Aprelin 30-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Dövlət başçısı iclası giriş nitqi ilə açıb.
Sonra Prezidentin iqtisadi siyasət və sənaye məsələləri üzrə köməkçisi Natiq Əmirov, kənd təsərrüfatı naziri İnam Kərimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxış ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandası üzvlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil etdiklərinə görə “Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının aşağıdakı üzvləri “Tərəqqi” medalı ilə təltif ediliblər:
Qasımov Balakişi Ələkbər oğlu Talıbov Elman Eldar oğlu
Bu gün Bakıda Xorvatiya səfirliyinin rəsmi açılışı baş tutub.
Trend-in məlumatına görə, açılışda Xorvatiyanın baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri naziri Mariya Peyçinoviç-Buriç, vergilər naziri Mikayıl Cabbarov, Xorvatiya xarici işlər nazirinin siyasi və iqtisadi məsələlər üzrə müavinləri Viçe Skraçiç və İvano Jivkoviç iştirak edib.
Qeyd edək ki, M.Buriçin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.
"Bəzi adamlar hakimiyyətə gəlmək istəyir. Amma onlar bacarmayacaq, çünki onların zatı yoxdur". ONA məlumatına görə, bunu bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurasının iclasında QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib. O qeyd edib ki, Heydər Əliyev Kommunist Partiyasının Siyasi Bürosunda olsa da, həmişə dini əqidəsinə sadiq olub: "Biz moizələrimizdə bugünkü şəraiti yazırıq, ancaq bəziləri onları demir. Bizim borcumuz həqiqəti xalqa çatdırmaqdır. Bəzi imamlarımız, axundlarımızla bağlı belə məsələlərdən xəbərdarıq və bu məsələnin üzərinə qayıdacağıq. Bu gün hər yerdə təmir gedir. Prezident İlham Əliyev hər zaman dini abidələrin, o cümlədən Təzə Pir məscidinin təmirinə xüsusi diqqət ayırıb. Prezident din xadimləri ilə görüşmək istəyirdi. Yəqin ki, bu görüş orucluqdan sonra olacaq. Biz məscidlərdə həqiqətləri insanlara çatdırmalıyıq".
Ötən ay 30 sutka inzibati həbs cəzası verilən gənc fəal Bayram Məmmədov azadlığa çıxıb.
Bizimyol.info xəbər verir ki, Bayram Məmmədov polisə müqavimət göstərməkdə ittiham edilərək Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 30 sutkalıq həbs cəzası almışdı.
Bu qərardan verilən apellyasiya şikayəti ilə bağlı prosesdə Bayram ittihamı rədd etmişdi.
Qeyd edək ki, B.Məmmədov 2016-cı ildə külli miqdarda narkotik dövriyyəsi ilə ittiham olunaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Gənc fəal ittihamları qəbul etməyib.
O, martın 17-də Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi (DTMQİ) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın İçərişəhəri ziyarət etməsi ilə bağlı məlumat yayıb. İdarədən bildirilib ki, Birinci vitse-prezident ərazidə aparılan konstruksiyaların 2009-cu ildə qəbul edilmiş layihəyə əsasən icra olunmasını tapşırıb. “Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva İçərişəhəri ziyarət edərək Kiçik Qala küçəsində yerləşən ictimai iaşə obyektlərində aparılan konstruksiya işləri ilə yerində tanış olaraq həmin obyektlərdə uzun illər çalışan bir qrup sahibkar, həmçinin İçərişəhər sakinləri ilə görüşüb. Baxış zamanı təqdim edilmiş məlumatları diqqətlə dinləyən Mehriban Əliyeva ərazidəki konstruksiyaların 2009-cu ildə qəbul edilmiş İçərişəhərin “Master Planına” və təsdiq edilmiş layihəyə uyğun olaraq birmərtəbəli olması şərti ilə quraşdırılmasına ciddi nəzarət edilməsini tapşırıb. İdarə layihənin verilən tapşırıqlar əsasında birmərtəbəlilik şərti gözlənilməklə aparılacağını təmin edəcək”, - açıqlamada qeyd olunub.
Mingəçevir Sukanal İdarəsinin rəisi vəzifəsindən kənarlaşdırılıb.
ONA-nın Mingəçevir bürosunun məlumatına görə, “Azərsu” ASC rəhbərliyinin əmri ilə Mingəçevir Sukanal İdarəsinin rəisi Mustafa Yəhya oğlu Kərimov vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə hələ ki, hər hansı yeni təyinat olmayıb.
Boş qalmış İdarə rəisi vəzifəsinin icrası müvəqqəti olaraq rəis müavini Ələkbər Vəliyevə həvalə edilib.
"Sülh və təhlükəsizlik haqqında danışarkən, Ermənistan və Azərbaycan arasında olan münaqişəni qeyd etmək istəyirəm. Təəssüflər olsun ki, uzun illər, 25 ildən çox müddət ərzində Azərbaycanın beynəlxalq səviyyədə tanınan əraziləri Ermənistanın işğalı altındadır".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı vurğulayıb ki, işğal nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib: "İnsanlarımız etnik təmizləməyə məruz qalmışdır və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir. Bu, təkcə bizim ölkə üçün yox, regional sabitlik və sülh üçün ciddi bir problemdir. Ermənistan və Azərbaycan arasında olan münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".
Daxili İşlər naziri Ramil Usubov rəis müavinini işdən çıxarıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, general-polkovnik Ramil Usubovun əmri ilə, Gədəbəy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Fəzail Məmmədov vəzifəsindən azad olunaraq sərəncama götürülüb. Onun yerinə isə hələlik təıyinat yoxdur.
Xəbəri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov təsdiqləyib.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidmət, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Ölkə.Az"a verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan bir neçə hərbi hissədə olublar.
Müdafiə nazirinə məruzə edilib ki, ilin sonunadək istifadəyə veriləcək 10-a yaxın hərbi şəhərcikdə su, qaz, istilik və digər kommunikasiya sistemləri ilə təmin olunan qərargahlar, əsgər yataqxanaları, yeməkxanalar, döyüş texnikası üçün saxlanclar, digər inzibati bina və qurğularla yanaşı, hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün müvafiq məişət və ictimai iaşə obyektləri, o cümlədən qazanxana, camaşırxana və hamamxana kompleksləri, tibb məntəqələri və digər infrastruktur obyektləri də nəzərdə tutulub. General-polkovnik Z.Həsənov yeni inşa edilən artilleriya hərbi hissəsi, hərbi hospitalda və digər obyektlərdə aparılan tikinti işlərinin gedişatını yoxladıqdan sonra, inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıq və tövsiyələrini verib.