Son xəbərlər

DİQQƏT! Azərbaycanda bu maşınların qiyməti kəskin artacaq
Maşın bazarı baxımdan Gürcüstandan asılıyıq

Gömrük Komitəsinin yaydığı məlumata görə, ölkəyə idxal olunan istehsal tarixi 7 ildən yuxarı avtomobillərə yüksək rüsum qoyulacaq. Artıq bununla bağlı hökumətə müraciət edilib. İrəli sürülən təklifin ekologiyanın təmiz saxlanmasına xidmət edəcəyi qeyd olunur. Bundan əlavə, xarici dövlətlərdə qeydiyyatda olan maşınların da Azərbaycanda 90 gündən artıq sürülməsinə məhdudiyyətlər qoyulub.

Bəs görək, yeniliklər ölkənin avtomobil bazarına necə təsir edəcək?

Avtosfer.az xəbər verir ki, mövzu ilə əlaqədar avtomobil eksperti Elməddin Muradlı Lent.az -a münasibət bildirib. Ekspert Gömrük Komitəsi tərəfindən atılan addımların avtomobil parkının yenilənməsinə imkan vermədiyini vurğulayıb:

 

“Gömrük rüsumlarının artırılması ilə bağlı məsələ 2017-ci ildən qüvvəyə minən kimi qiymət artımı başladı. Bundan əvvəl isə 2015-ci ildə məlum devalvasiya ilə əlaqədar avtomobillərin qiymətində fantastik dərəcədə artım oldu. 2017-ci ildən isə hər il qiymətlər artaraq kəskin bahalaşıb. Ona görə də təklif etmişik ki, rüsumlar heç olmasa 2017-ci ildəki vəziyyətə qayıtsın. Həmçinin elektromobil və hibrid avtomobillər üçün də, əksər ölkələrdə olduğu kimi güzəşt tətbiq olunsun. Ancaq Gömrük Komitəsi bütün cəmiyyətin tam əksinə addımlar atır, avtomobil parkının yenilənməsinə imkan vermir”.

Elməddin Muradlı görülən işlərin avtomobil bazarına ziyan vuracağını və qiymətlərin artacağını bildirib:

“Keçirilən son mətbuat konfransı və tədbirlər də bunu deməyə əsas verir. Komitə özü də görür ki, rüsumlar baha olduğundan insanlar Gürcüstan və Rusiyadan işlənmiş maşınlar gətirir. Onları da qeydiyyatdan keçirmədən ölkədə sürürlər. Buna görə də komitə 1 il ölkədə qala bilməzsiniz, 3 aydan artıq qalmaq olmaz, qalırsınızsa vizanın müddətini göstərin və.s kimi yollarla mane olmağa çalışır. Bu açıqlamalardan belə başa düşdüm ki, onlar hər üsulla insanları məcbur edir ki, gəlib qeydiyyatdan keçsinlər. Səmimi olaraq deyirəm ki, komitənin əsas istəyi ekologiyanın, insan sağlamlığının qorunması deyil, rüsumların artması və insanların daha çox müraciət etməsidir. Əgər komitə ekologiyanın qayğısına qalan olsaydı Gürcüstan və İran kimi hibrid və elektromobillərin idxalına güzəştlər edərdi. Ancaq görülən bütün işlər əksinədir. Məhz bunlara görə də sözsüz ki, gələn ildən avtomobillərin qiyməti artacaq. Artıq indidən bu istiqamətdə müəyyən addımlar atılmasının da şahidi oluruq”.

Həmsöhbətimiz, insanların xeyrinə təkliflər verilməsinin vacibliyini qeyd edib:

“Komitə rəhbərliyi deyir ki, biz qərar qəbul etmirik, ancaq hökumətin verdiyi qərarları icra edirik. Ardınca da deyirlər ki, təklifləri özümüz veririk. Guya hökumətdə bu qərarları müzakirə edənlər alim, professordu? İnsanların xeyrinə təkliflər verilməsi daha doğru olar. Nəyə görə, hansısa gürcü balası 2000 manata aldığı avtomobili azərbaycanlıya 3000 manata satsın?! Elə şərait yaradılsın ki, azərbaycanlı özü gedib 2000 manata maşını xaricdən alıb gətirib sürsün. Başqa vaxt bəh-bəhlə deyirlər ki, Azərbaycan ticarət dəhlizinin üstündə oturub, Böyük İpək yolu belə gəldi və.s. Amma maşın bazarı baxımdan Gürcüstandan asılıyıq. Hamısının səbəbkarı Gömrük Komitəsidir. Xaricdən iki çanta ilə ölkəyə girəndə gömrükdə səni dünyaya gəldiyinə peşman edirlər”.

“Neft Fondunun gəlirlərinə qənaət etməliyik” — Prezident

"Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq"
Bunu Prezident İlham Əliyev noyabrın 29-da İsrafil Məmmədovu yeni vəzifəyə - Dövlət Neft Fondunun icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
Dövlət başçısı çıxışında bildirib ki, Fondun idarəetmədən əldə edilən gəlirləri artır. Bu, çox yaxşı göstəricidir:

"Bu il, - hələ il başa çatmayıb, - Dövlət Neft Fondunun gəlirləri 4 milyard dollardan çox artıbdır. Bunun 1,8 milyard dolları məhz idarəetmədən əldə edilmiş gəlirlərdir. Yəni, bu, böyük vəsaitdir. Fondun düzgün siyasəti və vəsaitin düzgün yerləşdirilməsi, bax, belə imkanlar yaradır. Əminəm ki, bizim valyuta ehtiyatlarımız ildən-ilə artacaq. Hazırda bizim strateji valyuta ehtiyatlarımız 50 milyard dollardan çoxdur. Bu, rekorddur, tarixi göstəricidir. Bu, göstərici məhz ona görə önəmlidir ki, o, bizim ümumi daxili məhsulumuzdan da çoxdur. Belə hallar indi çox nadir ölkələrdə müşahidə olunur. Eyni zamanda, bizim xarici borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir və biz bu göstəriciyə görə dünyada doqquzuncu yerdəyik. Biz gələn ilin büdcəsində neftin qiymətini 55 dollar səviyyəsində nəzərdə tuturuq. Bu da çox mühafizəkar yanaşmadır. Hazırda “Azeri Light” neftinin qiyməti 70 dollara yaxınlaşır, biz 55 götürürük. Çünki daha çox pul yığılsın. Məsələn, biz 65 götürsək, onda bu pul transfer şəklində büdcəyə gələcək və xərclənəcək. Ehtiyac yoxdur. İndi biz şəffaflıq, dürüstlük, islahatlar nəticəsində büdcəmizi digər sahələr vasitəsilə təmin edirik. Vergi və gömrük orqanları on ay ərzində 850 milyon manat əlavə vəsait toplayıblar. İlin sonuna qədər vaxt var, bu, artacaq. Ona görə biz Neft Fondunun gəlirlərinə qənaət etməliyik. Yəni, bir sözlə, Azərbaycanda bir çox sahələrdə olduğu kimi, bu sahədə də çox düzgün yanaşma, düşünülmüş siyasət və xalqın maraqlarına uyğun atılan addımlar, bax, bu gözəl nəticəni əldə etməyə imkan verdi".

“Yaxın günlərdə şagirdləri və valideynləri sevindirmək mümkün olacaq”.

Bunu Milli Məclisin deputatı Fazil Mustafa şagirdlərin ictimai nəqliyyatdan pulsuz istifadə etməsi ilə bağlı valideynlərin qaldırdığı problemin həllindən danışarkən deyib.

O, qeyd edib ki, əslində müəllimlər gününə ən böyük hədiyyə şagirdlərin istisnasız olaraq ictimai nəqliyyatdan ödənişsiz istifadəsi haqqında qərar ola bilərdi, çünki bu qərar ən çox müəllimləri sevindirə bilərdi:

“Dərsə sıxıntı içində gələn, yaxud imkansızlıqdan dərsə gələ bilməyən şagirdləri ilk anlayan şəxs müəllimdir. Bu qərarın verilməsi məktəblərdə dərs atmosferinə də müsbət yöndən təsir edəcək. Artıq əsas qurumlara müraciətimiz tamamlandı. Bütün yönləri ilə məsələni əsaslandırmağa çalışdıq. Bu gün məktəbdən kənarda uşaq qalmamalıdır. Uşağın məktəbə çatdırılmasının yükünü yaşayış səviyyəsi aşağı olan valideynlərin boynuna qoymaq olmaz. Dövlət mütləq bu yükü götürməlidir”.

Fazil Mustafa bildirib ki, məktəbli paltarında olan hər bir uşaq yaşından asılı olmayaraq ictimai nəqliyyatdan istifadəyə görə pul ödəməməlidir:

“Çox az uşaq olar ki, dərsdən kənar vaxtda məktəbli forması geyib ictimai nəqliyyata minsin. Bizim təklifimiz məhz məktəbli formasında məktəbə gedib-gələn uşaqlara aiddir. Nəqliyyat qurumlarının zərərinin kompensasiyasını da büdcədən təmin etmək mümkündür. Düşünürəm ki, hökumət tərəfindən bu zəruri addım yaxın zamanlarda atılacaq, həm şagirdlərimizi, həm də valideynlərimizi sevindirmək mümkün olacaq”.

Xırdalan sakinlərinə ŞAD XƏBƏR — Prezident 3,9 milyon manat ayırdı

Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Xırdalan şəhərində ümumi uzunluğu 5,1 kilometr olan avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3,9 milyon (üç milyon doqquz yüz min) manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Prezident Bibiheybətdəki sürüşmə ilə bağlı tapşırıq verdi
Prezident İlham Əliyevin tapşırıqı ilə Baş Nazir və müvafiq qurumların rəhbərləri Bibiheybətdəki sürüşmə zonasına baxış keçiriblər.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumat verib. Onun sözlərinə görə, artıq müvafiq qurumlara zəruri ilkin tapşırıqlar verilib:
“Təxirəsalınmaz tədbirlərin görülməsi və gələcəkdə bir daha təkrarlanmaması üçün prosesə ciddi xarici və yerli mütəxəssislər cəlb edilib. Mütəxəssislərin vəziyyəti dərindən təhlilindən sonra qısa müddət ərzində bərpanın hansı istiqamətdə aparılacağı haqda qərar qəbul ediləcək”.
İlham Əliyev yol tikintisinə pul ayırdı


Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:

1. Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.2-ci yarımbəndində göstərilmiş məbləğin 34,3 milyon (otuz dörd milyon üç yüz min) manatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
Azərbaycanda evdar qadınlara pul verilə bilər

“Unutmayın ki, biz 27 ildir ki müstəqil dövlətik. Hələ də müharibə və münaqişə şəraitində yaşayan ölkəyik. Mən demirəm ki, uşaqlar prioritet məsələ deyil. Ancaq burada o qədər məsələlər ki, onlara düzgün yanaşmalıyıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanın qoşulduğu bir sıra beynəlxalq konvensiyalarda 18 yaşadək uşaqlara “uşaq pulu”nun verilməsi haqda öhdəliklə bağlı sualı cavablandırarkən deyib.

O vurğulayıb ki, son 2 ildə Prezident tərəfindən sosial sahəyə xeyli vəsait ayrılıb: “Hər uşağa nə qədər vəsait ayrılması məsələsi də vacib məsələdir. Biz də çalışırıq ki, bu rəqəmlər artsın. Qadınları nə qədər maarifləndirsək də, onlar işləmir. Amma bir çox ölkələr var ki, evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün onlar üçün xüsusi vəsait ayrılır. Biz indi bu məsələni qaldırırıq.

Yəni uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Biz hazırda bu istiqamətdə çalışırıq”.

Prezident Sumqayıtda məktəb binasının tikintisinə 2 milyon manat ayırdı


Prezident İlham Əliyev Sumqayıt şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Sumqayıt şəhərində 1 nömrəli şəhər tam orta məktəbi üçün 1800 şagird yerlik yeni binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə bu Sərəncamın 1-ci hissəsində göstərilən ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini nəzərdə tutacaq.

Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.
Prezident bu yolun yenidən qurulmasına beş milyon manat ayırdıAzərbaycan Respublikası Prezidenti İlham Əliyev Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən. otuz beş min nəfər əhalinin yaşadığı 24 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (53 km)–Zərdab avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq beş milyon manat ayrılıb.

Dollar və manatın bugünkü məzənnəsiAzərbaycan Mərkəzi Bankı 19 noyabr tarixinə olan valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan "Ölkə.Az"a verilən məlumata görə, bu gün ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.

Manata nəzərən avronun məzənnəsi 1,8828 manat, 1 türk lirəsi 0,2962 manat, 1 rus rublu 0,0266 manat, 100 İran rialı 0,0040 manat, 1 gürcü larisi isə 0,5723 manatdır.