ABB korporativ sosial məsuliyyət layihəsi çərçivəsində daha bir kitabın nəşrinə dəstək verib.

Axar.az xəbər verir ki, bu, biznes təlimçisi Elşən Bədirxanovun “Maraqlı MBA - Rəhbərin masaüstü kitabı”dır. Fevralın 14-də “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə kitabın təqdimatı olub. ABB təqdimatdan dərhal sonra kitabın nüsxələrini ayrı-ayrı qurumlara, ölkəmizdəki bütün universitetlərə və mərkəzi kitabxanalara hədiyyə edəcək.

Uzun illər ölkəmizin müxtəlif biznes qurumlarında rəhbər vəzifələrdə çalışmış müəllif bu kitabı menecment təcrübəsi əsasında qələmə alıb. Kitab idarəetmə sahəsində əsas bilikləri özündə birləşdirir. Praktik nümunələrə əsaslanır. Burada dünyanın tanınmış biznes qurumlarının təcrübəsindən, nüfuzlu alimlərin fikirlərindən geniş istifadə edilir.

 

ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, kitabın mövzusu bu gün ABB-də baş verən inkişaf ruhuna uyğundur: “Müasir həyatımızda biznes inzibatçılığına dair biliklər çox önəmlidir. Bu cür kitablar inkişaf proseslərinin özünü doğrultmuş təcrübəyə uyğun aparılmasına, dəyişikliklərin düzgün idarə olunmasına şərait yaradır. Ana dilimizdə belə bilik resurslarının yaranması çox faydalıdır”.

Müəllif Elşən Bədirxanov isə qeyd edib ki, “Maraqlı MBA – rəhbərin masaüstü kitabı” rəhbərə lazım olan əsas bilikləri əhatə edir: “Bu, dərs vəsaiti deyil. İdarəçilik aləminə maraqlı bir səyahətdir. Əminəm ki, burada yazılanlar menecerlərə və karyera inkişafını planlaşdıran hər kəsə faydalı olacaq. Belə bir kitabın nəşrinə göstərdiyi köməyə görə ABB-yə minnətdarlığımı bildirirəm”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Bu gündən Azərbaycan Mərkəzi Bankı yenilənmiş 20 manatlıq əskinasları tədavülə buraxıb.

Bu barədə Axar.az-a qurumdan bildirilib.

Yeni pul nişanları hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

 

“Qarabağ” mövzusuna həsr olunmuş 20 manatlıqların mühafizə sistemləri və dizaynı mövcud kosepsiya çərçivəsində ən son texnologiya və innovasiyalar tətbiq edilməklə yenilənib. Pul nişanlarında ən son mühafizə elementləri olaraq 3D effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Live” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən təsvirlər), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və müvafiq nominalın rəqəmlə təsviri), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanlarının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanlarının arxa tərəfi şaquli olaraq dizayn edilib), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

Artıq ölkə ərazisində istifadə edilən bütün nağd pul sistemləri və avadanlıqları yenilənmiş 20 manatlıq pul nişanına uyğunlaşdırılıb (adaptasiya edilib).

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu fevral ayı üzrə pensiyaların ödənişinə başlayıb.

Axar.az xəbər verir ki, bu gün Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçirilib.

2022-ci ilin 1 yanvar tarixindən etibarən tətbiq olunan pensiya artımının yanvar ayı üçün olan artımı da fevral ayının pensiyası ilə birgə ödənilib.

 

Bundan başqa, 2022-ci il üzrə pensiyaçılara verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın rüblər üzrə bərabər bölünərək onlara verilməsi nəzərdə tutulub.

Həmin maddi yardımın birinci rübə düşən ilk hissəsi (50 manat) də fevral ayının pensiyasına əlavə olunaraq verilib.

Güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin və ölkəmizin digər bölgələrində yaşayan şəxslərin pensiyaları da bu ay müvafiq qrafik üzrə ödəniləcək.

Qulluq stajına görə əlavələrlə pensiya təyin edilən şəxslərə gələcəkdə veriləcək artımlar yeni qaydada hesablanacaq.

Axar.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

Onun özlərinə görə, hesablamalar zamanı müəyyən olunub ki, onların əmək haqlarında olan təxminən 20 faizlik artım həmin şəxslərin pensiyalarına cəmi 9,2 faizlik təsir edib:

"Amma əvvəlki illərə nəzər salsaq görərik ki, pensiyalar kifayət qədər böyük həcmdə ölkə üzrə indeksasiya olunur. Məsələn, keçən il indeksasiya 11,4 faiz, ondan əvvəlki ildə isə 16,6 faiz həcmində olub. Sığorta prinsipi ilə pensiya alan şəxslərin pensiyalarının indeksləşdirilmə üzrə artımları həmin şəxslərin əmək haqqılarındakı artımlar üzrə təsirini daha da üstələyir".

 

H.Məmişov qeyd edib ki, bu nəzərə alınmaqla həmin şəxslərə dövlət qayğısının gücləndirilməsi, onların pensiyalarının hər il artırılması və həmin pensiyaçıların maddi rifahının yüksəldilməsi üçün bu addım atılıb:

"Onların pensiyalarının əmək haqqı ilə bağlı deyil, indeksləşdirmə ilə artırılması metoduna keçirilib. Növbəti ildən bu metodologiya əsasında həmin şəxslərin pensiyalarının artımlarılması üçün qanunvericiliyə dəyişiklik hazırlanır".

Xatırladaq ki, Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Nazirlər Kabinetinə bu kateqoriyadan olan pensiyaçıların pensiyalarının indeksləşdirilməklə artırılması, habelə 2022-ci il üzrə maddi dəstəyin göstərilməsinə dair təkliflərini 1 ay müddətində təqdim edilməsi tapşırılıb.

Qeyd edək ki, qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxslər 99 min nəfərdir və əsasən pensiyaya çıxmış hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, dövlət qulluqçuları və b. ibarətdir. Mövcud qanunvericiliyə əsasən bu kateqoriyadan olan pensiyaçıların pensiyaları sığorta prinsipindən kənar formalaşdığına görə illik indeksasiyalar onların pensiyalarının ümumi məbləğinə şamil olunmur. Yeni Sərəncam isə bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq.