha təşəbbüskar, müasir dünyagörüşünə malik, imici təmiz insanları gətirdi. Ona görə də ümid edirəm ki, vəzifələrə gətirilmiş müvafiq qurumların rəhbərləri Azərbaycanın Xəzəryanı sahillərinə diqqəti artıracaqlar. Həmin qurumlar məsələ ilə bağlı özlərindən asılı olan işləri daha böyük ardıcıllıqla həyata keçirməlidirlər. Söhbət təkcə ondan getmir ki, Azərbaycan vətəndaşları hasarlanmış Xəzərin içərisinə girib çimərliklərdən istifadə etməkdə məhdudlanıblar. Söhbət həm də ondan gedir ki, hasarlar turizmin inkişafına mane olur. Bu, birmənalı şəkildə yolverilən hal deyil”.

Xəzər dənizi iynədirmi, hasarı görünməsin?…

F.Ağamalı “İllərdir Xəzər hasarlanıb, bu iynə deyil ki, harasa düşə və gözdən yayına. Vətəndaşlar da, dövlət qurumları da bunu aydın görür. Hətta səlahiyyət sahibi dövlət qurumlarına ünvanladığımız sorğulara cavab olaraq, “bununla bağlı məlumat yoxdur”, “bu mövzuya toxunmayın” kimi göstərişlərdə bulunurlar. Yəni hamımız görə-görə problemə göz yumuruq. Bəs niyə problemin qarşısı alınmır?” fikirlərimizi belə cavablandırıb:

“Doğrudur. Mən həm də onu demək istəyirəm ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı ciddi siyasi iradə ortaya qoyulub. Turizm qeyri-neft sektorunun ən gəlirli sahələrindən biridir. Elə kiçik ölkələr var ki, məhz turizmin inkişafı ilə ölkəyə milyardlarla valyuta axınına səbəb olur, bücələrini turizmdən gələn gəlir hesabına formalaşdırırlar.

Xəzər başdan-başa turizm üçün yararlıdır, həm suyu, həm də sahilindəki qumsallıq turizm üçün son dərəcə əlverişlidir. Ayrı-ayrı oliqarxlar dənizi hasarlayaraq, həm xalqın ora daxil olmasını məhdudlaşdırır, həm də turizmin inkişafını ləngidir.

Görünən odur ki, qəbul edilmiş qanunlar bunu aradan qaldırmaq üçün kifayət deyil. Düşünürəm ki, Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, Xəzərin hasarlardan azad olunması üçün də sərt mövqeyini ortaya qoymalıdır”.

“5-10 nəfər hektarlarla əraziyə sahiblənib”

Deputat qeyd edib ki, çıxış yolu hasara alınmış Xəzərin bir neçə ailənin ixtiyarından çıxarılıb, Azərbaycan xalqının və turistlərin ixtiyarına verilməsidir:

“Onlara təklif oluna bilər ki, həmin yerdə otellər, ticarət mərkəzləri inşa edilsin, turistləri cəlb etsinlər. Həm sahibkar kimi pul qazansınlar, həm də dövlətə vergi versinlər. Bir ailənin, 5-10 nəfərin hektarlarla, min metrlərlə dənizi hasarlamağa nə ehtiyacı var?! Bu nə görməmişlikdir, bu nə acgözlükdür?! Onlara təkliflər verilə bilər. Qəbul etmirlərsə, qanunevriciliyə uyğun addımlar atılmalıdır. Qanunda göstərilib ki, dövlət maraqları üçün istənilən məhdudiyyətlər aradan qaldırılmalıdır, əgər özəlləşdirilirsə kompensasiyası verilməlidir. Özəlləşməyibsə, icarə müqaviləsi ləğv olunaraq, tender elan olunur. Azərbaycanda kifayət qədər imkanlı insanlar, biznesmenlər var. Onlar bu tenderlərdə iştirak edərək, həmin yerlərin işlədilməsinə nail ola bilərlər.

Nəticədə Xəzər dənizi hasardan azad olunar, ətrafı gözəlləşər və turizm məkanına çevrilər. Burada həm dövlət, həm də xalq qazanır, Azərbaycan Xəzərlə dünya xalqlarının üzünə geniş istirahət imkanlarını aça bilər”.

“Prezident bununla bağlı sənədə imza ata bilər”

Deputat eyni zaamnda, dənizə tökülən çirkab sularla bağlı da həyəcan təbili çalıb:

“Çirkab suların dənizə axıdılmasının qarşısı alınmalıdır. Nardarandan başlayaraq, Abşeron sahillərinədək çirkab sular Xəzərə axıdılır. Bu yaxınlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı monitorinqlərin nəticəsində bir çox çimərliklərdən istifadə olunması məsləhət görülmədi. Çünki sular çirkab içərisindədir. Bunun qarşısının alınması üçün ciddi dövlət proqramının qəbul edilməsinə ehtiyac var. Xəzər dənizi Tanrının, təbiətin bizə bəxş etdiyi son dərəcə gözəl və əvəzsiz nemətdir. Xəzərdə neft və qaz istismar etməklə problemlərimizi həllində kifayətlənməli deyilik. Eyni zamanda, Xəzərdən turizm məkanı kimi istifadə edib dövlət büdcəsinə vəsait cəlb edə bilərik. Ona görə də müvafiq qurumlar müzakirələr apararaq, konkret təkliflər hazırlayaraq, dövlət başçısına müraciət etməlidir. Əminəm ki, Prezident hər zaman olduğu kimi, bu təkliflərə də həssas yanaşıb, konkret addımlar atılması üçün tapşırıqlarını verər və lazımi sənədlərə imza ata bilər”.