Son xəbərlər

Azərbaycanda icra başçısı evinin qarşısında polis postu qurdurub.

 Unikal.org-un əldə etdiyi məlumata görə, Sabunçu rayon icra hakimiyyətinin başçısı Adil Vəliyev Mərdəkanda yerləşən bağ evinin qarşısında polis postu qurdurub.

Qeyd edək ki, icra baçısına məxsus olan ev Mərdəkan qəsəbəsi, Baba Əli küçəsi 4 ünvanında yerləşir və Adil Vəliyevin adınadır.

İcra başçısı evinin qarşısında post qurdurub - Fotolar
İcra başçısı evinin qarşısında post qurdurub - Fotolar
İcra başçısı evinin qarşısında post qurdurub - Fotolar

DTX əməliyyat keçirdiyi gün Mədəniyyət Nazirliyinin mühasibatlığında 2 sifariş üzrə büdəcədən yarım milyon manatdan artıq, dəqiq rəqəmlərin ifadəsində 526 min 381 manatın bölgüsü aparılırmış. Nazirlik qərara alıb ki, təşkilatda 1 ildən çox istifadə edilən yalnız kompüter proqrmlarına texniki dəstək adı altında nə az nə çox düz 269 min 999 manat xərclənsin. Bu isə qarşıdakı hər ay üçün 38570,00 manat edir.

Yerdə qalan vəsait isə “I İslam Ölkələri Xalq Çalğı Alətləri və III Beynəlxalq Aşıq Festivallarının və Elmi simpoziumun təşkili”nə sərf olunsun. DTX-nin əməliyyatı mühasibatlıqdan hələlik yan keçdiyi üçün proses birtəhər başa çatdırılıb.

Bu barədə məlumatları turizm şirkətinin sahibi, keçmiş jurnalist Rüstəm Əbülfətoğlu öz Facebook səhifəsində yayıb.

O qeyd edib ki, bununla belə indi nazirlikdə bəzi vəzifəlilər daha çox narahat görünürlər.

“Deyilənə görə buna səbəb ölkədə karantin rejimi elan olunan gündən bu yana, yəni 14 mart 2020 ci ildən nazirliyin idarə və xidmətləri vasitəsi ilə hər birinin dəyəri 50.000 manatdan yuxarı olan 18 tender və dəyəri 50 min manatdan aşağı olan 12 kotirovka üsülu ilə keçirilmiş alqı-satqı əməliyyatlarının “şəffaflığı” barədə DTX-nin ciddi məlumatlara malik olmasıdır. Son 2 ayda nazirliyin qurumları “İstehlak yönümlü müxtəlif xidmətlər”dən başlayaraq “Müxtəlif vasitələr ilə muzeylərin fəaliyyətinin inkişafı işləri” o cümlədən “təntənəli yubiley tədbirləri, ədəbi müsabiqələr, festivalların mükafatlandırma mərasimləri, poeziya günləri və s. təşkili də daxil 32 əməliyyat üzrə bu günə qədər büdcədən 5 milyon 970 min manat xərcləyib. Bu məbləğə işçilərin əmək haqları və s. bu tip heç bir ödəniş daxil deyil! Maraqlıdır ki, bütün bu alqı-satqı və xərclər bir daha təkrar edirəm ölkə rəsmi karantində olduğu zaman son 2 ayda rəsmiləşdirilib”.

O əlavə edib ki, bu ağır günlərdə heç bir müəssisənin işləmədiyi müddətdə nazirliyin Muzey və Fond binalarındakı kondisioner, ventilyasiya, isitmə, isti və soyuq su təchizatı sistemlərinə texniki servisin göstərilməsi üzrə xərcləri də xüsusi diqqət çəkib: “Bu məqsədlə dövlət büdcəsidən 297 min 931 manat, teatr binalarında isə eyni xidmət üçün 298 min 589 manat vəsait xərclənib. Başqa sözlə muzey, fond və teatrlardakı havalandırma sisteminə sadəcə texniki servis xidməti (heç bir avadanlıq alınmadan) büdcəyə ümumilikdə 578 min 520 manata başa gəlib.

Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında qanuna əsasən “Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət” üçün 441 milyon 921 min 500 manat ayrılıb. Bu vəsaitin 178 milyon 714 min 885 manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyət üçün, 156 milyon 180 min 776 manatı isə mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti sahəsinə aid olan digər müəssisə və tədbirlər üzrə xərclənə bilər. Yəni ümumilikdə  334 milyon 895 min 661 manat  vəsait Mədəniyyət  nazirliyinin ixtiyarına verilib.

Təşkilat bu vəsaiti İstanbuldakı Topkapı saray kompleksində Azərbaycan evinə dair bədii-tərtibat işlərindən başlayaraq regional mərkəzlərindəki katriclərin doldurulması xidmətinə qədər ilin sonuna kimi xərcləyə bilər.

Bu da maraqlıdır ki, rəsmi statistik məlumatlara əsasən Mədəniyyət Nazirliyi şəhər və regional idarələri də daxil təkcə 2019 cu ildə dəyəri 3 milyon ABŞ dollarının manat ekvivalentindən çox olan 73 alqı-satqı əməliyyatı həyəta keçirib. Və bunlardan 34-nü Regional Mədəniyyət İdarələri vasiəsi ilə….

P.S. Təkcə Biləsuvar Regional Mədəniyyət İdarəsi yalnız dəftərxana xərcləri üzrə ötən il 391795.98 manat vəsait xərcləyib. Məncə pis rəqəm deyil…”(ölkə.az)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mehriban Axundova dövlət başçısına və birinci xanıma müəssisələrin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, tibbi maska fabrikində birdəfəlik istifadə üçün maskalar istehsal olunacaq. Maskalar üçqatdır və orta qatı xüsusi süzgəc funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Bu maskalar müxtəlif kateqoriyalı virus və infeksiyalara qarşı davamlıdır. İlk mərhələdə fabrikdə gün ərzində 140 min ədəd maska istehsalı nəzərdə tutulur. May ayının sonunadək burada əlavə avadanlıq quraşdırılacaq. Bu isə öz növbəsində istehsal gücünü artırmağa imkan verəcək. Beləliklə, fabrikdə mərhələli şəkildə bu göstərici 300 min ədədədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunmuş işçilərin sayı 30 nəfərdir, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə 50 nəfərə çatacaq.

“Gilan Tekstil Park” Məhdud Məsuliyyətli Cəmiyyətdə birdəfəlik istifadə üçün qoruyucu kombinezonların da istehsalına başlanılıb. Məhsullar polietilen qoruyucu membranla örtülüb, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu isə öz növbəsində məhsulun keyfiyyətini artırır. Belə ki, bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlılığı, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Məhsulun uyğunluğu müvafiq standartlar üzrə sertifikatlaşdırılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur. Müəssisəsinin istifadəyə verilməsi yeni iş yerlərinin açılması baxımından da böyük əhəmiyyət daşıyır. Belə ki, buradakı istehsalat prosesinə 210 işçi cəlb olunub. Yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracı da nəzərdə tutulur. Beləliklə, bu cür müəssisələrin fəaliyyətə başlaması Azərbaycanın ixrac potensialının artırılmasına xidmət etməklə bərabər, qeyri-neft sektorunun inkişafı baxımından da böyük rol oynayır.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müəssisələrin bir qrup işçisi ilə görüşüblər.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ulu öndər Heydər Əliyevin doğum günü münasibətilə Bakının Suraxanı rayonundakı keçmiş yod-brom zavodunun ərazisində ağac əkiblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısının tapşırığına əsasən, 2018-ci ildən başlayaraq bu ərazidə 167 hektar sahənin lay suları, neft, duz, yod və digər tullantılardan təmizlənərək bərpa edilməsinə başlanılıb.

Qeyd edək ki, son illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ekoloji vəziyyətin yaxşılaşdırılmasına, yeni yaşıllıq zolaqlarının, meşə massivlərinin salınmasına, mövcud yaşıllıqların sahəsinin daha da genişləndirilməsinə xüsusi diqqət göstərilir. Ölkəmizdə bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Lider Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə ətraf mühitin mühafizəsinə, yaşıllığı az olan ərazilərin, o cümlədən də Bakının və Abşeron yarımadasının təbii landşaftının yaşıllıq zolaqları, meşə-parklarla zənginləşdirilməsinə, paytaxtımızın yaşıllıqlar şəhərinə çevrilməsinə çox böyük önəm verib. Hazırda ölkəmizdə həyata keçirilən dövlət siyasətində ekoloji məsələlərin həllinə xüsusi diqqət göstərilir, ekoloji mühitin dayanıqlı mühafizəsinə nail olmaq məqsədilə mühüm layihələr reallaşdırılır.

Azərbaycanda ekoloji durumun yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərə birinci xanım Mehriban Əliyevin rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verib. Birinci xanımın təşəbbüsü ilə 2019-cu ildə mütəfəkkir şair İmaddədin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, ümumilikdə, Azərbaycanın ekoloji durumuna çox müsbət təsir göstərməklə, yaşıllıq zolaqlarının miqyasının artmasına səbəb olub. Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə ekoloji mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına hesablanan layihələr də əhəmiyyəti ilə seçilir.

Neft və digər istehsalat tullantıları ilə çirklənmiş ərazilərin, lay suları altında qalan torpaqların ekoloji vəziyyətinin yaxşılaşdırılması məsələsinə dövlət səviyyəsində xüsusi diqqətlə yanaşılır. İndiyədək bu istiqamətdə çox uğurlu layihələr reallaşdırılıb. Abşeron yarımadasında ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən layihələrdən biri də təhlükəli tullantılarla çirkləndirilmiş keçmiş yod-brom zavodunun Suraxanı rayonu ərazisindəki tullantı poliqonu idi. Bu ərazi əvvəllər ekoloji normalara və tələblərə uyğun gəlmirdi. Görülən işlər nəticəsində hazırda ərazinin ekoloji durumu normalara tam uyğunlaşdırılıb.

Burada icra olunan layihənin birinci mərhələsində - 2018-2019-cu illər ərzində 67 hektar ərazi yod-brom və digər neft tullantılarından təmizlənib, drenaj və suvarma sistemləri qurulub, əraziyə 52 mindən çox müxtəlif növ ağac-kol tingləri əkilməklə geniş meşə-park salınıb. Hazırda həmin ərazinin qalan 100 hektarlıq sahəsində layihənin ikinci mərhələsinin icrası prosesi davam etdirilir. 2020-ci il ərzində təmizlənmiş ərazilərdə Abşeronun iqliminə uyğunlaşdırılmış Eldar şamı, Avropa zeytunu, Həmişəyaşıl sərv, Arizona sərvi və digər həmişəyaşıl ağac kol növlərinə aid, ümumilikdə, 82 min tingin əkilməsi planlaşdırılır. Layihənin icrası Heydər Əliyev Beynəlxalq Aeroportundan Bakı şəhəri istiqamətində, Zığ şossesi boyu hər iki istiqamət yaşıllıq zolağı olacaq.

 


Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasından 97 il ötür.

Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü ildə Naxçıvan şəhərində anadan olub.

 

O, Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1939-41-ci illərdə Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) memarlıq fakültəsində təhsil alıb. 1941-ci ildən Naxçıvan Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan Xalq Komissarları Sovetində şöbə müdiri işləyib. Heydər Əliyev 1944-cü ilin mayında dövlət təhlükəsizliyi orqanlarına işə göndərilib, Leninqradda xüsusi ali təhsil alıb, general rütbəsinədək yüksəlib. 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1964-cü ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini təyin olunub, 1967-ci ildə isə sədri təyin olunub. 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1-ci katibi, Mərkəzi Komitənin büro üzvü seçilib. H.Əliyev 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilib, eyni zamanda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilib. O, SSRİ Ali Sovetinin (8, 9 və 10-cu çağırışlar) deputatı, 9-cu çağırış SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini, Azərbaycan SSR Ali Sovetinin (7, 8, 9 və 10-cu çağırış) deputatı və respublika Ali Soveti Rəyasət Heyətinin üzvü olub, Lenin ordeni (4 dəfə), Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilib, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülüb.

H. Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi yanlış siyasətə etiraz olaraq tutduğu vəzifələrdən istefa verib və müxalif mövqe tutub. O, 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı silah işlədilməsini kəskin pisləyib. H.Əliyev Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı mərkəzin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan H.Əliyev Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublika Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Sovetinin sədr müavini olub. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan prezidenti seçilib.

H. Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranıb, müstəqil dövlət quruculuğu prosesi başlanıb, 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı alınıb, ölkədə ictimai-siyasi sabitlik bərqərar edilib. Dövlətin xarici siyasəti, eləcə də dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. 1994-cü ilin mayında o, cəbhədə atəşkəs elan edilməsinə nail olub. 1994-cü ilin sentyabrında Bakıda "Əsrin müqaviləsi" adını almış neft müqaviləsi imzalanıb, Azərbaycan neftinin dünya bazarlarına nəqli sahəsində uğurlu addımlar atılıb, Bakı-Supsa boru kəməri tikilib istifadəyə verilib. Heydər Əliyevin iradəsi sayəsində Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəməri haqqında müqavilə imzalanıb, onun həyata keçirilməsinə başlanılıb. Heydər Əliyevin təşəbbüsü ilə Böyük İpək Yolunun bərpasında - ümumdünya kommunikasiya proqramının həyata keçirilməsində Azərbaycan aparıcı rol oynayıb. Gürcüstan, Ukrayna, Azərbaycan və Moldovanı əhatə edən GUAM birliyinin yaranmasında və beləliklə, böyük bir coğrafi məkanda region qüvvələrinin birləşməsində də H. Əliyevin önəmli xidməti olub. O, demokratik, hüquqi dövlət quruculuğu yönümündə ardıcıl siyasət yeridərək, ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaradıb. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycanın Konstitusiyası qəbul edilib, 1995-ci və 2000-ci illərdə çoxpartiyalılıq əsasında parlament seçkiləri keçirilib, Konstitusiya Məhkəməsi fəaliyyətə başlayıb, Azərbaycanda ölüm cəzası, mətbuat üzərində senzura ləğv olunub. 1995-ci ilin mayında əfvetmə institutu bərpa edilib, 1995-2002-ci illərdə əfv fərmanlarına və amnistiya aktlarına əsasən minlərlə məhbus müxtəlif cəzalardan tam və ya qismən azad edilib, Azərbaycan 1996-cı ilin iyunundan Avropa Şurasında "xüsusi qonaq" statusu alıb, 2001-ci il yanvarın 25-də isə qurumun tamhüquqlu üzvü olub.

H. Əliyev 1998-ci il oktyabrın 11-də yenidən Azərbaycan prezidenti seçilib. 2001-ci ildə Azərbaycanda latın əlifbasına keçilməsi, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında fərmanlar imzalayıb.

H. Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.


Bu günlərdə Salyan rayonu Noxudlu kənd sakini Nəcəfov Nizami Bayram oğlunun sosial şəbəkələrdə müraciəti yayılıb. Müraciətdə ona məxsus torpaq sahəsinin əlindən alındığı iddia edilir.

Modern.az-ın əməkdaşı məsələ ilə bağlı Salyan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. Sorğumuza cavab olaraq bildirilib ki, doğrudan da həmin ailəyə məxsus torpaq sahəsi olub. Ancaq 06.07.2018-ci ildə həmin ailə notarial qaydada torpaq sahəsini 30 (otuz) min manat almaqla satıb.

Rəsmi məlumatda o da qeyd edilir ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 27 fevral 2001-ci il tarixli 36-s saylı sərəncamı ilə qış otlaq sahəsindən 95 hektar ərazi qoyunçuluğun inkişafı üçün 15 il müddətinə “Bayram” kəndli fermer təsərrüfatına icarəyə ayrılıb. İcarə müddəti 2016-ci ilin 27 fevralında başa çatıb.

Müqavilənin başa çatmasına baxmayaraq, yeni icarə müqaviləsi üçün müraciət edilməyib və torpaq sahəsindən qanunsuz olaraq istifadəyə davam edib.

Yalnız 2017-ci ildə rayonda yeni “Aqropark” yaradılarkən təsərrüfat rəhbərliyi müraciət edib. Ancaq “Aqropark”ın yaradılması ilə əlaqədar göstərilən ərazidəki torpaqlar dövlət fonduna geri qaytarılıb.

Bunun əvəzində bütün torpaq icarədarlarına, o cümlədən “Bayram” kəndli fermer təsərrüfatı rəhbərliyinə yeni torpaq sahələri təklif olunub. Ancaq sonradan məlum olub ki, 06 iyul 2018-ci ildə “Bayram” kəndli fermer təsərrüfatı ona məxsus olmayan, ancaq bundan əvvəlki illərdə icarəyə götürdüyü əraziləri və qoyunçuluq üçün nəzərdə tutulan tikililəri 30 (otuz) min manat müqabilində notarial qaydada sataraq oradan çıxıb.

Təəccüblüsü odur ki, “Bayram” kəndli fermer təsərrüfatı ona məxsus olmayan, 15 il üçün icarəyə götürdüyü əraziləri satdığı halda yenidən həmin ərazinin geri qaytarılmasını tələb edib.

Salyan Rayon İcra Hakimiyyətindən bildirilib ki, 1 may 2020-ci ildə şikayətçi Gülsüm Nəcəfovanın qaynı oğlu Nəsəfov Rəhman Elman oğlu icra başçısı tərəfindən qəbul olunub, müraciəti əsasında ona 10 hektar torpaq sahəsi təklif olunub. Lakin qarşı tərəf bundan imtina edib və qohumlarının icarəsində olmuş əvvəlki torpaq sahəsinin ona verilməsini tələb kimi irəli sürüb. Təbii ki, bu da mümkün olmayıb. Çünki bu ərazi o ailə tərəfindən notarial qaydada başqasına satılıb.

Salyan Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə yayılan məlumatların tam əsassız olduğunu, məsələnin onlara heç bir aidiyyatı olmadığını bildirib. Sonda məsələni təsdiq edən sənəd də təqdim olunub.





Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Böyükağa Islamov - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.
Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.
Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.
Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin müdiri Böyükağa İslamovdur.

Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin müdiri Böyükağa İslamov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Böyükağa İslamov bu işin müqəddəsliyini qoruyub saxlayır. Böyükağa İslamov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Böyükağa İslamovdan danışdılar yaxşı ki, Böyükağa İslamov Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin müdiri təyin olunub… Böyükağa İslamov öz isguzarlığı ilə tanınır və seçilir….

Böyükağa İslamov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.


Ona etibar edilən bütün işlərdə Böyükağa İslamov özünü doğruldub. Bizdə hörmətli Böyükağa İslamovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Böyükağa Islamov: 10 may Ümummilli lider Heydər Əliyevin doğum günüdür



Zamiq Həsənov: 10 may Ümummilli lider Heydər Əliyevin doğum günüdür

Xəzər Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Böyükağa Islamov - Ulu öndər Heydər Əliyevin anadan olmasından 97 il ötür. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayır, onun nurlu və doğma siması göz önündə canlanır.

Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.

Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib.

Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günündə onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir, xatirələr dilə gəlir.

Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.

AZƏRTAC-ın arxivində Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələlərini əks etdirən çoxsaylı fotoşəkillər qorunub saxlanılır. Bu fotolardan nurlu, bəzən gülümsər, bəzən qayğılı və düşüncəli sima boylanır. Biz Heydər Əliyevi ailə üzvləri arasında, iş başında, müxtəlif tədbirlərdə, insanlar arasında görürük. Bu tarixi fotolar bizi illər arxasına çəkib aparır, ötən günlərə qaytarır. Baxıb təsirlənirik, baxıb qürur duyuruq.

Heydər Əliyev respublika rəhbərliyinə gəlişi ilə həyatın ritmini dəyişdi

Ötən əsrin 70-ci illərində Azərbaycan keçmiş SSRİ-nin geridə qalmış ucqarlarından biri hesab olunurdu. O vaxtadək respublikaya rəhbərlik edənlər bununla barışır, vəziyyəti dəyişməyə cəhd göstərmirdilər. Bu xoşagəlməz tendensiya Azərbaycan KP MK-nın 1969-cu il iyul plenumuna qədər - Heydər Əliyev birinci katib seçilənədək davam etdi.

Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi ilə həyat ritmi dəyişdi: bütün sahələrdə görünməmiş canlanma və inkişaf, nəhəng tikinti-quruculuq işləri başlandı. Bakıda o dövr üçün nadir müəssisələr (məsələn, məişət kondisionerləri, dərin dəniz özülləri zavodları), paytaxtımıza bu gün də yaraşıq verən ictimai binalar (“Gülüstan” sarayı, Heydər Əliyev Sarayı) tikildi, nəhəng yaşayış massivləri (Yeni Əhmədli, Günəşli) salındı. Kənd təsərrüfatı məhsulları, xüsusən pambıq, üzüm, tərəvəz istehsalı dəfələrlə artdı. Bunun nəticəsi olaraq, əhalinin güzəranı da yaxşılaşdı, bir çox sosial layihələr həyata keçirildi. Siyasətşünaslar bu illəri haqlı olaraq Azərbaycanın dirçəliş və yüksəliş dövrü kimi səciyyələndirirlər.

Yaşlı nəslin yadında olar: Heydər Əliyevə qədər respublikanın birinci şəxsi, eləcə də digər vəzifə sahibləri kabinetdən kənara nadir hallarda çıxırdılar. Onlardan fərqli olaraq, Heydər Əliyev bölgələrə tez-tez səfərlər edir, insanlarla bilavasitə ünsiyyət qurur, onların problem və qayğıları ilə şəxsən maraqlanırdı. Onun alimlər, yazıçılar, mədəniyyət xadimləri ilə görüşləri ənənəyə çevrilmişdi. Bu ağ-qara fotolar həmin anları, Ulu Öndərin birinci hakimiyyəti dövrünün müəyyən məqamlarını özündə yaşadır, bizi xəyalən həmin illərə qaytarır.

Heydər Əliyevin həyatının Moskva və Naxçıvan dövrü

Heydər Əliyev Siyasi Büronun üzvü seçiləndə, bir qədər sonra Moskvaya vəzifəyə gedəndə Azərbaycanda insanlar çox sevinir, bir-birini təbrik edirdilər. Bu, iki amillə izah olunurdu. Birincisi, azərbaycanlının SSRİ kimi nəhəng dövlətin hakimiyyət iyerarxiyasında yüksək mövqe və vəzifə tutması həqiqətən qürurverici hadisə idi. İkincisi, Heydər Əliyevin siyasi elitanın zirvəsinə yüksəlməsi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilməsi Azərbaycanın xeyrinə işləyə bilərdi: onun bir əli Vətənin üstündə olacaqdı. İnsanlar bu düşüncələrində yanılmadılar. Heydər Əliyev artan nüfuzundan və mərkəzi hökumətdə ikinci şəxs olaraq vəzifə imkanlarından istifadə edərək, İttifaq büdcəsindən Azərbaycana mümkün qədər çox vəsait ayrılmasına, bir sıra irimiqyaslı layihələrin Bakıya salınmasına nail oldu. İttifaq miqyasında gördüyü nəhəng işlər, fitri təşkilatçılıq bacarığı onun şöhrətini getdikcə artırırdı. Obyektiv siyasətçilər hesab edirdilər ki, Heydər Əliyev Baş katib vəzifəsinə ən yaxşı namizəddir.

Sonra məlum hadisələr baş verdi. Mixail Qorbaçov siyasi hakimiyyətə gəldikdən sonra Heydər Əliyevə münasibət dəyişdi, ona qarşı həsəd və qısqanclıq hissləri baş qaldırdı. Ölkə rəhbərliyi ilə aralarında yaranmış ixtilaflar və ciddi fikir ayrılığı səbəbindən istefa verdi. Bununla eyni vaxtda Azərbaycanın qara günləri başladı. Onda da, indi də bir çoxları əminliklə deyirlər ki, əgər o vaxt Heydər Əliyev rəhbərlikdə olsaydı, nə Qarabağ, nə də 20 Yanvar hadisələri baş verməzdi.

Bu ağır günlərdə Ulu Öndər vətəni Azərbaycana qayıtdı. Kremlin köləsi olan rəhbərlik onun Bakıya yolunu kəsdiyi üçün doğulub boya-başa çatdığı Naxçıvana üz tutdu. Həmin vaxt çəkilmiş fotoşəkillərdə əhalinin onu necə coşqu ilə qarşıladığı, Naxçıvan həyatının bəzi anları əksini tapıb. Heydər Əliyev ona bəslənilən ümidləri doğrultdu: muxtar respublikanı erməni təcavüzündən, siyasi təlatümlərdən qorudu. Üçrəngli bayrağımız 70 ildən sonra ilk dəfə məhz Naxçıvanda ucaldıldı. Onun muxtar respublikaya rəhbərliyi dövründə qəbul olunmuş taleyüklü qərarlar Azərbaycan tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. 1990-cı illərin əvvəllərində azadlıq və nicat küləkləri məhz Naxçıvandan əsirdi. Ağır günlər keçirən xalq gözünü Heydər Əliyevə dikmişdi.

Heydər Əliyev: xalqın xilaskarı və müstəqil Azərbaycanın banisi

1993-cü ildə Azərbaycan tufanlı dənizdə yelkənsiz gəmiyə bənzəyirdi. Dalğalar bu gəmini hər an qayalara çırpıb batıra bilərdi. Son dərəcə mürəkkəb və ağır vəziyyətdə xalqın təkidli çağırışları ilə hakimiyyətə qayıdan Heydər Əliyev məsuliyyəti və xilaskarlıq missiyasını cəsarətlə çiyinlərinə götürdü. Azərbaycanı çətin sınaqlardan, siyasi fırtınalardan sağ-salamat çıxararaq sakit limana gətirə bildi. Separatizmin, dövlət çevrilişi cəhdlərinin qarşısını qətiyyətlə alaraq ölkəni parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas etdi. Yenicə yaranmaqda olan nizami ordu ermənilərin torpaqlarımıza aramsız hücumlarını dayandıra bildi, Qarabağ müharibəsində atəşkəsə nail olundu.

Çətinlik isə bir deyildi, iki deyildi. Dövlət xəzinəsi tamam boşalmışdı. Ölkə iqtisadiyyatı dərin böhran yaşayırdı. Sənayeni, kənd təsərrüfatını dirçəltmək uzun illər tələb etdiyindən qeyri-adi həll variantları tapmaq lazım idi. Opponentlərindən fərqli olaraq, Heydər Əliyev uğur açarının harada olduğunu bilirdi. Bilirdi ki, ölkəni düşdüyü çətin vəziyyətdən, dərin iqtisadi-sosial böhrandan yalnız neft gəlirləri ilə çıxarmaq olar. Neft isə dənizin dibində idi, onu çıxarmağa Azərbaycanın gücü çatmazdı. Ölkədə siyasi-ictimai sabitliyin hələ yetərincə möhkəm olmadığı bir vaxtda xarici şirkətlər riskə gedib Azərbaycan neftinə sərmayə qoyacaqdılarmı? Heydər Əliyev “Amoko”, “BP”, “Yunokal”, “LUKoyl”, “Statoyl”, “Ekson”, “İtoçu” kimi nəhəng şirkətləri inandırmağı bacardı. Bu inamın əsasında təbii ki, ilk növbədə Heydər Əliyev şəxsiyyətinə olan etibar dayanırdı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın inkişafının, gələcək uğurlarının başlanğıc nöqtəsi oldu. Bu müqavilədən əldə olunan ilk neftin Ulu Öndərdə necə böyük sevinc hissi doğurduğu yadınızdadırmı: Onun gözləri gülür, neftli əlini üzünə çəkir və bu unudulmaz an fotoobyektivin yaddaşına köçür.

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ikinci dövrü bu və digər taleyüklü hadisələrlə zəngindir. Fotoşəkillər bizi bir daha həmin tarixi günlərə qaytarır, bu dahi şəxsiyyətin titanik fəaliyyətinin ayrı-ayrı məqamlarını göz önündə canlandırır.

Əbədiyyət simvolu

Fəxri xiyaban. Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən bu xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər, hər bir mötəbər qonaq bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirir.

Hər il mayın 10-da Fəxri xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fotoobyektiv bu anları da tarixin yaddaşına köçürüb. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük oğluna olan məhəbbət və ehtiramının ifadəsi olaraq bu fotolarda əksini tapıb. Onları seyr etdikcə tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq.