Son xəbərlər

Prezident seçkilərindən bir il ötür — Kiçik dövlətin dünya arenasında BÖYÜK TƏMSİLÇİSİ















Xalqları dünyada məşhurlaşdıran təkcə onların zəngin təbii sərvətləri və maddi mədəniyyət inciləri deyil, həm də dünya siyasətində mühüm rol oynayan fenomen şəxsiyyətləridir. Məhz belə fenomen şəxsiyyətlərin müəyyənləşdirdiyi yol hər bir millətin strateji inkişaf konsepsiyasına çevrilməklə onun dünya arenasında özünə layiqli yer tutmasını təmin edir. Azərbaycan təbii və maddi mədəniyyət inciləriylə zəngin ölkə olaraq dünyada tanınsa da, onun dünyada tanınması və nüfuzlu bir ölkəyə çevrilməsində Ulu Öndər Heydər Əliyevin müstəsna rolu oldu. Heydər Əliyev müasir Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanmasında, möhkəmləndirilməsində, həmçinin dünya birliyində öz nüfuzunu yüksəltməsində misilsiz rola malik bir lider oldu. Məhz ona görə də müasir Azərbaycan ulu öndərin əsəri hesab olunur. 

Faktdır ki, iyirminci əsrdə ikinci dəfə qazandığı dövlət müstəqilliyinin ilk illərində xarici əlaqələrində ciddi problemlər yaşamaqla yanaşı, dövlət müstəqilliyi ciddi təhdid altında idi. Azərbaycan ancaq uzaqgörən və müdrik dövlət siyasətçisi H.Əliyevin siyasəti nəticəsində bu təhdid və təhlükələrdən xilas olaraq davamlı inkişaf yoluna qədəm qoydu. Azərbaycanın inkişafı, təhlükəsizliyi, müstəqilliyi dönməz bir prosesə çevrildi. Bununla da Azərbaycan təkcə yerləşdiyi regionda yox, daha böyük bir məkanda əsas söz sahiblərindən birinə çevrildi. 

Ulu Öndər Heydər Əliyevin bu siyasətini onun layiqli davamçısı Prezident İlham Əliyev uğurla davam etdirir. İlham Əliyev Prezident seçildiyi 2003-cü ildən bu günə kimi ölkəmizin beynəlxalq miqyasda mövqelərini möhkəmləndirməklə, dünyanın aparıcı ölkələri ilə bərabərhüquqlu səviyyədə əməkdaşlıq edərək, inkişaf etmiş ölkələr sırasında yer almasına nail olub. Azərbaycan dünya çapında kiçik ölkə olmasına baxmayaraq, İlham Əliyev kimi müdrik, uzaqgörən, dövlətinin və millətinin maraqlarını hər şeydən üstün tutan bir siyasətçi hesabına son 15 ildə dünyada mövqelərini möhkəmlətməklə, nüfuzlu bir ölkəyə çevrildi. Azərbaycan prezidenti öz fəaliyəti ilə kiçik dövlətin dünya arenasında BÖYÜK TƏMSİLÇİSİ olmaq hüququnu qazandı. Azərbaycan Prezidenti İlham Əliyevin millətin və dövlətin beynəlxalq arenada layiqli təmsilçisi olduğuna görə də 2018-ci ilin aprelin 11-də keçirilən seçkilərdə xalqın növbəti 7 il üçün etimadını qazandı.

Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasətini şərh edən millət vəkili Cavid Osmanov “Ölkə.Az”a açıqlamasında deyib ki, cənab İlham Əliyev öz fəaliyyəti ilə kiçik dövlətin böyük hərflərlə qeyd olunacaq səviyyədə LAYİQLİ TƏMSİLÇİSİ olmağı bacardı.

“Azərbaycan Prezidentinin xarici siyasətinin ana xəttini milli maraqlara söykənən dünyada böyük nüfuza malik, inkişaf etmiş modern bir ölkə kimi formalaşması təşkil edir. Prezident İlham Əliyevin ölkəmizin müstəqillik dayaqlarını möhkəmləndirməklə bağlı fəaliyyəti daha çox xarici siyasətdə özünü göstərdi. Xarici siyasət kursunda tarazlaşdırılmış konsepsiyaya üstünlük verən İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Ölkəmizin dostlarının sayı çoxaldı, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olundu. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanındı və qəbul edildi. Bunu sübut edən ən böyük faktlardan biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Müstəqillik tariximizin ən böyük nailiyyəti olan bu hadisə Azərbaycanda yürüdülən siyasətə və ən nəhayət, beynəlxalq birliyin Prezident İlham Əliyevin fəaliyyətinə verdiyi önəmin təzahürünə çevrildi. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan inamını, etimadını göstərdi.

BMT Təhlükəsizlik Şurasına ikiillik üzvlükdən sonra Avropa Şurası Nazirlər Komitəsinə sədrliyin Azərbaycana həvalə olunması da mühüm əhəmiyyət kəsb edir. Diplomatiya tariximizin mühüm uğuruna çevrilən bu hadisə ölkəmizin Avropa ailəsinin üzvü olmaq istiqamətində müvəffəqiyyətli addımlar atmasının, özünün demokratik imicini daha da möhkəmləndirməsinin, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verməsinin təsdiqi kimi də xarakterizə olunur”, - deyə millət vəkili vurğulayıb.

C.Osmanov əlavə edib ki, Azərbaycanın müstəqilliyinin dönməzliyinə nail olmaq, tarixən formalaşmış xarici iqtisadi, siyasi və mədəni əlaqələrdən müstəqillik mənafeləri üçün səmərəli istifadə etmək kimi mühüm vəzifələrin öhdəsindən uğurla gələn Prezident İlham Əliyev Şərqlə Qərb arasındakı münasibətlər sistemində ölkəmizin özünəməxsus yerini daha da möhkəmləndirdi:

“Məhz onun bu uzaqgörən siyasəti nəticəsində erməni təbliğatı və erməni lobbisinin yaratdığı mif darmadağın edildi, dünya birliyi onların əsl simasını gördü. Azərbaycan Prezidenti Qarabağ uğrunda müharibəni hücum diplomatiyasına keçirərək beynəlxalq təşkilatların diqqətini bu problemə yönəltdi. Bununla da dünya birliyi Xocalı soyqırımını tanımağa və pisləməyə başladı. Dağlıq Qarabağ probleminin mahiyyəti, Azərbaycan haqqında həqiqətlər bütün dünyaya yayıldı və beynəlxalq ictimai rəy Azərbaycanın xeyrinə dəyişdi. Azərbaycan öz siyasəti ilə bütün dünyada sülhsevər, sivilizasiyalı ölkə kimi tanındı, Avropanın və dünyanın ən böyük və nüfuzlu ölkələri ilə qarşılıqlı münasibətlər yaratmaq üçün ciddi iş aparıldı. Ölkəmiz bütün regional məsələlərdə əsas oyunçuya çevrildi. Bax, bu uzaqgörən siyasəti nəticəsində Azərbaycan Prezidenti İlham Əliyev kiçik dövlət anlayışını da alt-üst edərək sübut etdi ki, dünyada kiçik dövlət və ya kiçik xalq anlayışı nisbidir. Əgər onun layiqli lideri varsa, o, dünyanın sayılıb seçilən, hörmət edilən bir dövlətinə və xalqına çevrilir. Cənab İlham Əliyev buna nail oldu və 2018-ci ildə növbəti dəfə də xalqın etimadını qazandıqdan sonra yürütdüyü xarici siyasətində Azərbaycanın dünyanın ən nüfuzlu ölkələrindən birinə çevrilməsi istiqamətində siyasətini davam etdirmək oldu. Bu baxımdan ötən bir il Azərbaycanın xarici siyasət sahəsində də uğurlu bir il oldu. Ölkə başçısı son bir ildə 15-dən artıq ölkəyə səfər etdi. Bundan əlavə olaraq Azərbaycana da 15-dən artıq dövlət və hökumət başçısı səfər edib. Bu, bir daha Azərbaycanın xarici siyasətinin çoxşaxəlilyini, ölkəmizlə əməkdaşlıq edən ölkələrin sayının gündən-günə artdığını göstərir. Bu ancaq İ.Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində mümkün olub. İstər xarici səfərlər, istərsə də Azərbaycana edilən bu yüksəksəviyyəli görüşlərdə həmin ölkələrlə münasibətlərimizin daha yüksək səviyyəyə qaldırılması müzakirə olunub və bu istiqamətdə konret addımlar atılıb”, - deyə deputat bildirib.
C. Osmanov qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycanı dünyada layiqli təmsil etməsi nəticəsində ölkəmiz müsəlman aləmində çox böyük hörmət, nüfuz qazanıb:

“Azərbaycanın İslam həmrəyliyi ilə bağlı atdığı addımlar İslam Əməkdaşlıq Təşkilatı və eyni zamanda, bir çox müsəlman ölkələri tərəfindən çox yüksək qiymətləndirilir və bu sahədə verdiyimiz töhfə çox təsirlidir. Yəni, bizim apardığımız siyasət İslam aləmində həmrəyliyi, əməkdaşlığı möhkəmləndirir. Həm ölkə daxilində, həm xaricdə bu istiqamətdə keçirdiyimiz tədbirlər İslam birliyini daha da möhkəmləndirir. Bu istiqamətdə həyata keçirilən siyasət müsəlman aləmində ölkəmizin nüfuzunun, çəkisinin, rolunun daha da artacaq.Yürüdülən uğurlu xarici siyasətin digər göstəricisi isə ötən il Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığın prioritetləri adlı mühüm sənəd imzalanmasıdır. Bu sənəddə bir çox məsələlər öz əksini tapır, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan məsələlər çox müsbət xarakter alır. Bu sənəddə Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunur. Hesab edirəm ki, son illər ərzində bu istiqamətdə aparılan işlər arasında bu sənədin xüsusi yeri vardır. Beləliklə, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı öz fikrini birmənalı şəkildə ortaya qoyur. Eyni zamanda, keçən il NATO-nun Zirvə görüşündə də qəbul edilərək, yekun bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək və hörmət əksini tapıb.

Ötən il Bakıda Qoşulmama Hərəkatının xarici işlər nazirləri səviyyəsində böyük konfrans keçirilməsi, bu il isə Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcək. Azərbaycan bu böyük təşkilata sədrlik edəcək. Əlbəttə ki, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatına sədrlik etmək bizim nüfuzumuzu daha da artıracaq, eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işinə müsbət təsir göstərəcəkdir.
Xarici siyasətimizlə bağlı vacib məsələlərdən biri də Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi idi. İmzalanmış Konvensiya bu məsələnin həlli üçün çox böyük əhəmiyyət daşıyır. Ölkə başçısının qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycanın mövqeyi bu Konvensiyada tam öz əksini tapıb. Hesab edirəm ki, bu sənədin imzalanması hər bir Xəzəryanı ölkənin böyük diplomatik və siyasi uğurudur”.

Deputat onu da bildirib ki, Azərbaycan Prezidentinin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz dünyanı narahat edən məsələlərin dialoq mərkəzinə çevrilib:

“Hər il ölkəmizdə bir neçə beynəlxalq səviyyəli tədbirlər keçirilir və burada dünyanı narahat edən və qarşısında duran çağırışlar müzakirə olunur. Burada bir məqamı da qeyd etmək istərdim ki, Azərbaycanın qonşuları ilə çox yüksək səviyyədə əlaqə qurması və onlarla transmilli layihələri həyata keçirməsi Ermənistanı çıxılmaz duruma salıb. Ermənistanın işğalçılıq siyasətinə qarşılıq olaraq Azərbaycanın işğlaçı ölkəni təcrid siyasəti öz bəhrəsini verməkdədir. Ermənistan nəinki regional layihələrdən kənarda qalaraq ağır iqtisadi-sosial duruma düşüb, eyni zamanda müttəfiq hesab etdikləri ölkələr belə bu işğalçı ölkəyə üzləşdiyi durumda yardım etmək istəmir və ondan üz döndərib”.

