![]() |
![]() |
Bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna start verilir.
“Qafqazinfo” xəbər verir ki, iyulun 3-dək davam edəcək prosesə qatılmaq üçün namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Əlavə məlumatı bu linkdən əldə edə bilərsiz.
Dağıstanda bir neçə Azərbaycan vətəndaşı köləyə çevrilib. Üstəlik, bunu edənlər elə həmvətənləri olub. DİN İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsi qanunsuz azadlıqdan məhrumetmə və icbari əməyə cəlb etmə maddələri üzrə cinayət işi açıb.
Bu barədə Azərbaycan Respublikası DİN-dən məlumat verilib.
Hazırda fakt üzrə araşdırma aparılır, Azərbaycan vətəndaşlarının xarici dövlətin ərazisində istismarında iştirak etmiş şəxslərin əhatə dairəsi müəyyən edilir. Şübhəli şəxslərin saxlanılaraq, məsuliyyətə cəlb olunması üçün Dağıstanın hüquq-mühafizə orqanları ilə danışıqlar aparılır.
DİN-dən bildiriblər ki, istintaqın davam etməsi ilə əlaqədar araşdırmanın təfsilatları barədə məlumat verə bilməzlər, bununla belə, cinayətdə təqsirli olan hər kəsin cəzalandırılacağını söyləyiblər.
Bu arada, Bakı sakini Elşad Ağayev Oxu.Az-a istismarçıların Dağıstanda azərbaycanlıların başına hansı oyunlar açdıqlarından danışıb. Köləlikdən qaçmağa nail olmuş azərbaycanlılardan biri E.Ağayevin qohumudur. O, Ağayevə cinayətkar qrupun tələsinə necə düşdüyünü və köləlikdə olarkən onunla necə davrandıqlarını danışıb.
1965-ci il təvəllüdlü Hadıyev Sevdiyar Muxtar oğlu Lerik rayonunun Piran kəndinin sakinidir. Bir neçə cəhddən sonra əsarətdən qaçmağı bacarıb. Azərbaycana geri dönər-dönməz DİN-ə şikayət ərizəsi ilə müraciət edib.
10 iyul 2018-ci ildə işsiz S.Hadıyevə Lənkəran rayonundan olan qohumu Vidadi Mirzəcanov yaxınlaşıb. O, bir nəfərin məşğulluq sahəsində çalışdığını və ürəyi istəsə, onu həmin kişi ilə tanış edə biləcəyini söyləyib.
S.Hadıyev həmin vaxt işə çox ehtiyacı olduğundan razılıq verib. İyulun 16-da Mirzəcanov həmin şəxslə görüşüb və sonuncu növbəti gün Hadıyevin Bakıya gəlməsini istəyib.
İyulun 18-də metronun “Koroğlu” stansiyasının qarşısında S.Hadıyevi “90 TU 367” nömrə nişanlı, “Opel” markalı maşında Tahir H. (redaksiyada bütün şübhəlilər barədə şəxsi məlumatlar olsa da, istintaqın davam etməsini nəzərə alaraq, adlar şərti verilir – red.) qarşılayıb.
“O, Sevdiyarı maşına əyləşməyə dəvət edib. Orada tanış olublar, sürücü Tərlan N. adlı biznes şərikinin olduğunu və birlikdə Mahaçqalanın “Uçxoz” məhəlləsində yerləşən fermada 10 tərəvəz istixanasına sahib olduqlarını söyləyir.
Tahir H. bildirib ki, S.Hadıyev aya 20 min rubl (533 manat) maaşa razılaşsa, onu özü ilə apara bilər. Onlar elə həmin gün Azərbaycan-Rusiya sərhədini keçiblər”, – deyə E.Ağayev bildirib.
Yolda olanda Tahir H. mütəmadi olaraq Azərbaycandan Dağıstana (Mahaçqalaya) fəhlələr daşıdığını dilə gətirib. Təyinat nöqtəsinə çatdıqdan sonra Tahir H. fəhləni öz şəriki ilə tanış edib və müvəqqəti yaşayış qeydiyyatına salmaq bəhanəsi ilə onun pasportunu alıb. Ancaq nə Hadıyevin pasportu qaytarılıb, nə də onu yaşayış qeydiyyatına salıblar. Bundan başqa, S.Hadıyevin mobil telefonunu da əlindən alıblar.
Artıq bir neçə gündən sonra “işəgötürənlər”in azərbaycanlıya olan münasibəti dəyişib. Qeyd edək ki, şəriklərin xiyar və pomidorun yetişdirildiyi istixanalarında Hadıyevdən başqa, bir neçə azərbaycanlı da olub. Onlar ağır şəraitdə yaşayıb. Fəhlələr harada gəldi yatıb, onlara ən adi çarpayı belə verilməyib. “Əsirləri” faktiki olaraq ac saxlayıblar.
Başqa bir zərərçəkən – Səlahət Yasubovun polisə təqdim etdiyi şikayət ərizəsinə görə, onları hər gün 04:00-da oyadıblar. İş saat 05:00-da başlayıb və axşam 21:00-a kimi davam edib. Saat 12:00-da (günorta) fəhlələrə şirinçay və çörək, axşam saat 20:00-da isə qaynadılmış kartof veriblər. “Sözə baxmayan əsirləri” döyüblər.
S.Yasubovun dişlərini sındırıblar. İstixana hüdudlarından kənara heç kim çıxa bilməyib. Ərazini iki çoban iti mühafizə edib. Nadir hallarda əsirlərə mobil telefon verib, nəzarətçinin qarşısında ailələləri ilə əlaqə saxlamalarına (sağ-salamat olduqlarını bildirmək üçün) icazə veriblər. Aydın məsələdir ki, onlara heç bir məvacib verməyiblər.
S.Hadıyev dörd ay on gün ağır şəraitdə işləyib və yaşayıb. Noyabrın 18-də o, qaçmaq üçün pasportunu götürməyə cəhd edib, ancaq çoban iti onun üzərinə atılaraq əlini ağır yaralayıb.
Nəyahət, noyabrın 29-da fürsətdən istifadə edərək, dörd metrlik hasarı aşaraq qaçıb. Yolda o, polis əməkdaşına rast gəlib və başına gələnləri ona danışıb. Hadıyevə kömək etmək üçün asayiş keşikçisi onunla fermaya qayıdıb. Yarım saat ərzinə polis əməkdaş Tərlan N. ilə söhbət aparıb. Hüquq-mühafizə orqanı əməkdaşı köləlikdən qaçmış Hadıyevin pasportunu fermerdən almağa nail olur.
Polis əməkdaşı ona Azərbaycana qayıtmağı və oradan istismarçılardan yerli hüquq-mühafizə orqanlarına şikayət etməyi tövsiyə edib. Ancaq Tahir H. Hadıyevin içində olduğu avtobusa çataraq onu saxladıb. Sonuncu onun avtomobilə minməsini xahiş edib, onunla söhbət etmək istədiyini bildirib. Ona Bakıya çatan kimi 80 min rubl verəcəyini and-aman edib, polisə şikayət etməməsi üçün yalvarıb. S.Hadıyev onun sözlərinə inanıb.
Tahir H. yolüstü sərnişinlər toplayaraq, onlarla birlikdə Hadıyevi Bakıya çatdırıb. Ancaq zərərçəkəni yenə aldadıblar. Tahir H. ona vəd etdiyi pulu vermir. Burada köləlikdən qaçmış Hadıyev Elşad Ağayevlə əlaqə yaradıb, sonuncu onu evinə çatdırıb.
Bir neçə gündən sonra S.Hadıyevə poçtla beş min rubl göndərilir. Əmək istismarına məruz qalmış zərərçəkən hazırda günahkarların cinayət məsuliyyətinə cəlb edilməsini və 75 min rubl məbləğində pulun tutularaq, ona təzminat şəklində verilməsini tələb edir.
“Zərərçəkənlər iddia edir ki, qrup dörd nəfərdən ibarətdir və hər birinin öz funskiyası var. Göyçaylı Tərlan N. biznesi idarə edir. Tahir H. müəssisəni kölələrlə təmin edir. Başqa bir göyçaylı – Sarvan isə fermada işçilərə və onların qaçmamasına nəzarət edib. Bundan başqa, bir qadın da olub, onun adı hələlik bizə məlum deyil, yalnız o məlumdur ki, qadın təsərrüfatın mühasibat işlərinə cavabdeh olub”, – deyə mənbə bildirib.
Bu arada, Səlahət Yasubov köləlikdən 12 sentyabr 2018-ci ildə qaça bilib. Zərərçəkənin sözlərinə görə, fermada onunla Ucar rayonundan olan bir neçə fəhlə çalışıb. S.Yasubov S.Hadıyevdən fərqli olaraq, öz pasportunu ələ keçirə bilib.
Qeyd edək ki, S.Yasubovun ifadəsi onunla həmdərd olan Hadıyevin polisə təqdim etdiyi şikayət ərizəsində yazılanlarla üst-üstə düşür. Hər ikisi bildirib ki, onlara az qala İkinci Dünya Müharibəsi dövründə konsentrasiya düşərgələrində saxlanılan əsirlər kimi, bəlkə də, daha pis münasibət göstəriblər.
Elşad Ağayevin sözlərinə inansaq, istintaqın Mahaçqala fermalarında istismara məruz qalmış doqquz azərbaycanlı “kölə” barədə məlumatı var.
“Biz yalnız onu istəyirik ki, bütün cinayətkarlar qanun çərçivəsində ən sərt şəkildə cəzalandırılsın. XXI əsrdə yaşayırıq, amma köləlik hələ də çiçəklənməkdədir”, – deyə E.Ağayev söyləyib.
Bakıda avtomobil servis şirkəti iş üçün müraciət edən xanımdan tələb etdiyi ətək ölçüsü ilə sosial şəbəkədə müzakirəyə səbəb olub.
Minval.info xəbər verir ki, bu barədə məlumatı jurnalist Xədicə İsmayıl paylaşıb. O bildirib ki, universitet məzunu iş axtardığı üçün CV-ni elan saytına yerləşdirib. Ona “Mayson Car Club” adlı avto-servis məktub yazaraq şəkillərini istəyib.
Bundan başqa, şirkət ona “dress-code” göndərib. Həmin “dress-code”a əsasən ancaq qısa ətəkli xanımlar işə götürülür.
Şirkət məsələ ilə bağlı açıqlamasında Qafqazinfo-ya bildirilb ki, adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur:
“Bizim üçün hər bir əməkdaşımız dəyərlidir! Onu da bildirmək istəyirik ki, qadınlara qarşı aparılan “alçatma”, “ayrıseçkilik” və qanunsuz aparılan tədbirlərin əleyhinəyik. “Mayson Car Club” olaraq adminstrator vakansiyası üzrə tələb olunan şərtlərində qanuna və əxlaqa zidd hər hansı bir uyğunsuzluq yoxdur. Vakansiyaya müraciət edən namizədlərə vəzifə üzrə qeyd olunan şərtlər haqqında məlumatlar verilir və razı olduğu təqdirdə müsahibəyə çağrılır”.
“Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatında çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılması barədə sərəncam AMEA-nın Rəyasət Heyətində təmsil olunan və ona bağlı idarəetmə qurumlarında çalışan 300 nəfərdən çox əməkdaşa şamil edilir”. “Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.
Onun sözlərinə görə, sərəncam AMEA Rəyasət Heyəti Aparatının əməkdaşlarının əməkhaqqının 40 faiz həcmində qaldırılması Azərbaycanın sosial siyasətində inqilabi hadisədir:
“Bu sərəncam AMEA-nın Rəyasət Heyətində və ona bağlı idarəetmə qurumlarında təmsil olunan 300 nəfərdən artıq şəxsə aiddir. Bu, Azərbaycan Prezidentinin yerli ziyalılara, AMEA-ya göstərdiyi yüksək etimadı nümayiş etdirir. Prezident tərəfindən atılan bu böyük addım Azərbaycan elminin məsuliyyətini daha da artıracaq, onu yeni hədəflərə doğru inkişaf etdirəcək. Bu sərəncam AMEA-nın inkişafında həlledici əhəmiyyət kəsb edəcək. Akademiyanın bütün kollektivi adından Prezidentə dərin minnətdarlığımı bildirərəm. Əminəm ki, AMEA işçiləri dövlət qayğısının cavabını özlərinin əməli işlərində göstərə biləcəklər”.
“Minimum əmək haqlarının artırılması barədə imzalanan Sərəncam dövlət sektorunda çalışan 500 mindən çox işçiyə şamil olunacaq”.
Minval.info xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev “REAL” televiziyasına müsahibəsində deyib.
Onun sözlərinə görə, minimum əmək haqqı artımı bütün sahələrdə tətbiq olunacaq: “Apardığımız təhlillərə görə, özəl sektorda muzdla çalışan 300 minə yaxın insanın əmək haqqında artım müşahidə olunacaq”.
Nazir müavini qeyd edib ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliklərə görə, Azərbaycanda minimum pensiyanın məbləği bu ilin oktyabrın 1-dən 160 manatdan 200 manata çatdırılacaq: “Bu da təxminən 25% artımdır. Bu artım 700 minə yaxın insanı əhatə edəcək”.
Xəzər sahilindən cəmi 2 km məsafədə yerləşən Hövsan Yaşayış Kompleksinin tikintisi sürətlə davam etdirilir.
Mənzil İnşaatı Dövlət Agentliyindən minval.info verilən məlumata görə, gələn ilin birinci yarısında mənzillərin vətəndaşlara təklif edilməsi planlaşdırılır.
Bildirilir ki, 11 çoxmənzilli yaşayış binasından ibarət olan Hövsan Yaşayış Kompleksi 2962 ailəni mənzillə təmin edəcək.
Prezident İlham Əliyev dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncam imzalayıb.
Minval.info xəbər verir ki, sərəncama əsasən Azərbaycanın dövlət büdcəsindən maliyyələşən aşağıda göstərilən təşkilatlarda çalışan rəhbər və digər işçilərin aylıq vəzifə maaşları 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılır:
– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı;
– Heydər Əliyev Mərkəzi;
– “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi;
– Azərbaycanda Atatürk Mərkəzi;
– Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri;
– Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu;
– Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu;
– Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu;
– Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi;
– Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi;
– Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu.
Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılıb.