![]() |
![]() |
İnkişaf etmiş ölkələr qalıq yanacaqlardan istifadəni dayandırmağı təklif edir. Bunun üçün ağlabatan bir bəhanə var: qlobal istiləşməni dayandırmaq. Amma reallıqda ətraf mühit uğrunda mübarizə “yaşıl kapitalizm” adlanan gəlir mənbəyinə çevrilir. İqlim dəyişikliyi son illərdə qlobal təhlükə olaraq təyin olunduğundan bəşəriyyət yeni terminologiyada həll yolu axtarır. “Yaşıl kapitalizm” bəziləri üçün çox qeyri-müəyyən bir anlayışdır, bəziləri üçün isə yeni gəlir mənbəyidir. Eyni zamanda, onun təklif etdiyi həll yollarının nə dərəcədə nəticəyönümlü olacağı da məlum deyil.
“Yaşıl kapitalizm”in nə demək olduğuna aydınlıq gətirən mütəxəssislər onun ölkələr və şirkətlər tərəfindən necə istifadə edildiyini, iqlim dəyişikliyinə təsiri ətrafında müzakirələr apardığını açıqlayıblar. Dünyanın qlobal istiləşməsinə görə məsuliyyət daşıyan ABŞ, Çin və Avropa ölkələri iqlim böhranını həll etmək üçün milyardlarla dollar sərmayə qoyurlar. Bununla belə, bu dövlətlər indi istixana qazı emissiyalarında aparıcı rola, ağır sənayeyə doğru irəliləyişlərinə və guya mübarizə apardıqları iqlim böhranına davam edən mənfi töhfələrinə görə tənqid olunurlar. Bu ölkələr sənayeləşmədən böyük gəlir əldə edirlər.
Bu gün dünyada əsasən inkişaf etmiş ölkələr “eko-” prefiksi istiqamətində maliyyə və hüquqi tədbirlərə əl atırlar. Digər tərəfdən, alimlər xəbərdarlıq edirlər ki, istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması gecikir. Bu məsələ ilə bağlı ekspert rəyləri də kifayət qədər çoxdur. Bəziləri iddia edir ki, 2015-ci ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına əsasən imzalanmış və 2016-cı ildə qüvvəyə minmiş Paris Sazişi üzrə öhdəliklər iqlim böhranı ilə mübarizə üçün yetərli deyil. Digərləri isə işin sürətləndirilməsi ilə qəbul edilən qərarların həyata keçirilə biləcəyinə inanırlar. İqlim böhranını həll etmək üçün bütün dünyada geniş yayılmış konsensus iki nəsil ərzində, xüsusən də inkişaf etmiş ölkələrdə qalıq yanacaq istifadəsinə tam son qoymağı tələb edir. Lakin bu, inkişaf etmiş ölkələri fərqli investisiya yanaşmasına keçməyə və “yaşıl kapitalizm” adlı yeni iqtisadi konsepsiyanı qəbul etməyə məcbur edir.
Bəziləri iddia edir ki, iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün ortaya çıxan yaşıl kapitalizm bazar və texnoloji yeniliklər vasitəsilə ekoloji problemləri uğurla həll edə və növbəti sənaye inqilabına təkan verə bilən modeldir. Digərləri isə hesab edir ki, “yaşıl kapitalizm” anlayışı altında iqtisadi inkişafı yavaşlatmaq və ya məhdudlaşdırmaq kapitalist sisteminə ziddir və bununla bağlı həyata keçirilən ekoloji təmiz layihələr əslində nəzərdə tutulduğu kimi işləmir.
Yaşıl kapitalizm və mənfəətə əsaslanan sistem, o cümlədən emissiya ticarəti vasitəsilə aparıcı ölkələr bazar yaratmaq istəyirlər. Eyni zamanda, bu sahədə texnoloji innovasiyaları təşviq etməyi hədəfləyirlər. Bunun vasitəsilə inkişaf etmiş ölkələr kimi müəyyən edilən ölkələr öz iqtisadi artımını və rifah səviyyələrini artırmağa çalışır və “iqlim dostu sənaye inqilabı”na başlayırlar.
“Yaşıl” və “kapitalizm” bir-birinə zidd olan iki anlayışdır
Professor Viktor Uollis müsahibəsində iqlim dəyişikliyi ilə kapitalizm arasındakı əlaqəni qiymətləndirərək qeyd edib ki, kapitalist sistem iqlim böhranının həlli yolunda ən böyük maneələrdən biridir. Onun fikrincə, kapitalizm iqtisadi sistem olaraq daim genişlənməyə meyllidir, lakin məhdud resursları olan planetdə genişlənmə dayanmadan davam edə bilməz. Uollis hesab edir ki, “yaşıl kapitalizm” anlayışının özündə də bir ziddiyyət var. "Yaşıl" təbiətə hörmət tələb edir, yaşıl kapitalizm isə mədən yanacaqlarından istifadə etmək əvəzinə yalnız günəş enerjisini elektrik enerjisinə çevirmək ideyasına əsaslanır. Bu modeldə qalıq yanacaqların istifadəsi günəş enerjisi kimi təmiz enerji ilə əvəz olunur. Hal-hazırda görülən hər şey eyni iqtisadi sistemdə davam etdirilə bilər.
Benzinlə işləyən avtomobillər əvəzinə elektrik avtomobillərindən istifadə yaşıl kapitalizm nümunəsidir. Bu avtomobillərin yaradılması üçün istifadə olunan materialların emalı və hasilatı zamanı yenidən qalıq yanacaqlardan istifadə olunması faktı nəzərə alınmır. Onun dediyi kimi, yaşıl kapitalistlər böyük neft şirkətlərinin böyüdüyünü və böyüməkdə davam etdiyini nəzərə almırlar
Bərpa olunan enerji qalıq yanacaqlardan daha ucuzdur
Almaniyanın Potsdam İqlim Dəyişiklikləri Tədqiqatları İnstitutunun direktoru və Postdam Universitetinin Geologiya departamentinin professoru Yohan Rokström deyib ki, Avropa İttifaqı və BMT kimi təşkilatların işi sürətlənsə, iqlim böhranının qarşısını almaq olar. Qlobal temperaturun 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılmasına gəlincə, Rockström bunun fövqəladə səylər tələb etsə də, mövcud şərtlərdə mümkün olduğunu vurğulayıb. Ekspert qeyd edib ki, bu məqsədə nail olmaq üçün 2050-ci ildən gec olmayaraq qlobal enerji sistemini və dünya iqtisadiyyatını karbonsuzlaşdırmaq tövsiyə olunur və bunun üçün istixana qazlarının emissiyasının qarşısını almaq lazımdır.
Onun sözlərinə görə, bu məqsədə çatmaq üçün qlobal qida sisteminin dünyada ən çox karbon qazı emissiyası yaradan sektora çevrilməsinin qarşısını almaq vacibdir. Bu şərtlər yerinə yetirilərsə və qlobal istiləşmə Selsi üzrə 1,5 dərəcə sabitləşərsə, o zaman Yerin şansı artacaq. Hazırda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının və Kioto Protokolunun əsasını təşkil edən və həm dövlət, həm də özəl qurumlar tərəfindən atmosferə dəyən zərərin qarşısının alınması məqsədi daşıyan “karbon ticarəti” bərpa olunan enerji mənbələrinə investisiyaları təşviq edir. Bu sistem dünyanı karbonsizləşdirmə yolunda mühüm addım kimi qiymətləndirilir.
Rokström həmçinin qeyd edib ki, qlobal iqtisadiyyatın dekarbonlaşdırılması mümkündür, lakin bunun üçün qalıq yanacaqlara (kömür, neft, təbii qaz) sərmayə qoyuluşunu dayandırmaq və Paris razılaşması kimi tənzimləyici çərçivələrə uyğun fəaliyyətə başlamaq lazımdır. Karbon qiymətlərinin tətbiqindən sonra Avropanın 2030-cu ilə qədər emissiyaları 55% azaldacağı proqnozlaşdırılır. Yeni texnologiyalar sayəsində bərpa olunan enerji indi qalıq yanacaq istehsalından daha ucuzdur.
Əminliklə demək olar ki, AB iqlim dəyişikliyi ilə mübarizədə BMT-dən daha uğurlu addımlar atıb. Maraqlısı odur ki, AB hərbi münaqişə və inflyasiyaya baxmayaraq, iqtisadi dekarbonizasiya yolu ilə sürətlə irəliləməkdə davam edir.
Qərb Gürcüstana birbaşa təzyiq göstərməyə başlayıb və Tbilisidə də Maydan cəhdi artıq ortadadır
Bu həftə diqqət mərkəzində artıq Ukrayna yox, tamamilə başqa bir bölgə, yəni, Qafqaz, daha doğrusu Gürcüstan oldu. Bu da səbəbsiz deyil. Ona görə Gürcüstan diqqət mərkəzində oldu ki, həmin ölkə bir növ yenidən vətəndaş müharibəsi astanasında görünməkdədir. Son seçkilərdə heç kimin tələbinə boyun əymək fikrində olmayan hakim partiyanın ölkədə hakimiyyəti əlində saxlaya bilməsi Qərb üçün heç də qəbulolunan hesab edilməməsi fonunda əlbəttə ki, müdaxilələr diqqəti cəlb etməyə bilməzdi. Yəni, “Gürcü arzusu” partiyasının, hakim partiyanın məhz ölkənin suverenliyini qurban verməkdən imtina etməsi “şər qüvvələri” bir növ hərəkətə keçirib və ortada kənar bir oyunçunun suflyorluğu sayəsində qonşu ölkədə ara qarışıb, xaos da getdikcə artmaqdadır.
Müşahidələr belə göstərir ki, Qərb Gürcüstana birbaşa təzyiq göstərməyə başlayıb. Əsas təhdidlərin məhz Gürcüstanın Aİ-yə daxil olub-olmaması məsələsindən qaynaqlandığı da gizli deyil. Rəsmi Tbilisi açıq şəkildə, özü də qətiyyətlə bildirir ki, xarici şantaj və təhdidlər şəraitində Aİ-yə gedən yol gürcü arzusu deyil. Məsələ burasındadır ki, elə bundan sonra da ən “maraqlı” və üzdə aşkar bir proses start görtürür. Bəli, Tbilisidə də Maydan cəhdi artıq ortadadır. İddialara görə, vətəndaş etirazı çox sürətlə kütləvi iğtişaşlara çevrilir. Məhz 10 il əvvəl Ukrayna üçün yumşaqlığın nə ilə nəticələndiyini xatırladığı üçün, bu etirazları və iğtişaşları Gürcüstan hakimiyyəti olduqca sərt şəkildə yatırır. Maraqlıdır ki, bəzi məlumatlara görə, saxlanılanlar arasında Rusiyadan köçənlər də az deyil. Görəsən əvvəl bir ölkədə, indi də başqa ölkədə rejimə qarşı mübarizə aparmağa çalışanlar nə məqsəd güdə bilərlər? Yoxsa bu dəfə də Gürcüstan Avropmaydanı planlaşdırılır?
Rəsmi Tbilisi bərk ehtiyat edir və ölkənin arzuolunmaz vəziyyətə gətirilməsinin qarşısını almağa çalışır
Etirazların artıq Gürcüstanın böyük şəhərlərinə yayılması çox ciddi şəkildə həmin ölkədə narahatlıq doğurub. Tbilisinin küçələrində yenidən aqressiv izdihamın görünməsi artıq həyəcan təbili üçün əsas yaradır. Rustaveli prospektində “barrikadalar” yanırsa, deməli, vəziyyət artıq düşünüldüyündən də daha ağırdır. Hətta bundan da ağır olacağı düşünülür. Təsadüfi deyil ki, polis nümayişçiləri dağıtmağa başlayıb. İndi Gürcüstan polisi Azadlıq meydanından hərəkətə keçib və zəncir şəklində hazır vəziyyətdə düzülüblər. Onların plastik qalxanları da var və parlamentə doğru irəliləmələri heç də təsadüfi, yaxud səbəbsiz deyil. Görünür, Gürcüstan hökuməti çox ehtiyatlanır və qabaqlayıcı tədbirlərin görülməsini ən vacib hesab edir.
Xüsusən də təhlükəsizlik qüvvələrinin etirazçıları su şırnaqları və gözyaşardıcı qazla dağıtmaları vəziyyətin nə dərəcədə ciddi olduğundan xəbər verir. Xüsusi təyinatlıların etirazçıları Rustaveli prospektindən sıxışdırıb çıxarmağa başlaması, digər tərəfdən də onların gözyaşardıcı qazdan istifadə etmək qərarına gəlməsi onu göstərir ki, qonşu ölkə hakimiyyəti, rəsmi Tbilisi bərk ehtiyat edir və ölkənin arzuolunmaz vəziyyətə gətirilməsinin qarşısını almağa çalışır. Çünki hazırki hakimiyyət başa düşür ki, Qərb indi də məhz Gürcüstan üçün bir Maydan ssenarisi cızıb və məqsəd də eyni ilə Ukraynanın başına gətirilən halın təkrarlanmasından ibarətdir. Bunu isə təkcə Gürcüstanın yox, heç bir ölkənin, təbii ki, sabitliyi, stabilliyi ən vacib hesab edən heç bir ölkənin hakimiyyəti qəbul edə bilməz.
Ortada hamıya tanış olan rəngli inqilab ssenarisinin konturlarıdır
Etirazçılar da öz növbəsində polis əməkdaşlarını döyməklə, onlara qarşı qanunsuz davranmaqla, güc tətbiq etməklə cavab verirlər. Küçələrdə təkərlər, eləcə də zibil qutuları yandırılır və bununla da süni şəkildə, özü də “əvvəlcədən düşünülmüş” qorxulu bir mənzərə formalaşdırılır. Avtomobilləri aşıranlar da elə həmin mənzərəni daha “rəngarəng” etmək üçün bunu edirlər. Özü də hazır ssenarilərə uyğun olaraq edildiyi zərrə qədər də şübhə doğurmur. Qarşıdurmalar təxribatların fonunda baş verir. Bütün bunların məhz “Qərbin barmağı” olmadan baş verməsi qətiyyən mümkün hesab edilmir. Ona görə ki, ortada hamıya tanış olan rəngli inqilab ssenarisinin konturlarıdır.
“Xarici nümayəndələr zorakılığı pisləmirlər, əksinə, görünür ki, Gürcüstanın Ukraynaya çevrilməsini təşviq etmək niyyətindədirlər”, deyə Gürcüstanın baş naziri İrakli Kobaxidze özü də açıq şəkildə bildirib. Deməli, rəsmi şəkildə bildirilir ki, məqsəd heç də xoş niyyət deyil. Aydın şəkildə də görünür ki, Qərb elitası son seçkilərin nəticələri ilə, daha dəqiq desək, hakim "Gürcü arzusu" partiyasının qələbəsi ilə barışa bilməyib. Hətta Qərb liderləri açıq şəkildə də dəfələrlə bəyan ediblər ki, Gürcüstan Aİ-nin üzvü olmalıdır və belə çıxır ki, ancaq müstəqil ölkə kimi mövcud olması onlar tərəfindən heç də qəbul edilən deyil. Ona görə də aranı qızışdırmaq planı işə salınıb və Gürcüstan Avropmaydanı ssenarisinin artıq tətbiq edildiyi göz önündədir.
Brüsselin məhz Gürcüstandakı səsvermənin nəticələrini tanımayan qətnaməni təsdiqləməsi hər şeydən xəbər verir
“Bizim Aİ-yə inteqrasiyanı xeyriyyəçilik kimi qəbul etməyimiz qətiyyən qəbuledilməzdir və onlar Gürcüstandan bizim ləyaqətimizi inkar edən addımlar tələb edirlər”, deyə Kobaxidze xüsusilə vurğulayıb. Bəli, ötən həftə Brüssel Gürcüstandakı səsvermənin nəticələrini tanımayan qətnaməni təsdiqləyib ki, bu özü də gürcü baş nazirin dediklərini təsdiqləyir. “Avropa Parlamenti Gürcüstanda parlament seçkilərinin hər hansı şəkildə tanınmasını rədd edir və onların yenidən keçirilməsini tələb edir”, - deyə Qətnamədə qeyd olunursa, buna təxribat törətmək niyyətindən başqa ad vermək mümkün deyil.
“Bizim prioritetimiz Gürcüstanı Avropa İttifaqına üzvlüyə hazırlamaqdır və bunun üçün bizə dialoq lazımdır və ultimatumların dilində danışmamalıyıq”, deyən “Gürcü Arzusu”nun üzvü Maka Boçorişvili vurğulayıb ki, bunun özü də ölkənin daxili işlərinə qarışmaq cəhdlərinin cavabı olaraq, aydın və anlaşılandır. Amma bir çox rəsmilər də öz fikirlərini gizlətmirlər və açıq şəkildə bildirirlər. Məsələn, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib ki, “Gürcüstan hökuməti Avro-Atlantik yoluna qayıtmalıdır”. Siyasətçilərin bəziləri şərt də qoymaqdan çəkinmirlər. “Siz sadəcə olaraq, həm Rusiya ilə əlaqələri saxlaya və həm də ölkənizin Aİ-nin bir hissəsi olacağını gözləyə bilməzsiniz və bu iki şeydən biri olmalıdır”, deyən Avropa diplomatiyasının keçmiş rəhbəri Josep Borrell də öz mövqeyini açıq şəkildə bildirib və qətiyyən gizlətmək istəməyib.
Qərb dirəniş göstərir və özünün ənənəvi ssenarisinə uyğun şəkildə Gürcüstan Avromaydanı niyyətini qətiyyən gizlətmir
“Ukrayna ssenarisi” artıq ortadadır. Heç nədən çəkinmədən indi nümayişçilər təhlükəsizlik qüvvələrinə qarşı “atəşfəşanlıq” edirlər. Onlar tüstü bombaları və daşlar atırlar, eyni ilə on il əvvəl Ukraynada baş verən etirazçılar kimi. “İsti geyinin, çətir, çay, qəhvə, yaxşı əhval-ruhiyyə və dostlar götürün”, deyə çağırışlar edilir. Bax elə Avromaydan da belə başlayır. Təxribatların ardınca da Qərb kuratorlarının ciddi rəhbərliyi altında çevriliş baş verir. Budur ssenari və bunu Gürcüstan hakimiyyəti bir zamanlar çox yaxşı müşahidə etdiyi üçün hadisələrə olduqca ciddi yanaşır.
“Qərb mövcud hökuməti yıxmaq üçün müxtəlif mexanizmlərə əl atacaq və ikili standartlardan istifadə edərək bunu edəcəklər, çünki onlar ikili standartların tərəfdarıdırlar”, deyə Sülh Naminə Həmrəylik Partiyasının beynəlxalq katibi Mamuka Pipia bildirib. Bəli, o haqlıdır. Bilir ki, etirazlar Qərbdən, ABŞ və İngiltərədən gələn pullarla reallaşdırılır. Onlar üçün isə heç də haqq-ədalət, qanunun aliliyi nəzərə alınmır və istədiklərini doğru, etdiklərini ədalətli, törətdiklərini də qanuni hesab edirlər, bunun üçün də bütün əməllərə, xüsusən də ikili yanaşmaya əl atırlar. Etirazlara da müxalifət partiyaları və Salome Zurabişvilinin rəhbərlik etməsini doğru sayırlar, çünki öz məqsədləri üçün sərfəli bilinir. “Qanuni parlament legitim prezident seçənə qədər mən prezident olacağam”, deyən Zurabişvili məhz Qərbin dəyirmanına su tökür. Məsələ burasındadır ki, yeni qaydalara görə, Gürcüstan prezidentini Seçicilər Kollegiyası təyin etməlidir. Namizəd Zurabişvilinin adı isə heç siyahıda da yoxdur. Amma “Gürcü arzusu”ndan Mixail Kavilaşvilinin adı var. “Partiyanın birliyini sarsıtmaq mümkün olmayacaq”, deyə Kavilaşvilinin bildirməsi isə onu göstərir ki, Gürcüstanın mövcud hakimiyyəti hələ ciddi müqavimət göstərir və qətiyyən kənar müdaxiləni qəbul etmir. Bəli, əslində, Gürcüstan öz müstəqillik hüququnu müdafiə etməyə çalışır və ona hörmətlə yanaşmağı tələb edir.
Sözsüz ki, Gürcüstan hakimiyyətinin hərəkətlərinin nə dərəcədə ardıcıl olacağından çox şey asılıdır. Qərarsızlığın istənilən təzahürü ən ağır nəticələrə gətirib çıxara bilər. Ən azından ölkə etiraz dalğası ilə qarışdırılmaqla məhvə sürüklənə bilər. Amma hələlik hakim partiya öz mövqeyindədir və qanunu, asayişi, müstəqilliyi hər şeydən üstün tutur. Lakin Qərb də dirəniş göstərir və özünün ənənəvi ssenarisinə uyğun şəkildə Gürcüstan Avromaydanı niyyətini qətiyyən gizlətmir...
Ermənistan Azərbaycan xalqının əsrlər boyu öz dədə-baba torpaqlarında yaşaması və zəngin mədəni irs yaratması faktını hər vəchlə danmağa çalışır.