Deputat deyib ki, Prezident İlham Əliyev təkcə Azərbaycan xalqının deyil, eyni zamanda bütövlükdə Türk dünyasının beynəlxalq layiqli təmsilçisi hesab olunur:

“Çünki Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələr Türk dünyasının inteqrasiyasında müstəsna rol oynayıb. Bundan əlavə olaraq Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası 10 il əvvəl Azərbaycanda yaranıb və bu təşkilat artıq dünyanın aparıcı regional nüfuzlu təşkilatlarından birinə çevrilib. Bu il isə Şuranın 10 illik yubileyi yenə də Azərbaycanda keçiriləcək. Təsadüfi deyil ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi “qara günlərin” dostu adlandırıb. Azərbaycan prezidenti Türkiyədə dövlət çevrilişinə edilən zaman qardaş ölkənin yanında oldu. Prezident İlham Əliyev Praqada “Şərq tərəfaşlığı”nın 5 illiyinə həsr olunmuş sammitdə Ermənistan prezidenti Serj Sərkisyanın Türkiyənin ünvanına səsləndirdiyi ittihamları qətiyyətlə rədd edərək, ona sərt formada etiraz edib. Bildirib ki, bu masa arxasında Türkiyə nümayəndələri yoxdur, ancaq mən buradayam və mən onların əvəzində cavab verə bilərəm, deməsi bütün Türk dünyasında böyük rezonansa səbəb oldu. Yetərincə belə misallar çəkmək olar. Bu bir daha sübut edir ki, Azərbaycan Prezidenti təkcə ölkəmizi deyil, eyni köklərə malik olan ölkələrin də maraqlarını beynəlxalq aləmdə müdafiə edən bir liderdir. Bu bir daha onun necə uzaqörən, müdrik, qətiyyətli, prinspial mövqeyə malik bir dahi siyasətçi olduğunu sübut edir. Ona görə də təkcə Azərbaycanda deyil, digər ölkələrdə də böyük nüfuza malikdir. Məhz ona görə də Azərbaycan xalqı onun bu mövqeyini bilir və ona etimad edir. Bilir ki, onu dünya çapında layiqli bir təmsilçisi varsa, o da Prezident İlham Əliyevdir. Onun da ətrafında sıx birləşərək uğurlu sabahlara doğru gedir”.
İlham Əliyev: "Bu, tarixi hadisədir"















Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 9-da Respublika Perinatal Mərkəzində Azərbaycanın 10 milyonuncu sakini Mehriban Həsənovanın valideynləri Rauf Həsənov və Nigar Ocaqova ilə görüşüblər.
Dövlətimizin başçısı və xanımı uşağın valideynləri ilə söhbət ediblər.Rauf Həsənov: 2019-cu il aprelin 6-da saat 03.30 radələrində dünyaya gəldi.

Prezident İlham Əliyev: Bilirəm. Biz bu hadisəni izləyirdik. Aprelin 6-da sizin həyatınızda, eyni zamanda, ölkəmizin həyatında çox əlamətdar hadisə baş vermişdir. Sizin körpəniz ölkəmizin 10 milyonuncu sakinidir. Sizi təbrik edirəm, sağlam böyüsün, sizi sevindirsin, xalqımızı sevindirsin. Bu, tarixi hadisədir. Bu gözəl hadisə münasibətilə Azərbaycan xalqını təbrik edirəm.

Rauf Həsənov: Biz gözləmirdik ki, bizim körpəmiz Azərbaycanın 10 milyonuncu sakini olar.

Prezident İlham Əliyev: Əhalimiz artır. Yadımdadır, 9 milyonuncu sakin 2010-cu ildə dünyaya gəldi. Doqquz il ərzində əhalimiz 1 milyon artdı. Amma son 15 il ərzində əhali 1,7 milyon nəfər artdı. Bu, bizim gücümüzü, ölkəmizin qüdrətini artırır. Eyni zamanda, onu göstərir ki, ölkəmizdə sosial-iqtisadi inkişaf gedir. Çünki əhalinin artımı birbaşa sosial vəziyyətlə bağlıdır.

Rauf Həsənov: Mənim xəbərim yox idi. Mətbuat xəbərlərinə girib oxudum, gördüm ki, sağ olun, elə ilk öncə Siz təbrik etmisiniz.

Prezident İlham Əliyev: Bəli, bəli.

Rauf Həsənov: Çox sağ olun, çox minnətdarıq.

Birinci xanım Mehriban Əliyeva: Çox göyçək uşaqdır.

Prezident İlham Əliyev: Bu, sizin birinci uşağınızdır?

Rauf Həsənov: Bəli, ilk övladımızdır.

Birinci xanım Mehriban Əliyeva: İlk uşağınızdır?

Nigar Ocaqova: Bəli, ilk uşağımızdır.

Birinci xanım Mehriban Əliyeva: Maşallah, Allah qorusun.

Rauf Həsənov: Elə ilk olaraq Siz təbrik etdiyinizə görə adını da Sizin adınızı qoyduq.

Nigar Ocaqova: Siz də xeyir-duasını verin.

Birinci xanım Mehriban Əliyeva: Verirəm. Xoşbəxt böyüsün, sağlam böyüsün.

Prezident İlham Əliyev: Bu hadisəni bütün xalqımız bayram edir.
Rauf Həsənov: Bəli, bütün ölkəmiz bayram edir. Biz də çox sevincliyik, çox sevinirik.

Nigar Ocaqova: Biz də şəhərimizin belə gözəl tibb ocaqlarının olmasına sevinirik. Perinatal Mərkəzin direktoru Sevinc xanıma, körpənin sağlam şəkildə dünyaya gəlməsinə görə Rübabə xanıma təşəkkürümüzü bildiririk. Sağ olsunlar.

