Son xəbərlər

Valentina Matviyenko Azərbaycanın “Dostluq” ordeni ilə təltif edildi















Azərbaycan Prezidenti İlham Əliyev Valentina İvanovna Matviyenkonun “Dostluq” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. 
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Valentina İvanovna Matviyenko “Dostluq” ordeni ilə təltif edilib.
Mehmanın ölkədən çıxışına icazə verildi















Bir müddət öncə həbsdən buraxılan bloger Mehman Hüseynovun ölkədən çıxışına icazə verilib.

Bu barədə M. Hüseynov sosial şəbəkədə məlumat paylaşıb. O, xaricdə beynəlxalq təşkilatların rəhbərləri ilə görüşəcəyini bildirib.

Qeyd edək ki, Mehman aprelin 9-da Azərbaycanı tərk etmək istəsə də, aeroportdan geri qaytarılıb.

5 rayon geri qaytarılır, əvəzində Dağlıq Qarabağ... - Gözlər bu tarixdə Rusiya PAYTAXTINDA OLACAQ














Dağlıq Qarabağ münaqişəsinin həll prosesi çərçivəsində aparılan danışıqların növbəti mərhələsi 15 apreldə baş tutacaq.

Publika.az xəbər verir ki, münaqişə tərəflərinin xarici işlər nazirləri - Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan Moskvada bir araya gələcək.

Martın 29-da keçirilən İlham Əliyev-Nikol Paşinyan görüşündən sonra prosesdəki rolunu yenidən aktivləşdirən Rusiyanın növbəti görüşə ev sahibliyi etməsi diqqət çəkir.

5 rayon geri qaytarılır, əvəzində Dağlıq Qarabağ... - Gözlər bu tarixdə Rusiya PAYTAXTINDA OLACAQ


Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli Publika.az-a açıqlamasında bildirir ki, Rusiya danışıqlar prosesində hər zaman inhisarçılığı qoruyub saxlamağa çalışır:

“Rusiya təşəbbüskarlığın bir müddətlik də olsa, qərb ölkələrinə keçdiyi zamanda belə çox böyük qısqanclıqla danışıqların nəticəsiz bitməsinə nail olmağa cəhd edir və bunu bacarır. Məsələn, son Vyana görüşündə Nikol Paşinyanın hazırlıqsız vəziyyəti, səviyyəsiz, danışıqların predmetindən kənar mövzulara toxunması onu göstərdi ki, Vyanaya əslində prosesi pozmaq üçün gəlib. Saatyarımlıq görüşün nəticələrini heç edən də onun boşboğazlığı oldu. Bu boşboğazlıq erməni xislətindən gəlsə də, hər halda, belə davranışın nəyin naminə sərgiləndiyini başa düşmək o qədər də çətin deyil. Hər zaman gözlər önünə Rusiyanın gözə görünməyən əlləri gəlir. Xarici işlər nazirlərinin növbəti görüşünün Moskvada keçiriləcəyi planlaşdırılıb. Sergey Lavrovun da həmin görüşdə iştirakı gözlənilir. Mən Lavrovun bu görüşə hansı mövqedə qatılmasını başa düşməkdə çətinlik çəkirəm. İki ayrı dövlətin ali nümayəndələri görüşür, Minsk qrupunun həmsədrləri də oradadır. Həmsədr dövlətin xarici işlər nazirinin orada hansı funksiyanı yerinə yetirəcəyi normal siyasi etika baxımından başa düşmək olmur. Lakin “bu Rusiyadır” deyəndə o zaman ağıllara hər şey gətirmək olur”.

5 rayon geri qaytarılır, əvəzində Dağlıq Qarabağ... - Gözlər bu tarixdə Rusiya PAYTAXTINDA OLACAQ



Politoloq qeyd edir ki, Moskva görüşündə konkret nəticələrin əldə olunması məsələsi də müəmmalıdır:

“Çünki Ermənistan tərəfindən hədsiz dərəcədə “rəngarəng” fikirlər səsləndirilir. Məsələn, Paşinyanın həyat yoldaşı Amerikada çıxış edir və deyir ki, müharibə başlasa, oğlu ilə birlikdə əlində avtomat tutub cəbhəyə gedəcək. İndi gəl, bu ifadədəki məntiqi aç və bu qadının nə söyləmək istədiyini başa düş. Halbuki bu qadın erməni qadınları adından sülh platformaları təşkil edir, sülhə çağırışlar edir. O biri tərəfdə isə əlinə silah alıb Azərbaycanın yeni torpaqlarının istilası üçün oğlu ilə birlikdə hücum çəkmək niyyətini açıqlayır. Paşinyan Vyana görüşündən sonra dedi ki, danışıqlarda ciddi məsələlər müzakirə olunmayıb. Əsas məsələ qondarma Dağlıq Qarabağın danışıqlar prosesinə qatılmasını müzakirə etmək idi. Gözünün içinə qədər yalan danışan bu adam bu görüşdən sonra da yeni moizələr söyləyə bilər. Ağlına gələn istənilən fikirlərdən danışa bilər. Bəlkə Rusiya öz roluna diqqət çəkmək, danışıqların iplərinin onun əlində olduğunu isbat etmək üçün Lavrovun simasında prosesə bir qədər praqmatik görkəm verə, onu nəticəli danışıqlar məcrasına yönəldə bilər. Doğrudur, biz “Lavrov planı”ndan, Rusiyanın istəklərindən elə də ciddi nəticələr gözləyə bilmərik. Amma hər halda, Rusiya dünya ictimai rəyini müəyyən qədər təmin etmək üçün tərəflərin bəlli bir razılığa gəlməsinə səy göstərə bilər. Rusiyanın hər zaman dilində əzbər tutduğu şüar 5 rayonun geri qaytarılması, onun əvəzində Dağlıq Qarabağ üçün müvəqqəti statusun müəyyən edilməsidir. Azərbaycan tərəfi bunu heç cür qəbul edə bilməz. Əgər bu baş verəcəksə, yenə də konsensusa nail olmaq mümkün olmayacaq. ABŞ və Avropa dövlətlərinin bir çoxu bir məsələdə haqlıdır: qeyd-şərtsiz danışıqlara getmək lazımdır. Bütün keçmiş sovet məkanına daxil olan bütün münaqişələrdə eyni yanaşmalardan istifadə etmək lazımdır”.
Azərbaycan XİN Nikol Paşinyana cavab verdi














Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Strasburqda jurnalistlərə açıqlamasında “təklifimiz Azərbaycanın Qarabağ məsələsində istifadə etdiyi gücdən istifadə, gücdən istifadə ilə hədələmə və hərbi ritorikadan imtina etməsidir” fikrinə münasibət bildirib.

XİN-dən verilən məlumatda gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək ifadələrini səsləndirən Ermənistan baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmaq israrla tövsiyə edilib: “Helsinki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan “gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək” prinsipi ilə bağlı qeyd olunur: “Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də, ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər”.

“Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq, işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur. Gücdən istifadə olunmamasını təklif edən erməni baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq”, – XİN-dən vurğulanıb.
Fazil Mustafa: “Direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”














“Mən direktorun işdən çıxarılmasını doğru hesab etmirəm”. Bu sözləri deputat Fazil Mustafa bu gün Beynəlxalq Mətbuat Mərkəzində “İnformasiya mühitində uşaq və yeniyetmə hüquqlarının qorunması: mövcud yanaşmalar və tələblər” mövzusunda təşkil olunan konfransda çıxışı zamanı səsləndirib.

O bildirib ki, mindən çox şagirdə nəzarət etmək direktorun imkanları xaricindədir: “Direktor 2 min nəfər şagirdə necə nəzarət eləsin. Hərəsi bir evdən gəlir, hərəsinin ayrı-ayrı psixologiyası var. Problemin həlli üçün məktəb-valideyn münasibətləri bərpa edilməlidir. Bu zaman müəllimlər evdə baş verənlərdən, valideynlər də məktəbdə baş verənlərdən xəbərdar olar. Müəllimlərlə valideynlər arasında hər gün telefon əlaqəsi olmalıdır”.

Deputat təklif etdi ki, müəllimlərin statusu qaldırılsın: “Elə valideynlər var ki, müəllimə xəbərdarlıq edirlər ki, uşağıma bir söz demə. Müəllimin dəyərini qaldırmalıyıq, statusunu qaldırmalıyıq. Müəllimin avtoriteti bu gün yetərli deyil. Elə etməliyik ki, müəllimin valideynlər üzərində də avtoriteti olsun”.
Prezidentdən daha bir göstəriş















Prezident İlham Əliyevin tapşırığı ilə respublika üzrə məişət zorakılığı hallarının qarşısını almaq üçün monitorinq qrupları yaradılıb.
Oxu.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, intihar hallarının baş verməməsi üçün işlər aparılır:

“Bu cür məsələlərdə ehtiyatlı olmaq lazımdır. Burada söhbət uşağın və ailənin hüquqlarından gedir. Onlar haqqında məlumatları respublikaya yaymaq və kiməsə “Siz günahkarsınız”, “Onları tutmaq lazımdır” demək olmaz.

Biz demokratik ölkəyik. Söz azadlığı var. Bu insanlar belə fikirlər yayaraq, həmin hüquqları pozur və düzgün məlumat çatdırmırlar. Hansı səbəblərə görə belə hadisə olub, bununla bağlı maarifləndirmə işləri aparırıq.

Biz çalışırıq ki, intihar halları azalsın. Bu, bizi narahat edən məsələdir. İlham Əliyevin tapşırığı ilə bütün respublikada məişət zorakılığı hallarının qarşısını almaq üçün monitorinq qrupları yaradılıb. Burada hər bir qurumun nümayəndəsi var. Baş verən hər bir hadisə həmin qrupun diqqət mərkəzindədir”.

Hicran Hüseynova qeyd edib ki, baş verən bu cür hadisələrdə tək müəllimlərin yox, valideynlərin də məsuliyyəti var:

“Necə ola bilər ki, uşaqda daxili psixoloji problem olub və səkkizinci sinif şagirdi öz ailəsindən dəstək almayıb?! Hələ ki kimisə günahlandırmaq istəmirəm. İstintaq işi bitəndən sonra daha geniş açıqlama olacaq. Bu məsələ bizi istər məktəblərdə, istərsə də ailədə gələcəkdə belə hallara yol verilməməsi üçün öz köməyimizi göstərməyə cəlb edir”.
"İlham Əliyevin qələbə qazanmasının əsasında ölkənin dinamik inkişaf dövrünü yaşaması dayanır" - Əli Həsənov














“2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçirildi. Seçkilərdə inamlı qələbə qazanmış İlham Əliyev aprelin 18-də Konstitusiyaya və müqəddəs Qurani-Kərimə əl basaraq and içdi və növbəti 7 il üçün Prezident səlahiyyətlərinin icrasına başladı. Azad seçki fəaliyyəti bəşər sivilizasiyasının nailiyyətləri sırasında xüsusi yer tutur. Müasir hüquqi, demokratik dövlətin, xalqın iradəsinə əsaslanan hakimiyyət orqanlarının, səmərəli özünütəşkil mexanizmlərinə malik cəmiyyətin mövcudluğunu azad və ədalətli seçkilərsiz təsəvvür etmək mümkün deyildir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İlham Əliyev: yeni prezidentlik dövrünün möhtəşəm bir ili” adlı məqaləsində yazıb.

Ə.Həsənov xatırladıb ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Konstitusiyanın 101-ci maddəsinə dəyişiklik edilərək, dövlət başçısının səlahiyyət müddəti 5 ildən 7 ilə qədər uzadılıb və Azərbaycan Prezidentinə seçicilərə etimad votumu üçün müraciət imkanı - növbədənkənar prezident seçkilərini elan etmək səlahiyyəti verilib.

Onun sözlərinə görə, İlham Əliyevin seçkilərdə yenidən qələbə qazanmasının əsasında Azərbaycanın son 15 il ərzində onun rəhbərliyi altında dinamik inkişaf dövrünü yaşaması, ölkənin qarşısında dayanan vəzifələrin uğurla icra edilməsi kimi ciddi amillər dayanır: “Azərbaycan Prezidenti İlham Əliyevin 2003-cü ildə və ondan sonrakı illərdə respublikamızın inkişafı, xalqımızın əmin-amanlıq şəraitində yaşamasının təmin edilməsi üçün verdiyi bütün vədlər həyatda öz təsdiqini tapıb. 15 il ərzində Azərbaycan bir sıra qabaqcıl ölkələrin onilliklər boyu keçdiyi inkişaf mərhələsini sürətlə adlayaraq, modernləşmə yoluna qədəm qoyub. Ölkə iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub. Bu isə müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizi deməkdir. Azərbaycan beynəlxalq reytinqlərdə yüksək yerlərə qalxıb. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Davos İqtisadi Forumu Azərbaycanda aparılan islahatlara yüksək qiymət verib. Davos Forumunun "İnklüziv inkişaf indeksi” adlı illik hesabatında (2017) ölkəmiz inkişaf etməkdə olan 80 ölkə arasında 3-cü yerə yüksəlib”.
Novruz Məmmədovdan məktəb direktorları ilə bağlı — YENİ QƏRAR















Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının və direktor müavinlərinin aylıq vəzifə maaşı artırılıb.
ONA verdiyi məlumata görə, Nazirlər Kabineti bununla bağlı "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərarında deyilir.

İndiyə qədər bu ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı 535 manat, direktor müavinlərinin 482 aylıq vəzifə maaşı manat olub. Dəyişikliyə əsasən, direktorların aylıq vəzifə maaşı 587 manata qaldırılıb. direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.
Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.
ATƏT sədrinin Qarabağdakı “canişini” Xankəndinə niyə getdi – Şok açıqlama















Anjey Kasprşik işğal zonasındakı separatçılarla görüşlər keçirdi; Ermənistanda və Qarabağda Azərbaycanın hücuma keçəcəyi ilə bağlı ciddi narahatlıq var

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə gedib. Virtualaz.org erməni KİV-inə istinadən bildirir ki, o, Xankəndində Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb.

Görüş zamanı Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttindəki vəziyyətlə bağlı bir sıra məsələlərin müzakirə olunduğu bildirilir.

Digər məlumata görə, Kasprşik Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimin “xarici işlər naziri” hesab edilən Masis Mailyanla da görüş keçirib. Görüş zamanı həmsədrlərin, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçakın münaqişə zonasına son səfərinin nəticələri, təmas xəttində son vəziyyət, son monitorinqin nəticələri, stabilliyin qorunması kimi məsələlərin müzakirə olunduğu deyilir. Qeyd edək ki, bir müddət öncə də A.Kasprşik erməni separatçıları ilə bir araya gəlmişdi. Lakin ATƏT sədrinin bölgədəki “ömürlük canişini”nin bu görüşlərinin konkret məqsədi bəlli deyil. Güman olunur ki, Kasprşik son zamanlar Azərbaycan rəhbərliyinin Ermənistana müharibə xəbərdarlıqları ilə əlaqədar olaraq özünü Qarabağa yetirib və separatçılarla masa arxasında müzakirələr aparıb. Şübhə yoxdur ki, A.Kasprşik həmişəki kimi, Ermənistan yolu ilə işğal olunmuş Azərbaycan ərazilərinə gəlib. Çünki həmsədrlər kimi, ATƏT nümayəndəsi də təhlükəsizlik məsələsini bəhanə edib təmas xəttindən Xankəndinə getmir. Bu isə Ermənistanın işğalçılıq maraqlarına hesablanmış gedişdir. Düşmən ölkədəki son narahatlıqlar barədə yazmışıq. Azərbaycan prezidentinin “müharibə bitməyib” xəbərdarlığından sonra müdafiə naziri Zakir Həsənov erməni həmkarı David Tonoyana “İrəvanda görüşə bilərik” məzmunlu mesaj göndərdi. Həmçinin xarici işlər naziri Elmar Məmmədyarov “mənimlə anlaşmayan Zakir Həsənovla anlaşacaq” deməklə ermənilərin narahatlığını daha da artırdı. Bundan sonra həm D.Tonoyan, həm də baş nazir Nikol Paşinyanın Qarabağla bağlı mövqelərində yumşalma müşahidə olundu. Belə ki, onlar sülh danışıqlarına üstünlük verdiklərini iddia etdilər. Ancaq bəzi müşahidəçilər hesab edir ki, təmas xəttindəki vəziyyət tufanqabağı sakitliyi xatırladır və böyük savaş hər an başlaya bilər. Xüsusilə də Tonoyanın Azərbaycan ordusuna sülh çağırışı etməsinə cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin “Biz müharibəyə hazırıq” bəyanatı ilə qarşılıq verməsi İrəvanda həyəcanı artırıb.

Erməni nazir bunun ardınca Azərbaycanı növbəti dəfə təhdid etməyə cəhd göstərdi və cavabını aldı. “Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir”. Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın guya Azərbaycan ərazisində xaos yaratmaq məqsədilə düşmən tərəfinin kəşfiyyat bölmələrinin fəallaşması ilə bağlı dediyi fikirləri şərh edərkən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib. “Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi İrəvanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları N.Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və D.Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır”, – Dərgahlı deyib.

Bütün bunların fonunda ermənilərin Kasprşiki haraya çağırdığı da istisna deyil. Eyni gündə təmas xəttində monitorinq keçirilməsi də maraqlı təsadüfdür. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, aprelin 10-da Ağdam rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika, Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) nümayəndəsi polkovnik-leytenant Ralf Bosşard, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə şəxsi nümayəndə Anjey Kaspşik, onun səhra köməkçiləri Oqnyen Yoviç, Mixail Olaru və YSPQ-nin nümayəndəsi polkovnik Yuri Dudçenko keçiriblər. Ancaq bu arada işğalçı ölkənin Qarabağdakı bölmələrinin yeni mühəndis istehkam işlərini həyata keçirdiyi barədə məlumatlar yayılıb. Hətta ordumuzun düşmənin bu hərəkətlərini cavabsız qoymadığı da bildirilir. Bu mənada vəziyyətin hər an nəzarətdən çıxa biləcəyini istisna etmək olmaz.

Politoloq Qafar Çaxmalı da “Yeni Müsavat”a açıqlamasında A.Kasprşikin Xankəndi səfərini təsadüfi saymadığını vurğuladı: “Daha öncə də söyləmişdik ki, Anjey Kasprşik ermənilər üçün çalışdığından əlində olan bilgiləri onlara ötürmə ehtimalı çoxdur. Bu adam zatən oralardadır. Şuşada dəbdəbəli ofisi var. Onun Xankəndinə gəlməsi və separatçı lider Bako Saakyanla görüşməsi xəbərinin yayılması özü qəribədir. Məgər o, separatçılarla bir araya gəlmirdi ki? Bu xəbərin yayılmasında bir başqa məqsəd də o ola bilər ki, son zamanlar müharibənin başlayacağı ilə bağlı yayılan informasiyalar məhz Baoyanla paylaşılır. Təmas xətlərinə yaxşı bələd olan Kasprşik ermənilərə bilgilər verir! Bunun başqa adı yoxdur!”

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri bu yaxınlarda rusiyalı həmkarları ilə bir araya gəlmişdilər. Hətta yaxın günlərdə nazirlər arasında Qarabağ müzakirələrinin məhz Rusiyada keçiriləcəyi bildirilir. Q.Çaxmaqlı hesba edir ki, Rusiya məsələni öz nəzarətində saxlamaq istəyir: “Rusiya münaqişənin davam etməsini həmişə istəyib və indi də özünün diqtəsini edəcək. Ancaq biz buna nə dərəcədə qulaq asacağıq? Məncə, Rusiya yenə də Azərbaycana təsir eyməyə çalışacaq ki, buradakı durum dəyişməsin. Rusiyaya münaqişənin həlli deyil, onun davam etməsi sərfəlidir”.

Ermənistanın baş naziri Nikol Paşinyanın “Mənim Addımım” Blokunun deputatları ilə keçirdiyi qapalı görüşün detalları bəlli olub. Axar.az xəbər verir ki, bu məlumatı “Past” qəzeti yayıb. Məlumata görə, görüş zamanı kifayət qədər ciddi danışıqlar aparılıb: “Paşinyan görüş zamanı öz komandasının deputatlarından narazılığını dilə gətirib. O, çox sərt və kobud şəkildə bunun onun arzu etdiyi parlament olmadığını deyib və deputatların vaxtlarını yalnız boş yerə xərclədiyini bildirib. Paşinyanın daha bir narazılığı komandasının üzvlərinin onun siyasi xəttinə əməl etməmələri ilə bağlı olub. Bəzi deputatlar iclas zamanı Paşinyanın Əliyevlə görüşü barədə maraqlanmağa cəhd ediblər. Bu da Paşinyanı əsəbləşdirib. Baş nazir deputatları Qarabağ konflikti barədə təsəvvürlərinin səthi olmasında ittiham edib və onların elementar mövzular barədə danışa bilmədiklərini söyləyib. Paşinyanın qəzəbi o həddə çatıb ki, o, deputatlara, ”Sizin susmağınızın, yoxsa danışmağınızın daha yaxşı olduğunu bilmirəm” sözlərini söyləyib.

“Silahlanma, hərbi texnika baxımından Ermənistan Müdafiə Nazirliyinin diqqəti buna yönəlib”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Ermənistan müdafiə nazirinin müavini Qabriel Balayan səsləndirib. Parlamentində müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komitənin iclasından sonra jurnalistlərin suallarını cavablandıra Balayan bildirib ki, Ermənistan hücum bölmələrinin artırılması mərhələsindədir. “Silahlanma, hərbi texnika baxımından Ermənistan Müdafiə Nazirliyinin diqqəti buna yönəlib. Bütün cəmiyyət başa düşməlidir ki, heç kim Ermənistana sülh hədiyyə etməyəcək. Nisbi sükunət var, düşmən buna məcburdur və əgər düşmən yenidən aktivləşməyə cəhd göstərsə, biz yenidən onu sülhə məcbur edəcəyik” – deyə Balayan eyforiyaya qapılıb.

Balayan onu da əlavə edib ki, sülhə məcbur etmə yolları müxtəlifdir: “Bu, hərbi, diplomatik, şəxsi əlaqələr vasitəsilə və s. formada ola bilər”.

Mövzu ilə əlaqədar Publika.az saytı da maraqlı məlumat yayıb. Bildirilir ki, Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırıb. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaradıb. Qeyd olunur ki, Vyana görüşündən sonra prezident İlham Əliyevin “Müharibə hələ bitməyib” bəyanatını verməsinin ardınca müdafiə naziri Zakir Həsənovun “Əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm” söyləməsi erməniləri ciddi şəkildə təşvişə salıb. Belə ki, Ermənistan mediası artıq bir neçə gündür “Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, “Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. Müzakirələr xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur. Erməni şərhçi Aram Sərkisyan yazıb ki, Ermənistan ordusundakı problemlər təcili şəkildə həll olunmalıdır. “Bu gün orduda problemlər hələ də qalır. Mövcud vəziyyət ordunun müharibə aparması üçün adekvat deyil. Buna görə də Tonoyan indidən Həsənovu İrəvanda necə qarşılayacağı haqqında düşünməlidir”, – deyə o bildirib.

Bütün bunlara nəzər saldıqda A.Kasprşikin özünü Qarabağ separatçılarının yanına yetirməsinin məqsədi ortaya çıxır. Ancaq 2016-cı ilin aprel döyüşləri də sübut edib ki, Kasprşikin olması erməniləri xilas edən amil deyil.
İlham Əliyev 3 sərəncam, 6 fərman imzaladı















Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzaladı.

Minval.İnfo sərəncamın mətnini təqdim edir:

1. Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25,0 (iyirmi beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678, № 12 (I kitab), maddə 2594) ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənddə “enerji təchizatı şəbəkəsinə” sözləri “ETŞ-yə” sözləri ilə əvəz edilsin.

2. 1.11-ci bəndin ikinci cümləsində “24 (iyirmi dörd)” rəqəmləri və sözləri “20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11, maddə 1997; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 548 nömrəli, 27 fevral tarixli 550 nömrəli və 7 mart tarixli 575 nömrəli fərmanları) 1.1-ci bəndinə “vergi yoxlamalarına” sözlərindən sonra “, gömrük auditinə” sözləri əlavə edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr 610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464, № 12, maddə 2071; 2017, № 2, maddə 186; 2018, № 1, maddə 43, № 2, maddə 171, № 7 (I kitab), maddə 1448) 3.18-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər dövlət qeydiyyatına alınan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə üç iş günü müddətində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat versin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb:

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddə 2242, № 12 (I kitab), maddə 2566; 2019, № 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli və 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı bəndində “450.2, 460 (vergilərə münasibətdə)” sözləri “460” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə 1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 517 nömrəli və 19 mart tarixli 591 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 35-ci hissəsində “402 və 450.1-ci maddələrində” sözləri “402-ci maddəsində” sözləri ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1434) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 11.6-cı bəndinin “İcraçılar” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 263, № 11, maddə 2287) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 8.5.1-ci yarımbəndinin “İcraçılar” sütunundan “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC,” sözləri çıxarılsın.

3. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 702, № 9, maddələr 1495, 1552) ləğv edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”də, 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə və 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli və 1 mart tarixli 569 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.18-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:

“3.0.18. daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatını aparmaq və ipoteka kağızına mülkiyyət hüququnu rəsmiləşdirmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 709; 2017, № 3, maddə 371; 2018, № 1, maddə 49, № 2, maddə 204) ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2.3-cü bəndində “İpoteka kağızı verildikdə” sözləri “İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə rəsmiləşdirildikdə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 5.6-cı bəndində “ipoteka kağızının üzərində qanunla” sözləri “ipoteka kağızında “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında və 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 20 aprel tarixli 226 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 4, maddə 301; 2006, № 2, maddə 91, № 5, maddə 397; 2007, № 2, maddə 87; 2008, № 6, maddə 488, № 11, maddə 970; 2009, № 10, maddə 779, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2014, № 6, maddə 638; 2015, № 2, maddə 132, № 7, maddə 840; 2016, № 12, maddə 2095; 2017, № 3, maddə 378, № 6, maddə 1079; 2018, № 6, maddə 1233, № 7 (I kitab), maddə 1511; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 568 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 11.33-1-ci bənd əlavə edilsin:

“11.33-1. tabeliyində olan qurum vasitəsilə kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalçılardan və satıcılardan mərkəzləşdirilmiş qaydada satın alınmasını və ixracını, habelə tədarük edilərək satınalan təşkilatların müraciətləri əsasında onlara təqdim edilməsini həyata keçirir, eləcə də qeyd olunan istiqamətlərdə fəaliyyətin təşkili ilə bağlı digər tədbirlər görülməsini təmin edir;”.

2. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 664, № 9, maddə 1486; 2018, № 11, maddə 2237) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 4-cü hissədə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin;

2.2. 4.1-ci bənd ləğv edilsin;

2.2.1. həmin Fərmanla təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası” üzrə:

2.2.2. 3.3-cü bənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin;

2.2.3. 3.6.1-ci yarımbənddə “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin elektron portalında” sözləri “elektron portalda” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1238, № 10, maddə 1991, № 11, maddə 2287; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 570 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

3.1. 27-ci hissə ləğv edilsin;

3.2. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi” hissəsinin “Göstərdiyi xidmətlər” sütununa aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin:

“3. “Aqrar tədarük və təchizat” ASC-nin göstərdiyi xidmətlər”.

***

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə birlikdə görkəmli ictimai xadim Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.