![]() |
![]() |
Bakıda avtomobil ehtiyat hissələri kəskin bahalaşıb. Əksər maşın detallarında 30 faizə yaxın bahalaşma müşahidə olunur. Səbəb isə son gömrük islahatlarından sonra rüsumların artmasıdır. Gömrük rüsumlarının artması son nəticədə bazarda qiymətlərə təsir edir. Bu isə alıcılığı azaltdığından satıcılar bütün gəlirlərini satdıqları məhdud saydakı mallardan əldə etmə istəyirlər. Bu durum müştərilərin də narazılığına səbəb olur.
Musavat.com-un müxbiri Nizami rayonunda yerləşən “Maşın bazarı” adı ilə tanınan avtomobillərin ehtiyat hissələri bazarında bahalaşmanın səbəblərini araşdırıb. Məlum olub ki, qiymət artımının əsas səbəbi gömrük rüsumlarının yüksək olmasıdırsa, digər səbəbi bazar rəhbərliyinin satıcılara “divan” tutmasıdır. İcarə haqlarının həddindən artıq yüksək olması da son nəticədə ehtiyat hissələrinin qiymətinə təsir edir.
Yay aylarında bazarda durğunluq yaransa belə bazar rəhbərliyi tərəfindən hər hansı güzəşt edilmir. Sahibkarlar yay aylarında öz dillərilə desək, kisələrindən yeməyə məcbur olurlar. Ta ki vəziyyət düzələnə kimi…Bazarın ən qaynar dövrü təbii ki, qış ayları sayılır. Avtomobillərin ehtiyat hissələrinə tələbat artır.
Adının çəkilməsini istəməyən satıcı aylarla üzünü görmədikləri bazarın rəhbəri Rasim Salmanovun qoyduğu icarə haqlarının həddindən artıq yüksək olmasından şikayətləndi: “Ölkənin heç bir yerində bu qədər icarə haqqı verilmir. Bazar rəhbərliyinə şikayətimizi çatdıra bilmirik, çünki çox zaman burada olmur. Özünü görəndə isə ətrafındakılar bizi uzaqlaşdırırlar. Heç bir satıcı icarə haqlarının bu qədər fantastik qiymətlə qoyulmasını qəbul edə bilmir. Dəfələrlə Rasim Salmanovdan icarə haqlarının bir qədər endirməsini xahiş etmişik. Onun sözü bu olub ki, “işləyirsən işlə, işləmirsən yaxşı yol”. Bir sözlə, özü qazansın deyə millətin də cibinə girir. Çünki icarə haqları da malların qiymətin təsir edir”.
Bazarda müşahidə aparan zaman öyrəndik ki, icarə haqlarının baha olması sahibkarları müflis duruma salıb: “İcarə haqqını verə bilməyən obyektlər bir-bir sıradan çıxırlar. Əlində bir qədər vəsaiti olan sahibkarlar isə məhz onu xərcləməklə bizneslərini ayaqda tuta bilirlər”.
Qeyd edək ki, icarə haqları 1 kvadratmetrə görə 700-1000 manat arasında dəyişir. Avtomil açarlarının təmiri ilə məşğul olan usta 1,5 kvadratmetrlik obyekt üçün aylıq 1200 manat yerpulu ödədiyini dedi.
Təkər satışı şöbəsində isə təqribən 20-25 kvadratmetrlik yerin aylıq icarə qiyməti 1700-2000 manatdan başlayır. Ancaq məsələ bununla bitmir, bazara daxil olan hər təkərə üçün əlavə olaraq 1 manat ödənilir.
Satıcılar bu sistemlə nəinki qazanc əldə etdiklərini, əksinə hər ay ciblərindən xərclədiklərini bildirdilər: “Yay mövsümü təkər satışı üçün əlverişli vaxt deyil. Çünki insanlar daha çox istirahətə çəkilirlər. Bizim işimiz sentyabr ayından başlayır. O zaman yaxşı qazanc əldə edə bilirik. Yay aylarında isə mayamızdan yeyirik. Buna baxmayaraq, bizə heç bir güzəşt edimir. İki satıcı idik, qazanc olmadığından birimizi işdən çıxartdılar. Təsəvvür edin ki, 1700 manat aylıq icarə haqqı veririk, üstəgəl də gündəlik xərclərimiz… Sual verə bilərsiniz ki, əgər bizim qazancımız yoxdursa, niyə işləyirik? Səbəb odur ki, icarə haqqını verdikdən sonra yay aylarına maksimum 350-400 manat pul qalır olur. Təkərlərin və digər ehtiyat hissələrinin daşınma xərcini də hesablasaq, demək olar ki, müflis olmağa doğru gedirik”.
“Leş bazarı” adlanan hissədə isə maraqlı qaydalarla tanış olduq. Öyrəndik ki, sahibklarlar kassa üçün aylıq 270 manat vergiyə, 30 manat isə zibil puluna verirlər. Satıcılar zibilpulu üçün yığılan məbləğin yüksək olduğu bildirirlər. Belə ki, 100-ə yaxın obyektin hər birindən 30 manat aldıqda, bu aylıq 3000 manat vəsait edir. Bundan əlavə, sıradan çıxmış avtomobilləri bazara gətirən sahibkarlar, hər maşın üçün sahibkara 140 manat ödəyirlər. İcarə haqqı ödənilən bir obyektə “metallom maşın” gətirilməsinə görə, əlavə pul yığılmasının isə məntiqi bəlli deyil. Bir sözlə bazarda özbaşınalıq hökm sürür və xırda sahibkarlığın sıradan çıxmasına səbəb olur.
Gömrük rüsumlarına gəlincə, ehtiyat hissələrinin yığılması üçün olan 1 kubmetrlik dəmir qutu üçün dövlət rüsumu 1100 dollardır. Ancaq əvvəllər bu məbləğ 350 dollar olub. Yəni, son 3 ildə bir tərəfdən gömrük rüsumu 3 dəfə artıb, digər tərəfdən devalvasiya nəticəsində dollar 2 dəfədən artıq bahalaşıb. Sahibkarların sadəcə rüsumla bağlı xərclərinin 5 dəfə artması qiymətlərin də adekvat olaraq artımına gətirib çıxarıb.
Qeyd edək ki, mövzu ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq…
Bu gün səhər saatlarında Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə Tbilisi prospektindən üzü şəhər istiqamətində qeydə alınıb.
Yük maşını və minik avtomobili arasında baş vermiş qəzada ciddi problem yaşanmasa da, yolda tıxac yaranıb. Səbəb isə qəzadan sonra hər iki avtomobilin sürücüsünün nəqliyyat vasitələrini yolun ortasında saxlaması olub. Digər sürücülərin yolu açmaq tələbinə cavab olaraq qəza törədənlər sığorta mütəxəssisi hadisə yerinə gələnə qədər avtomobillərini burada saxlayacaqlarını deyiblər. Nəticədə isə Tbilisi prospektindən Moskva prospektinə qədər olan yolda uzun tıxac yaranıb.
Uşaqlar valideynlərində nəinki xarici görünüş, göz, saç rəngi, təəssüf ki, bir çox xəstəlikləri də “hədiyyə” alır. Genetiklər bildirir ki, xüsusən anadan uşağa keçən tipik qadın xəstəlikləri, eləcə də sırf atadan övlada keçən kişi xəstəlikləri vardır. Burda nə ananın, nə uşağın rolu, günahı yoxdur. Eləcə də qız-oğlan fərq etmir, oğlan uşaqlarına da anadan bir sıra xəstəliklər ötürülür.
Minval.info Medicina.az-a istinadən anadan miras qalan xəstəliklərin siyahısını təqdim edir.
-Miqren – tipik qadın xəstəliyidir. Kişilərdə də varsa deməli anasından ötürülüb.
Statistika göstərir ki, miqren 80% hallarda anadan keçmiş iris xəstəlikdir. Bir gen vardır ki, onun işi pozulanda ətraf aləmdən beyinə qıcıqlandırıcı siqnallar gedir. Eləcə də miqren estrogen və progesteronun dəyişməsi ilə, azalıb yüksəlməsi ilə bağlı ola bilər.
-Bəzi onkoloji xəstəliklər – ilk növbədə süd vəzi, uşaqlıq və yumurtalıq xərçəngi anadan qıza ötürülə bilir. Bu 100% demək deyil. Amma risk var.
Araşdırmalar göstərib ki, 15% hallarda qızlara onkoloji xəstəliklər anadan və ya nənədən- qadın xəttindən ötürülmüş olur. Onkoloji xəstəliyi yaradan mutasiya olunmuş gen ana, nənə və ana xəttində qadında nə qədər gənc yaşda aşkar olunubsa, onun növbəti nəsildə qızlarda rast gəlinməsi riski daha çoxdur.
-Bədən quruluşu, anomaliyalar və vərdişlər
Yəqin eşitmisiz, uşaq üçün deyirlər, elə bil anasının burnundan düşüb. Sübut olunub ki, ana gəncliyində nə qədər yaxşı bədən quruluşu, hündür boylu olubsa, onun qızı 50% bu bədən quruluşunu təkrarlaya biləcək. Əgər ana uşaqlıqda piylənməyə meyilli idisə, 50% halda onun uşaqları da eyni halı yaşayacaq. Alimlər bildirir ki, əgər ana və ata hər ikisi uşaqlıqd artıq çəkili olubsa, uşaqları 70% halda artıq çəkili olacaq.
-Depressiya və psixi pozğunluqlar
Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərova yeni vəzifə verilib.
“Report”un əldə etdiyi məlumata görə, o, Bakı Dövlət Universitetinin (BDU) Ümumi dilçilik kafedrasının müdiri seçilib.
Bu barədə qərar BDU-nun Filologiya fakültəsinin Elmi Şurasının iclasında qəbul edilib. N.Cəfərov kafedra müdiri vəzifəsində filologiya elmləri doktoru, professor Əbülfəz Rəcəblini əvəzləyib.
Akademik N.Cəfərov əvvəllər həmin kafedranın professoru vəzifəsində işləyib.
Bundan başqa, Elmi Şuranın iclasında Filologiya fakültəsi üzrə daha 4 kafedranın müdiri vəzifəsinə seçkilər keçirilib.
Seçkilərin nəticələrinə əsasən, professor Ədibə Paşayeva Rus ədəbiyyatı tarixi kafedrasının müdiri seçilib. O, bundan əvvəl universitetin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri işləyib.
Ali məktəbin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri də dəyişib. Belə ki, bu vəzifə filologiya üzrə elmlər doktoru, professor İlhamə Hacıyevaya həvalə olunub. İ.Hacıyeva bundan əvvəl Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib.
Əvvəllər Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Səidə Abbasova olub.
İclasda filologiya elmləri doktoru, professor Hüseyn Əsgərov yenidən BDU-nun Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Mikayıl Cəfərov isə yenidən Təbiət fakültələri üzrə rus dili kafedrasının müdiri seçiliblər.
Bu gün əməliyyat zamanı sidik kisəsindən xəsarət alan Bakı şəhər sakini 33 yaşlı Gülçin Nəsib qızı Aslanovanın ginekoloq Aytən Səfərovaya qarşı iddiası üzrə çıxarılmış məhkəmə qərarından apellyasiya şikayəti əsasında məhkəmə prosesi keçirilib.
Minval.info Cebhe.info-ya istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə hakim Elşad Şamayev sədrlik edib. Məhkəmə iclasında iddiaçı, onun vəkili və cavabdeh tərəfin nümayəndəsi iştirak edib. Açıq keçirilən məhkəmə prosesində hakim hər iki tərəfin birinci instansiya məhkəməsinin çıxardığı qərardan apelyasiya şikayəti verdiyini bildirib. Məlum olub ki, həkim A.Səfərova iddiaçı tərəfə barışıq təklif edir.
Qeyd edək ki, Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırovanın sədrliyi ilə G.Aslanovanın həkim-ginekoloq Aytən Səfərovaya qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbi ilə iddiasına bu ilin martında baxılıb. Zərərçəkən tərəf həkimə cinayət işinin açılmasını, əməliyyat xərclərinin qaytarılmasını və əlavə olaraq 50 min manat təzminat ödənilməsini tələb edib. Məhkəmə hesab edib ki, G.Aslanovanın sağlamlığına məhz Aytən Səfərovanın icra etdiyi cərrahiyyə əməliyyatı zamanı ziyan dəyib.
Məhkəmənin qərarı ilə A.Səfərova iddiaçıya 7 min 108 manat 67 qəpik, eləcə də mənəvi zərər kimi 200 manat ödəməlidir. Ayrıca şikayətçinin Aytən Səfərovanın məsuliyyətə cəlb edilməsi ilə bağlı Səbail Rayon Məhkəməsinə verdiyi digər iddiasına da baxılıb və məhkəmə işin yenidən araşdırılmasına qərar verib.
Onu da vurğulayaq ki, Bakı Şəhər Prokurorluğuna həkim-ginekoloq A.Səfərovaya cinayət işinin açılması ilə bağlı edilən müraciət baxılması üçün Səbail Rayon Prokurorluğuna göndərilib. Hazırda Səbail RP-da işə baxılır.
“Bakıdakı “Qrifonlu ev” kimi tanınan tarixi binanın sökülməsi ilə bağlı yayılan xəbərlər şayiədir”.
Bunu “Report”a açıqlamasında Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri İntiqam Hümbətov deyib.
O bildirib ki, bina yerli əhəmiyyətli tarixi abidədir: “Abidənin təmir olunması üçün layihə Mədəniyyət Nazirliyinə təqdim olunub. Abiədədə təmir-bərpa işləri həyata keçiriləcək, onun sökülməsindən söhbət gedə bilməz”.
Qeyd edək ki, Facebook sosial şəbəkəsində binanın söküləcəyi iddia olunub.
Bina memar İ.V.Edelin layihəsi əsasında 1894–1896-cı illərdə B. Lazerevin sifarişi əsasında inşa edilib. Azərbaycan Demokratik Respublikasının mövcudluğu illərində burada Gürcüstanın diplomatik nümayəndəliyi yerləşib. Sovet illərində burada bir çox məşhur bakılılar yaşayıb.
Müstəqilliyin əldə edilməsindən sonra, bu binada bir müddət Gürcüstanın səfirliyi yerləşirdi, ancaq sonradan səfirlik başqa yerə köçürülüb.