Prezident İlham Əliyev: Bu mərkəz çoxdan fəaliyyət göstərirdi. Təqribən 10 il bundan əvvəl əsaslı şəkildə yenidən quruldu, təmir olundu və indi ölkəmizin aparıcı tibb mərkəzlərindən biridir. Son illərdə ölkəmizin hər bir yerində doğum evləri, doğum şöbələri, xəstəxanalar tikilir. Yəni, indi tibbi xidmət almaq üçün bütün şərait var.

Birinci xanım Mehriban Əliyeva: Götürmək olar balacanı?

Rauf Həsənov və Nigar Ocaqova: Buyurun.

Birinci xanım Mehriban Əliyeva: Maşallah.

Nigar Ocaqova: Maşallah gününüz olsun.

Birinci xanım Mehriban Əliyeva: Allah qorusun! Xoşbəxt, sağlam, analı-atalı böyüsün!

Rauf Həsənov: Çox sağ olun ki, gəldiniz.

Prezident İlham Əliyev: Bu, Həsənova Mehriban Rauf qızının sertifikatıdır. Ölkəmizin 10 milyonuncu sakinidir. Bunu sizə təqdim edirəm.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Bu həmin sertifikatın başqa variantıdır. Sizə dövlət tərəfindən mənzil hədiyyə olunur. Bu da mənzilin çıxarışıdır.

Rauf Həsənov: Çox sağ olun.

Prezident İlham Əliyev: Gözəl balanızın hesabına vəsait də köçürülür.

Rauf Həsənov: Çox sağ olun. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Xeyirli işlərdə istifadə edin. Bu da hədiyyələrdir.

Rauf Həsənov: Çox sağ olun. Sizə minnətdaram.

Birinci xanım Mehriban Əliyeva: Çox sağ olun. Təbrik edirik.
Opinion way: Seçki bu gün keçirilərsə, İlham Əliyev seçicilərinin 83-85 faizinin səsini qazana bilər















Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədi ilə “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.
Rəy sorğusunun nəticələrini aprelin 9-da “Opinion Way” şirkətinin rəhbəri Brüno Janbar Beynəlxalq Mətbuat Mərkəzində keçirdiyi mətbuat konfransında elan edib.

Diqqətə çatdırılıb ki, sorğunun nəticələrinə görə, respondentlərin 80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi dəyərləndirib. Respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşanan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, Azərbaycan son bir ildə ictimai-siyasi sabitlik şəraitində öz dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb. Ölkədə etnik, dini və ictimai-siyasi zəmində sabitlik hökm sürüb, ictimaiyyətdə narahatlıq doğuran ciddi hallar müşahidə edilməyib. Bütün bunlar ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirməyi təmin edən amillər olub. Məhz elə bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. Bu sualı onların yalnız 6,8 faizi “mənfi”, 8,1 faizi “bilmirəm” kimi cavablandırıb.

“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5 faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6,0 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib.

Respondentlərin bu cavabı müxtəlif səviyyəli ekspert qiymətləndirmələri ilə üst-üstə düşür. Məsələ ondadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və çox müsbət səciyyələndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirir. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına respondentlərin bütövlükdə 75,6 faizi müsbət cavab verib. Bununla bağlı rəyi soruşulanların yalnız 5,8 faizi verilən vədlərin yerinə yetirilmədiyi, 4,2 faizi isə cavab verməyə çətinlik çəkdiyi qənaətində olub.

Bu nəticəni sosioloqlar onunla izah edirlər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil edibdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin edib, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra edib, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olub, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunub. Əhalinin rifahı durmadan yüksəlib, ölkədə 3 milyon insanı əhatə edən böyük sosial paketin həyata keçirilməsinə başlanılıb. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirib və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirib.

Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8 faizi həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirib, onlardan 43,3 faizi bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5 faizi isə əsasən razı qaldığını nümayiş etdirib.

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi struktur və kadr islahatları dövlət idarəetməsinin səmərəliliyinin artırılması, şəffaflaşdırılması, cəmiyyəti narahat edən mənfi halların aradan qaldırılması, peşəkar kadr bazasının formalaşdırılması və layiqli namizədlərin mühüm vəzifələrə irəli çəkilməsi kimi məsələlərin həlli istiqamətində ciddi addım olub. Təsadüfi deyil ki, son zamanlar keçirilən bütün sorğularda Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülən tədbirlər yüksək qiymətləndirilib.
Sorğunun nəticələrinə görə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi korrupsiya əleyhinə mübarizə tədbirləri də cəmiyyət tərəfindən təqdir olunub. Rəyi soruşulanların 75,6 faizi korrupsiyanın aradan qaldırılması ilə bağlı görülən tədbirləri effektli və qənaətbəxş qiymətləndirib.

Yenə də ekspertlər bunu onunla izah edirlər ki, son dövrdə Prezident İlham Əliyev korrupsiya və rüşvətxorluğa qarşı mübarizəni dövlət siyasətində prioritet istiqamətlərdən biri kimi elan edib, ölkədə sistem xarakterli, inzibati və institusional tədbirlər həyata keçirilib. Onun birbaşa təşəbbüsü ilə yaradılan “ASAN xidmət” modeli hazırda korrupsiya ilə mübarizə sahəsində effektli və innovativ mexanizm kimi bütün dünyada təqdir və tətbiq olunur. Bundan başqa, vergi, gömrük, sosial və digər idarəçilik sahələrində həyata keçirilən məqsədyönlü tədbirlər şəffaflığın yüksəldilməsi, dövlət büdcəsinin gəlirlərinin artması və başqa mühüm məsələlərin həllini təmin edib.

“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1 faizi “hə” cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi “əsasən müsbət” kimi dəyərləndirib.

Görünür, belə yüksək nəticə onunla izah edilə bilər ki, keçən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatıb, beşillik proqram artıqlaması ilə yerinə yetirilib. Üç proqramın icrası nəticəsində bölgələrin infrastrukturları müasir standartlara uyğun yenidən qurulub, minlərlə istehsal müəssisəsi, iki milyondan artıq yeni iş yeri açılıb, ayrı-ayrı sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunub. Bu il isə regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilib və icrasına başlanıb.

Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi həm də vətəndaşların böyük rəğbətini qazanıb. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4 faizi tərəfindən müsbət dəyərləndirilib, 48,9 faiz bu səfərləri “çox yüksək”, 27,5 faiz “əsasən yüksək”, 14 faiz isə “qismən yüksək” kimi qiymətləndirib.

Məsələ ondadır ki, Prezident İlham Əliyev 16 illik prezidentliyi dövründə regionların sosial-iqtisadi inkişafını hər zaman xüsusi diqqət mərkəzində saxlayıb. O, təkcə keçən il Azərbaycanın bölgələrinə 24 səfər edib, vətəndaşlarla birbaşa ünsiyyətdə olub. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Bundan başqa, dövlət başçısının yerlərdə əhali ilə görüşləri, problemlərlə şəxsən tanış olması, onların qısa zamanda aradan qaldırılması və digər məsələlər bu sorğunun göstəricilərini şərtləndirən amillərdir.

Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə edib: Sorğuda iştirak edənlərin 89,9 faizi bu sualı müsbət cavablandırıb, onların 73,9 faizi suala “əla”, 16,0 faizi “kafi” cavabı verib, 2,4 faizi “pis”, 7,7 faizi isə “dəqiq bilmirəm” kimi münasibət bildirib.

Ekspertlərin fikrinə görə, Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunub, daim milli maraqlara söykənibdir. Bunun nəticəsində də keçən müddətdə Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilib, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olub. Hazırda ölkənin müttəfiqləri və tərəfdaşlarının sayı gündən-günə artır, Azərbaycan dünya miqyasında özünün etibarlı tərəfdaş imicini möhkəmləndirir. Ölkənin beynəlxalq səviyyədə həyata keçirdiyi bərabərhüquqlu və qarşılıqlı maraqlar prinsiplərinə söykənən xarici siyasət strategiyası ekspertlər tərəfindən təqdir olunan model kimi səciyyələndirilib.

Beləliklə, göründüyü kimi, “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan cəmiyyətinin Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Ümumiləşmiş orta nəticələr onu göstərir ki, əgər bu gün yenidən prezident seçkiləri keçirilsə, İlham Əliyev ölkə seçicilərinin mütləq çoxluğunun, təxminən, 83-85 faizinin səsini qazana bilər.
Dilqəm Əsgərovun oğlu Nikol Paşinyana cavab verdi















“Mən ümid edirəm ki, Azərbaycan və Ermənistan sərhədyanı ərazilərdə kənd təsərrüfatı işlərinin görülməsini təmin edə bilər”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan yerli jurnalistlərə açıqlamasında deyib: “Biz mülki şəxslərə, xüsusən də kənd təsərrüfatı işləri görənlərə atəş açılmayacağına təminat verə bilərik. Əgər Azərbaycan da razı olsa, bunu təmin edə bilərik”.

N.Paşinyan həmçinin Vyana görüşündə humanitar aksiyalar barədə əldə olunmuş razılıq əsasında, əsir və girovları yaxınlarının ziyarət etməsinə şərait yaradıla biləcəyini də əlavə edib: “Düşünürəm ki, bunun reallaşmasına çox yaxınıq. Amma bizim və Azərbaycan tərəfdən olan əsir və girov ailələrinin buna razı olub-olmayacağını bilmirik. İstisna etmirəm ki, bəzi insanlar siyasi yox, şəxsi motivlərə görə bu addımı atmasınlar. Aydındır ki, bu asan qərar olmayacaq”.

Xatırladaq ki, hazırda Azərbaycan vətəndaşları Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elvin İbrahimov düşmən girovluğundadır.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov “Yeni Müsavat”a açıqlamasında Nikol Paşinyanın əsir və girovlarla bağlı yeni açıqlaması ilə tanış olduğunu bildirdi: “Nikol Paşinyan bu acıqlamadan öncə şərait yaratsın ki, atam Dilqəm Əsgərovdan canlı video gəlsin. 1 il 6 aydı atam haqqında ancaq şifahi məlumat alıram. İndi isə Paşinyan acıqlama verir ki, girov ailələri girovlara baş çəkə bilər. Paşinyana növbəti sözüm odur ki, gəl kişi kimi söhbət edək və kişi kimi hərəkət edək, atam yaşlı və xəstə kişidi, sən və hökumətin 1 il 6 aydı icazə vermir ki, Dilqem Əsgərovdan video, şəkil, foto gəlsin. İndi bu acıqlama ilə kimi aldatmağa calışırsan?! Paşinyan birinci növbədə atamın saxlanma durumu, hərəkət etməsi, danışması, oturması barədə video göndərilməsini təmin etsin. Onda baxarıq bu dediklərində səmimidir, yoxsa yox. Atamdan canlı videogörüntü gəlməsə, onda mən əmin olacağam ki, Paşinyan söz verib sözünün üstə dura bilməz. Və belə olduğu halda ailə başçısı mən olduğuma görə heç kəsə icazə verə bilmərəm ki, Nikol Paşinyanın bir sözü ilə atamı ziyarətə getməyə cəhd etsin. Mənim atam qanunsuz girov saxlanılır, azad edilməlidir”.

İlham Əliyev ile ilgili görsel sonucu
2018-2019-cu illər Azərbaycan tarixində sosial sahədə inqilabi islahatlar illəri kimi tarixə düşəcək.
2018-ci ilin aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqının növbəti mərhələ üçün etimadını qazanan İlham Əliyev seçkidən dərhal sonra seçkiöncəsi verdiyi vədlərin dərhal həytata keçirilməsinə start verdi.

2018-ci ildə Azərbaycan iqtisadiyyatının əldə etdiyi uğurlar sosial sahədə həyata keçirilən islahatlara əlavə bir stimul da vermiş oldu.
Azərbaycan prezidentinin son bir ildə sosial sahədə həyata keçirdiyi islahatları “Ölkə.Az”a şərh edən millət vəkili İqbal Məmmədov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2018-ci ildən deyil, 2003-cü ildə seçildiyi andan etibarən əhalinin sosial müdafiəsinin güclənməsi və rifah halının yaxşılaşması istiqamətində addımlar atıb və bu siyasət bu gün də davam etməkdədir.

“Sadəcə olaraq bu sahədə həyata keçirilən islahatlar daha da dərinləşib və sürətlə davam edir. Son bir ildə həyata keçirilən islahatlar isə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə təmin olunması və rifah halının yaxşılaşmasına xidmət edir”, - deyə deputat qeyd edib.

Onun sözlərinə görə, ölkə başçısının son aylarda verdiyi fərman və sərəncamlar 3 milyondan artıq insanı əhatə edəcək və bu istiqamətdə işlər bundan sonra da davamlı olaraq həyata keçiriləcək.

Deputat bildirib ki, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirədə səsləndirdiyi kimi Azərbaycanda aparılan iqtisadi islahatlar, şəffaflaşdırma siyasəti büdcə gəlirlərinin artmasına, maliyyə imkanlarının əhəmiyyətli dərəcədə yüksəlməsinə şərait yaradıb:

“Dövlət başçısı daim sosial problemlərin həllini diqqət mərkəzində saxladığına görə əldə edilən gəlirlərin ilk növbədə sosial sferaya yönəldilməsinə təmin edib”.

Ötən bir ildə həyata keçirilən islahatlar xronologiyasına diqqət yetirən İ.Məmmədov bildirib ki, cənab İlham Əliyevin yeritdiyi kursu qətiyyətlə böyük hərflərlə qeyd ediləcək İSLAHAT-dır, bu, hətta islahata inqilabi yanaşmanın nümunəsidir:

“Bu isə yüksək səriştə, dönməz siyasi iradə və mükəmməl idarəçilik qabiliyyəti tələb edən xüsusiyyətdir. Bu özünü son bir ildə həyata keçirilən islahatlar nəticəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş vətəndaşlarımızın vərəsələrinə 11 min manat vəsaitin ödənilməsi məsələsinin bu gün tam şəkildə həllini tapmasında göstərdi.

Bu xarakteri eyni zamanda aşağıda sadalayacağım məsələlərdə də görmək mümkündür. Cari ilin mart ayının 1-dən şəhid ailələri üçün nəzərdə tutulmuş prezident təqaüdünün məbləği 242 manat deyil, 300 manat, Əfqanıstanda həlak olanların ailələrinə verilən müavinət 220 manat yox, 300 manat məbləğində hesablanmağa başlayıb.
Minimum əməkhaqqı və pensiyalarda 40 faizədək artım var ki, bu da ümumilikdə 800 mindən çox insanın həyatına müsbət təsir göstərəcək. 2019-cu il aprel ayının 1-dən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləğində 50 faizlik artım olacaq. Təxminən 100 minə yaxın tələbənin təqaüdü əhəmiyyətli dərəcədə artırılacaq”.

Deputat bildirib ki, həyata keçirilən bu islahatların kökündə bir amal dayanır:
“Bu da insanları rifah halında yaşayan daha güclü, qüdrətli bir dövlət qurulmasıdır. Həyata keçirilən islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirərək daha güclü, qüdrətli bir dövlət qurulmasıdır. Bu islahatlar həmin məqsədlərə xidmət edir və həmin siyasətin tərkib hissəsidir. Məhz ona görə də Azərbaycanda dövlətin sosial siyasəti əhalinin sosial müdafiəsi, təhsili, vətəndaşların sağlamlığının qorunması, gənclər siyasəti və əhalinin digər ictimai-mədəni ehtiyaclarının ödənilməsi sahəsində fəaliyyətini əhatə edir. Əhalinin sosial ehtiyaclarının ödənilməsi, təhsilin, səhiyyənin inkişaf etdirilməsi, vətəndaşların sosial müdafiəsinin və sosial təminatının gücləndirilməsi, cəmiyyət üzvlərinin mədəni tələbatının daha dolğun ödənilməsi dövlətin mühüm funksiyası hesab olunur. Ümumilikdə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin təməlində sosialyönümlülük dayanır. Məhz buna görə də iqtisadi inkişaf tempi və modelinə görə dünyanın diqqət mərkəzində olan Azərbaycan həm də sosial dövlət kimi xarakterizə olunur. Bu, o deməkdir ki, dövlət siyasətinin bütün istiqamətlərinin mərkəzində məhz Azərbaycan vətəndaşı dayanır. Prezident İlham Əliyev də dəfələrlə vurğulayıb ki, ölkədə həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır və ona görə də sosial məsələlərin həlli daim diqqət mərkəzindədir”.

Deputat qeyd edib ki, bildiyiniz kimi 2016-ci ildə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı “Yol xəritəsi” müəyyənləşib və bu sənəddə Azərbaycan Avropa Sosial Xartiyasında üzərinə götürdüyü öhdəlikləri tam icra etməlidir:

“Yəni Xartiyaya, əsasən Azərbaycanda minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizi səviyyəsinə çatdırılmalıdır. Bütün bu və digər məsələlər qarşıdakı 4-5 il ərzində həyata keçirilməlidir. Məqsəd də yoxsulluğu tam aradan qaldırılaraq, kasıb insanların sayının minimuma endirilməsidir. Dövlət əhalinin sosial rifah halını yüksəltməklə cəmiyyətdə barışın və harmoniyanın yaradılmasına çalışır”.

Deputat əlavə edib ki, bütün bunlar Azərbaycan prezidentinin ötən müddətdə verdiyi andına və vədinə sadiqliyinin göstəricisidir:

"Prezidentin 2019-cu il islahatlarının genişliyini göstərən ən müxtəlif məqamları vurğulamaq mümkündür. Yuxarıda qeyd etdiklərim sosial təminat paketinin ayrı-ayrı hissələri kimi diqqət çəkməkdədir. Ancaq islahat vətəndaşlarımızın yalnız maddi rifah halının yaxşılaşdırılmasını, yəni əmək haqqı, təqaüd və müavinətlərin artırılmasını yox, onların sıxıntılarının aradan qaldırılmasını nəzərdə tutur. Bu baxımdan iki məsələnin üzərində dayanmaq mümkündür.
Bunlardan birincisi barədə söz açarkən cənab İlham Əliyevin "Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" 19 fevral 2019-cu il tarixli Fərmanına nəzər salmaq yerinə düşər. Dövlət sənədində də deyildiyi kimi, məqsəd istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərinin mənafelərinin qorunmasıdır. Bu zaman sosialyönümlük və humanizm prinsipləri əsas götürülür. Axı burada söhbət hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binalardan gedir. Həmin binaların istismarına icazə proseduru və müddəti optimallaşdırılır ki, bu isə mövcud sahədəki idarəçiliyin şəffaflığına yönələn addımdır.

İkinci məsələ isə Cənab İlham Əliyevin problemli kreditlərlə bağlı sərəncamıdır ki, bu, sənəd təqribən 2 milyondan artıq əhalini əhatə edir. İnsanların son bir neçə ildə üzləşdiyi ən ciddi problemlərdən biri idi.

Heç şübhəsiz, Prezidentin fərman və sərəncamları ümumən vətəndaş məmnunluğunun daha da artırılmasına hesablanıb. Bəli, ölkə başçısı üçün vətəndaş məmnunluğu son dərəcə vacibdir. Prezidentin belə yanaşma tərzi onun siyasi lider xarakterini sübut etməklə yanaşı, yürütdüyü kursun alternativsizliyini və dünyada analoqunun olmadığını bir daha təsdiqləməkdədir.

Ona görə də 2018-ci ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən, insanlarının rifah halının yaxşı olduğu, daha güclü, qüdrətli dövlət qurmaqdır”.

Deputat qeyd edib ki, ölkə başçısı eyni zamanda humanizm siyasətinə sadiqliyini nümayiş etdirib. Belə ki, Azərbaycan prezidenti ötən bir il ərzində əfv sərəncamı və fərmanı imzalayıb və bu mindən artıq məhbusa şamil edilib.

“Ölkə başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq mayın 24-də imzaladığı əfv sərəncamı 648 məhbusa şamil edilib. 2019-cu ildə martın 16-da Novruz bayramı ərəfəsində imzaladığı əfv fərmanı isə 399 nəfərə şamil edilib. Ümumilikdə isə 2003-cü ildən bu günə kimi 33 əfv sərəncamı imzalanıb və bu əfv sərəncamları beş minədək məhbusa şamil edilib. Bu müddət ərzində H. Əliyev Fondunun təşəbbüsü ilə bir neçə dəfə Amnistiya Aktı qəbul edilib və bu amnistiyalar on minlərlə məhbusa şamil edilib. Ölkə başçısını bu humanist siyasətinin kökündə hətta ağır cinayətlər etmiş şəxslərə özlərini cəmiyətdə doğruldub, islah etməsi üçün şanslar verməsi durur. Məhz bu ölkə başçısının 16 mart 2019-cu ilə Əfv sərəncamında 3 ömürlük məhbusun digər cəza ilə əvəzlənməsində özünü göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, humanizm Azərbaycan Prezidentinin yürütdüyü siyasətin prioritetini təşkil edir. Məhz xalq da onun yürütdüyü siyasətə dəstək verir. Azərbaycan vətəndaşı bilir ki, onun taleyi əmin əllərdədir və ona görə də onun ətrafında sıx birləşib, inanıb, islahatların daha da dərinləşməsinə dəstək verirlər. Son olaraq onu demək olar ki, Azərbaycanın prezidenti İlham Əliyevin siyasətinin əsas amalı xalqa xidmətdir”, - deyə deputat İ.Məmmədov bildirib.

Tonoyan Azərbaycana səsləndi: “Biz müharibə istəmirik" — Erməni nazirin qorxu ETİRAFI















Azərbaycan dövlətinin son dövrlərdəki hərbi ritorikası Ermənistanda əməlli-başlı qorxuya səbəb olub.
Bir müddət əvvəl müharibə bəyanatları ilə çıxış edən Tonoyan artıq sülhdən danışır. Belə ki, Ermənistanın müdafiə naziri David Tonoyan jurnalistlərlə söhbət zamanı Azərbaycan hökumətinin hərbi bəyanatlarına münasibət bildirib:
“Biz müharibə istəmirik. Azərbaycanın hərbi-siyasi elitası isə öz ordusunu sülhə hazırlasın”.
Prezident bu rayonlara yeni icra başçıları təyin etdi














Azərbaycan Prezidenti İlham Əliyev Ağstafa Rayon İcra Hakimiyyəti başçısının təyin edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Nizaməddin Məhəmməd oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısının digər sərəncamı ilə Məhərrəm Böyükağa oğlu Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 

Bundan başqa, Prezident İlham Əliyevin sərəncamı ilə Nizaməddin Məhəmməd oğlu Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. 
Məhərrəm Quliyev Goranboy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 

Dövlət başçısı Novruz Nəcəf oğlu Novruzovu Şabran Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. Digər sərəncamla Asif Həbib oğlu Hüseynov Şabran Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Prezident İlham Əliyev Asif Həbib oğlu Hüseynovu Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edib. 

Digər sərəncamla Novruz Nəcəf oğlu Novruzov Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Ramil Usubov iki rayona yeni polis rəisi təyin etdi














Daxili işlər orqanlarında yeni təyinatlar olub.
Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bərdə rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədov tutduğu vəzifədən azad edilərək Bakının Xətai rayon Polis İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Nazirin digər əmri ilə bir müddət əvvəl tutduğu vəzifədən azad edilən Xətai rayon Polis İdarəsinin rəisi Muradəli Babayev isə Bərdə rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.
Bundan başqa, Sumqayıt şəhər Polis İdarəsinin pasport-qeydiyyat şöbəsinin rəisi Mehman Novruzov tutduğu azad edilərək Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Generaldan ordumuz haqda böhtanlara sərt cavab














General-leytenant Rövşən Əkbərov: “Ordudan xəbəri olmayanlar, xəbəri olub qara yaxanlar, böhtan atanlar xalqın düşmənidir”

Azərbaycan ordusunun Birlik komandiri, Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərov ordu.az-a müsahibə verib. R.Əkbərov bildirib ki, bu günlərdə başa çatan geniş miqyaslı təlimlər də bir daha sübut etdi ki, Azərbaycan ordusu dinamik inkişaf edir. Təlimlərdə biz şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi, onun bilik və bacarıqlarının təkmilləşdirilməsi ilə yanaşı, eyni zamanda müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyətinin formalaşdırılmasına nail oluruq. Hər təlimin öz təyinatı var:

“Ali Baş Komandanın göstərişi, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən budəfəki təlimlər də şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ordu quruculuğu məsələsini daim diqqətdə saxlayır, ona daim və hərtərəfli qayğı göstərir”.

Birlik komandiri deyib ki, ordumuzun əldə etdiyi nailiyyətlərə qara yaxanlar fərdlərdir. Onlar həm də el arasında deyildiyi kimi, “kiçik budaqların üstündə oturub böyük budaqları silkələmək istəyən” fərdlərdir. İstər respublikamızda yaşasınlar, istərsə də xaricdə. Ordudan xəbəri olmayanlar, xəbəri olub qara yaxanlar, böhtan atanlar xalqın düşmənidir: “Uzaqdan-uzağa ordumuz haqqında danışanlar, orduda nöqsan axtaranlar bilsinlər ki, bu, vicdana sığan hərəkət deyil. Bu, heç bir əsl azərbaycanlıya yaraşan hərəkət deyil. Bəzi saytlar belə fərdlərin qərəzli informasiyalarına yer verməklə öz nüfuzunu da nəzərəçarpacaq dərəcədə azaldır. Belə qərəzli fikirlər Azərbaycan ordusunun nüfuzuna təsir göstərə bilməz”.

General ordumuzun silah, texnika arsenalı barədə də müəyyən məlumatlar verib, eyni zamanda qeyd edib ki, elə fərdlər var bircə gün belə olsa orduda xidmət etməyib, əlinə silah almayıb. Belələrinin ordu haqqında fikir söyləməyə haqqı çatmır. R.Əkbərov qeyd edib ki, ordumuzun arsenalına müasir döyüş texnikalarının böyük əksəriyyəti-Belarusun istehsalı olan yüksək manevr və atəş gücünə malik 301 mm-lik əməliyyat-taktiki raket “Polonez B-300″, İsrailin istehsalı olan 624 mm-lik əməliyyat-taktiki raket LORA, 306 mm-lik taktiki raket EKSTRA, texnika üzərində tank əleyhinə idarəolunan raket kompleksi ”Spike-ER” və daşınan tank əleyhinə idarə olunan raket kompleksi “Spike-LR”, Türkiyənin istehsalı olan 300 mm-lik taktiki raket TR-300 E “Qasırğa”, Rusiyanın istehsalı olan 300 mm-lik 9A52-2 “Smerç” (YARS), ağır odsaçan sistem TOS-1A, 203 mm-lik 2S7 “Pion-M” və 152 mm-lik 2S19 “Msta-S” özüyeriyən artilleriya qurğuları, tank əleyhinə kompleks 9K123 “Xrizantema-S”, Çexiyanın istehsalı olan 122 mm-lik yaylım atəşli reaktiv sistem-YARS RM 70 və 152 mm-lik özüyeriyən artilleriya qurğusu DANA daxil edilib. Bundan əlavə, Azərbaycan ordusunun arsenalında olan T-90S tankı, ZTR-82A, 152 mm-lik “Msta-S” özüyeriyən artilleriya qurğusu, 220 mm-lik TOS-1A “Solntsepyok” ağır odsaçan sistemi və s. son illərdə tədarük edilib: “Aldığımız müasir artilleriya sistemlərinin proqram təminatı İsrailin mütəxəssisləri tərəfindən yenilənərək ən yeni sistemlərlə təchiz edilib. Bu da öz növbəsində düşmənin REM vasitələrinin təsirini məhdudlaşdırır və asanlıqla onun üzərində atəş üstünlüyə nail olunur. Həmçinin bu döyüş texnikaları mütəmadi keçirilən irimiqyaslı təlimlərdə tətbiq edilir. Bu və ya digər texnikanın ”köhnə” olduğunu iddia edən həmin fərd texnikanın adını niyə demir?! Xalqını, dövlətini sevməyənlər olmayanları var kimi təqdim etməyi bacara bilməz. Qoy o fərdlər unutmasınlar ki, yalançı vətənpərvərliyin sonu yoxdur. Sözü ilə əməli düz gəlməyənlər gec-tez ifşa olunur. Elələri də var ki, bircə gün belə olsa orduda xidmət etməyib, əlinə silah almayıb. Belələrinin ordu haqqında fikir söyləməyə haqqı çatırmı?! Ordu quruculuğu haqqında səmərəli fikri varsa, buyursun desin”.

R.Əkbərov 2016-cı ilin aprel döyüşlərini tarixi qələbə adlandırıb və bildirib ki, Azərbaycan ordusu bununla torpaqlarımızı işğaldan azad etməyə qadir olduğunu dünyaya nümayiş etdirib.
Famil Sadıqov “Qazprom”da yüksək vəzifəyə təyin olundu














Azərbaycanlı Famil Sadıqov Rusiyanın “Qazprom” şirkətinin İdarə Heyətinin sədr müavini təyin olunub.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, o, maliyyə-iqtisadi blokuna rəhbərlik edəcək. Ona qədər bu vəzifəni Andrey Kruqlov icra edib.

Sadıqov 2009-2019-cu illərdə “Qazprombank”ın İdarə Heyətinin sədrinin müavini, bundan əvvəl isə Federal Xəzinədarlığın rəhbər müavini, Rusiya vergilər və rüsumlar nazirinin müavini olub.

Qeyd edək ki, F.Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub.