![]() |
![]() |
İyunun 4-də Bakıda Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin toplantısı keçirilib. Tədbirdə ittifaqın sədri Rüstəm İbrahimbəyov bir sıra vədlər verib, kinonun və aktyorların maddi problemlərinin həlli yollarından danışıb.
Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov “Yeni Müsavat”a bildirdi ki, iclas 11-ci qurultaya hazırlıqla bağlı olub:
““İclasdakı müzakirələr göstərdi ki, sənədli, bədii və animasiya filmi sahələrində problemlər var. Bu problemlər qurultayın gündəliyinə çıxarılmalıdır, əməli təkliflər verilməlidir. Eyni zamanda ssenarilər seçimi ideal, effektiv mexanizm üzərində deyil, maliyyələşmə şəffaflıq prinsipi ilə xərclənməyib, bütün bunlar düzəlməlidir. Əsas təsbitlərdən biri də bu oldu ki, kino tamaşaçısı səviyyəsi problemi var. Söhbət dövlətin kinoya ayırdığı vəsaitlərdən gedir. Təkcə şəffaflıq deyil, effektivlik məsələsi də var. Bilirsiniz ki, son 2 ildə Maliyyə Nazirliyi kinoya ayrılan vəsaiti azaldıb. Amma bununla yanaşı, respublika prezidenti film istehsalına 5 milyon ayırıb. Onun verilmə şərti yeni kino konsepsiyasının qəbul edilməsidir. Sadəcə, idarəçilik effektiv mexanizmə əsaslanmalıdır. Mədəniyyət Nazirliyinin şöbəsi statusunda struktur özünü doğrultmur.
Daha səlahiyyətli, dövlət və özəl studiyaların bərabərhüquqlu işini təmin edən struktura ehtiyac var. Dövlətimiz kino qarşısında alnıaçıq, üzüğadır. Lakin vəsaiti idarə edənlər etimadı hələ doğrultmayıblar”.
Əli İsa Cabbarov: “Bizə dəstəyə görə hökumətimizə minnətdarıq”
Ə.İ.Cabbarov bildirdi ki, İbrahimbəyovun tapşırıqlarından biri də Kino Evinin açılması, Kino Məktəbinin fəaliyyətinin bərpası, 2 avqust Kino Gününə və noyabrda keçiriləcək 11-ci qurultaya hazırlıq olub.
Ə.İ.Cabbarov ittifaqa yeni üzvlərin qəbulu və xalq artisti Rasim Balayevin qoşulub-qoşulmayacağı barədə də danışdı: “Rasim müəllim ittifaqımızın üzvüdür və İdarə Heyətinin iclasında aktiv iştirak etdi.
Əməkdar artistlər Füzuli Hüseynov, Aydın Əliyev, Əfqan Soltanov, kinorejissor Kamran Şahmərdan və Rodion İsmayılov yeni üzvlər sırasındadır. Ümumilikdə 20-yə yaxın üzv qəbul olundu”.
İttifaqın katibi İbrahimbəyovun kino ittifaqının xalq artisti Şəfiqə Məmmədovanın rəhbəri olduğu Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən qəbul edilməməsi barədə bunları dedi: “Hamı özünü necəsə hiss edə və hesab edə bilər. Biz peşəkarları təşkilat prinsipinə görə bölmürük, peşəyə və istedadına sadiqliyinə görə ayırırıq. Təşkilatımızı dağıtmaq, rəhbərliyimizin yaradıcı şəxs olaraq nüfuzuna ləkə atmaq istəyənlərin kim olduğunu adbaad dəqiq bilirik.
Məqsədimiz sabahımızı qurmaqdır, kinomuzun inkişafı yolunda fəaliyyət göstərəndə biz sağa-sola baxmırıq, ancaq qabağa baxırıq. Fürsətdən istifadə edib 2019-cu il ərzində fəaliyyətimizin aktivləşməsinə gətirən dəstəyə görə hökumətimizə, rəsmi strukturlara minnətdarlığımızı bildiririk”.
Rasim Balayev: “Bu gün səriştəsiz adamlar meydandadır, pul da nazirlikdədir”
Xalq artisti Rasim Balayev isə “Yeni Müsavat”a kinonun düşdüyü vəziyyətdən çıxarılması üçün yığışdıqlarını vurğuladı. Onun sözlərinə görə, bu şəkildə davam edə bilməz: “Belə olmaz da. Kinomuz bərbad vəziyyətdədir. Bu ittifaq da səlahiyyətli təşkilat deyil, yalnız öz tezislərini, təkliflərini verə bilər. Ümidvaram ki, bir irəliləyiş olmalıdır. Elə biz də o niyyətlə yığışmışdıq. Bu gün səriştəsiz, kinodan xəbəri olmayan adamlar meydandadır. Gərək sənəti qavrayan adamlar kurs təşkil etsinlər, master-klass hazırlasınlar”.
R.Balayev prezidentin ayırdığı vəsaitlə yaxşı filmlər çəkilib-çəkilməyəcəyinə də toxundu: “Maliyyə Mədəniyyət Nazirliyindədir.
Kinematoqrafçılar İttifaqı müəyyən məsləhət verə bilər. Deyə bilər ki, filmi filankəsə ver, o daha peşəkardır, qoy həmin rejissor çəksin. Ancaq onlar kino çəkməyi istədikləri adamlara verirlər. Bununla belə, qıraqdan seyr etmək də olmaz. Kinonun vəziyyəti gündən-günə pisləşir. Mən adamlarla görüşürəm, söhbətlərdən görürəm ki, insanlar narazıdır.
Məktəb görmədən Aşıq Ələsgər, Əliağa Vahid olmaq mümkündür, Allah vergisidir. Amma kino işi, rejissorluq məktəb tələb edir. Rüstəm İbrahimbəyov da gəldi, iştirak elədi, sağlıq olsun, görək necə olur.
Amma ağlıma sığışdıra bilmirəm iki kino təşkilatı necə ola bilər? Bu, mümkün deyil. Yəni mən də bilmirəm necə olacaq, qaranlıq qalıb”.
Ayaz Salayev: “Mənim üçün o təşkilat mövcud deyil, əgər birləşsələr, istefa verəcəyəm”
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının katibi Ayaz Salayev qəzetimizə dedi ki, İbrahimbəyovun təşkilatı onun üçün mövcud deyil: “Mən belə kino ittifaqı tanımıram. Bəzən fikirlər səslənir ki, təşkilatlar birləşsin, amma ”Qafqaz trio”sunu çəkən biri ilə birləşə bilmərəm. O, həmkar kimi mənim üçün yoxdur. Məhz o filmə görə o təşkilatla birgə fəaliyyətin əleyhinəyəm. O filmə baxıb heç nəyi görməyənlər mənəvi kor adamlardır. Birləşsələr, oradan istefa verəcəyəm. Üstəlik, İbrahiməyov ittifaqı şəxsi ofisinə çevirmişdi, katiblikdə rejissor qalmamışdı”.
Xatırladaq ki, R.İbrahimbəyov 2013-cü ildən sonra bir neçə il idi Azərbaycana gəlmirdi. O, yalnız 2016-cı ildə qardaşı Maqsud İbrahimbəyovun dəfnində Bakıya gəlmiş və tez də getmişdi.
2019-cu ilin əvvəllərindən o, yenidən Azərbaycana gəlməyə başlayıb. Bu ilin fevralında Rüstəm İbrahimbəyov bildirmişdi: “Bakıya gəlişim hakimiyyətə iki yazılı müraciətimdən sonra baş tutdu.
Həmin müraciətlərdə şəxsi xarakterli məsələlər qaldırmışdım. Söhbət Kinematoqrafçılar İttifaqı, onun üzvləri, bu yaradıcılıq qurumunun əmlakı və sənədlərindən gedir”.
İbrahimbəyov müraciətində qeyd edib ki, vətəndaş mövqeyini dəyişmir, ancaq buna görə başqaları əziyyət çəkməməlidir: “İttifaqın 150 üzvünün günahı nədir? Niyə onlar işsiz qalmalıdır, əziyyət çəkməlidir?…Kinematoqrafçılar İttifaqını mənim tərəfdarlarıma və əleyhdarlarıma bölmək, insanları mənəvi cəhətdən sındırmaq nəyə lazımdır?”
Xatırladaq ki, İbrahimbəyov Milli Şuranın qurucusu olub, 2013-də müxalifətin prezidentliyə vahid namizədi olaraq irəli sürülüb.
Lakin Bakıya həbs təhlükəsi olduğunu deyərək gəlməyib və Cəmil Həsənlinin namizədliyi dəstəklənib. Bu yaxınlarda verdiyi müsahibəsində isə bildirib ki, onu müxalifət namizədliyə təhrik edib.
5 dekabr 1936-cı ildə 8-ci SSRİ Sovetlər qurultayında qəbul edilmiş SSRİ konstitusiyasını dəyişmək ideyası Nikita Xruşovun təşəbbüsü ilə 962-ci ildə Siyasi Büro tərəfindən irəli sürülüb. Məqsəd SSRİ-nin Əsas Qanununda bir sıra dəyişikliklərin edilməsi olub.
Qeyd edək 1936-cı ildə qəbul edilmiş konstitusiya qeyri-rəsmi “Stalin konstitusiyası” da adlandırılıb. Nikita Xruşov həm də bu addan qurtulmaq üçün konstitusiyanın dəyişilməsinin əsas tərəfdarlarından biri olub.
Beləliklə, 25 aprel 1962-ci ildə SSRİ Ali Sovetində yeni konstitusiyanın layihəsinin hazırlanması üçün konstitusiya komissiyasının yaradılması ilə bağlı qərar qəbul olunub. Komissiyaya Nikita Xruşov rəhbərlik edib.
Xruşovun devrilməsindən sonra konstitusiya komissiyasının sədri Leonid İliç Brejnev olub. Konstitusiya layihəsinin ilk variantı Brejnev tərəfindən ciddi tənqid olunub və layihənin yenidən hazırlanması üçün baş katib tərəfindən göstəriş və tövsiyələr verilib.
Brejnev komissiyanın iclaslarında çox nadir hallarda iştirak edib. Komissiyanın işçi qrupuna rəhbərlik isə Mərkəzi Komitənin katibi Boris Ponomaryova həvalə edilib. Nəhayət, 15 ildən sonra layihə hazır olub.
1977-ci ildə yeni konstitusiya layihəsinin hazırlanmasının son mərhələsində millətçi ermənilər yenidən fəallaşıblar.
Konstitusiyanın dəyişməsi ilə SSRİ daxilində sərhədlərin dəyişilməsinin mümkünlüyünü düşünən ermənilər yenidən Kremlə çoxsaylı məktublar və müraciətlər ünvanlayıblar. Məlum olduğu kimi, konstitusiyanın 87-ci maddəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində olduğu öz əksini tapıb. Məhz ermənilər də bu maddənin dəyişilməsi üçün bütün imkanlarından istifadə etməyə çalışıblar.
Yuxarıda qeyd etdiyimiz kimi, komissiyanın sədri Leonid İliç Brejnev komissiyanın iclaslarında demək olar ki, iştirak etməyib və komissiyanın əsas işini Boris Ponomaryov aparıb. Heydər Əliyev isə komissiyanın Azərbaycan tərəfindən üzvü olub.
Komissiyanın növbəti iclaslarından birində yığıncaqdan əvvəl Ponomaryov Heydər Əliyevə Ermənistandan və Dağlıq Qarabağdan komissiyaya daxil olan çoxsaylı müraciətlər haqqında məlumat verərək bildirib ki, bu məsələni komissiyanın iclasına çıxarmaq lazımdır. Heydər Əliyev buna etirazını bildirəndə Ponomaryov erməniləri dəstəkləyərək məsələnin müzakirəsinin vacibliyini vurğulayıb və açıq-aydın hiss olunub ki, Mərkəzi Komitənin katibi Ponomaryov ermənilərin haqsız və yersiz istəyini gerçəkləşdirməyə can atır. Bu da səbəbsiz olmayıb. Çünki Kremldə Ponomaryovla Ermənistanın birinci katibi Karen Dəmirçyanın dostluq əlaqələri hamıya yaxşı məlum olub. Təbii ki, bu əlaqələrin arxasında hansı maraqların dayandığını da hiss etmək çətin olmayıb. Amma həm Ponomaryov, həm də Dəmirçyan unudublar ki, son söz birincinin, Leonid İliçindir. Ona görə də Heydər Əliyev iclas başlanmazdan əvvəl Brejnevlə görüşmək qərarına gəlib.
Sonralar Heydər Əliyev həmin hadisələr haqqında fikirlərini belə bölüşüb:
“Bir dəfə Moskvaya, komissiyanın iclasına getdim, gördüm xeyli ərizə gəlib ki, Dağlıq Qarabağı Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə vermək lazımdır. Ponomaryov isə dedi ki, bunu komissiyanın müzakirəsinə çıxarmaq vacibdir. Ermənilər ona təsir göstərmişdilər. Elə bu faktın özü ki, bu komissiyanın müzakirəsinə buraxılsın, bilirsinizmi bu nə deməkdir? Hələ komissiyanın iclasından bir gün qabaq mən buna nə qədər etiraz elədim, gördüm yox… Brejnevin yanına getdim. Ona dedim ki, bu nədir, belə şey ola bilməz! O, telefonu götürüb Ponomaryova zəng elədi ki, çıxar onu…”
Beləliklə, ermənilərə dəstək verən Ponomaryov istəyinə nail ola bilməyib, 7 oktyabr 1977-ci il tarixində SSRİ Ali Soveti tərəfindən qəbul edilmiş SSRİ-nin Əsas Qanununda Dağlıq Qarabağ Muxtar Vilayəti ilə bağlı heç bir dəyişiklik olmayıb və ermənilərin Dağlıq Qarabağa sahib olmaq cəhdi növbəti dəfə uğursuzluqla nəticələnib…
Baş Prokurorluğun mətbuat xidmətinə yeni prokuror təyin olunub.
APA-nın verdiyi xəbərə görə, Baş prokuror Zakir Qaralovun imzaladığı müvafiq əmrlə Əbdülsəməd Əzizli Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru təyin edilib.
Ə.Əzizlinin vəzifəsinin icrasına başlaması barədə məlumat Baş Prokurorluğun saytında da yerləşdirilib.
Qeyd edək ki, Ə.Əzizli bundan əvvəl Bərdə rayon Prokurorluğunun müstəntiqi, daha sonra Gəncə şəhər Prokurorluğun müstəntiqi və Gəncə şəhər prokurorunun köməkçisi vəzifələrində çalışıb.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovdur.
Əməkdar jurnalist Elman Babayev Dövlət Gömrük Komitəsindəki (DGK) vəzifəsindən azad edilib.
Ölkə.az xəbər verir ki, o, işdən öz istəyi ilə çıxıb.
Xatırladaq ki, ötən ayın əvvəlində E.Babayev Komitənin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin inspektoru vəzifəsinə gətirilmişdi.
DGK-nın Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Natiq Axundov xəbəri təsdiqləyib.
Politoloq: “Moskvada bəzi dairələr iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışırlar”
“Jurnalist Fuad Abbasovun Rusiya Federasiyasından baş tutmayan deportasiyası və Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsinə qaytarılması ilə əlaqədar bildiririk ki, səfirliyin konsulluq şöbəsinin əməkdaşları onunla gündəlik əlaqə saxlayırlar”. Bu barədə APA-ya Azərbaycanın bu ölkədəki səfirliyindən bildirilib. Səfirliyin məlumatında qeyd olunur ki, 11 iyun 2019-cu il tarixində səfirliyin əməkdaşları Fuad Abbasovla növbəti dəfə görüş keçirib, şəraiti ilə yaxından tanış olublar.
Bundan başqa, məlumat verilib ki, yaranmış vəziyyətin aydınlaşdırılması məqsədilə səfirlik tərəfindən Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinə müvafiq nota göndərilib və digər aidiyyəti dövlət qurumlarına məktublar ünvanlanıb. Rusiya tərəfinin cavabı daxil olan kimi, mətbuata əlavə məlumat veriləcək. Səfirlik məsələni nəzarəti altında saxlayır və öz səlahiyyətləri çərçivəsində bütün mümkün tədbirləri görür.
Qeyd edək ki, Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi Fuad Abbasovun Rusiyadan deportasiya olunması barədə qərar çıxarıb. Qərardan Moskva Vilayət Məhkəməsinə apelyasiya şikayəti verilib. Lakin məhkəmə apelyasiya şikayətini təmin etməyib.
Moskva vilayətinin Korolyov şəhərində yerləşən miqrantlar üçün xüsusi saxlanma məntəqəsində saxlanılan Fuad Abbasov Azərbaycana deportasiya olunmasını gözləyir. Ötən həftə öz hesabına bilet alsa da, onu Azərbaycana deportasiya etməyiblər.
Bəs notanın prosesə hansısa faydası ola bilərmi? Təsiri olarsa, müsbət, yoxsa mənfi təsiri ola bilər? Bu durum həm də Rusiya ilə Azərbaycan arasında müəyyən problemlərin olduğunun təzahürüdürmü?
Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a bildirdi ki, Rusiya-Azərbaycan əlaqələri siyasi-iqtisadi və hərbi-texniki sahədə ümumi maraqlar kontekstində müəyyən dərəcə inkişaf dinamizminə malikdir: “Amma Moskvada bəzi dairələr iki ölkə arasında əlaqələrə zərbə vurmağa çalışırlar və təəssüf ki, rəsmi Kreml bir çox hallarda anti-Azərbaycan şəbəkəsinin istəklərini yerinə yetirir. Bununla Azərbaycanı daimi təzyiq altında saxlamağa çalışırlar. Azərbaycan daima Rusiya ilə sıx dostluq və qarşılıqlı etimad mühitində əməkdaşlıqda maraqlıdır və çalışır ki, qarşı tərəf də buna sadiq olsun. Amma, biz bir çox hallarda bunu Rusiyadan görmürük. Rusiyada ictimai fəal Fuad Abbasova qarşı təzyiqlər və həbs edilməsi birbaşa Rusiya XİN tərəfindən idarə olunur və buradakı məlum şəbəkə çalışır ki, iki qonşu ölkə arasında siyasi ziddiyyətlər yaratsın. Moskvaya nota verilməsi onu deməyə əsas verir ki, görünür, prosesdə ciddi mətləblər var və bu, dövlət siyasəti çərçivəsində həyata keçirilir. Hesab edirəm ki, bu notanın verilməsi Azərbaycanın öz soydaşına sahib çıxması və Azərbaycana qarşı hər hansı bir təzyiq dilinin qəbul edilməməsini qarşı tərəfə çatdırmaqdır. Hesab edirəm ki, Azərbaycan-Rusiya əlaqələrində bu kimi məsələlər iki dövlət arasında ümumi əməkdaşlığa kölgə salmayacaq və Kreml Azərbaycana qarşı daha da duyarlı olmalıdır. Notanın müəyyən təsirləri, hər halda, ola bilər”.
Politoloq dedi ki, Rusiyada erməni lobbisi çalışır ki, azərbaycanlıların Rusiyada fəallığının qarşısını alsın. Təəssüf ki, bəzi diaspor qurumlarımız da bu işin içindədır. Erməni lobbisi və diasporu bundan sonra da azərbaycanlıların Rusiyada siyasi-ictimai fəaliyyətinin qarşısını almağa çalışacaq: “Fuad Abbasov olayı buna sübutdur. Rusiyada erməni lobbisi bir plana malikdir və Azərbaycan dövlət səviyyəsində çalışmalıdır ki, bu planları pozsun. Bunun yollarından biri də Rusiyada siyasi-ictimai xadimlərimizin önə çıxmasıdır”.