![]() |
![]() |
Türkiyə və İran PKK-ya qarşı növbəti birgə əməliyyat başladıb. Bu barədə yerli mediaya Türkiyənin daxili işlər naziri Süleyman Soylu açıqlama verib. Cənab Soylu bildirib ki, ilk dəfə olaraq Türkiyə və İran ölkənin şərq sərhədlərində PKK-ya qarşı birgə əməliyyat başladıb.
Ancaq Soylunun bu açıqlamasından bir neçə saat sonra Tehrandan təkzib açıqlaması gəlib. İrandan yayımlanan “Fars” Xəbər Agentliyi ordu rəsmilərinə istinadən açıqlama yayıb. Açıqlamada Türkiyə ordusunun PKK-ya qarşı sərhəddə əməliyyatlar başlatdığı, ancaq İran ordusunun bu əməliyyata dəstək vermədiyi qeyd olunur.
Qeyd edək ki, Yaxın Şərqin 4 ölkəsində - Türkiyə, İran, İraq və Suriyada - formalaşmış, silahlı hərbi-siyasi kürd təşkilatları mövcuddur. Türkiyədə 1980-ci illərdə yaranmış PKK hazırda ölkə daxili ilə yanaşı İraq və Suriyada da düşərgələrə malikdir və Türkiyə hökuməti hazırda həm İraq, həm də Suriya ərazisində PKK-ya qarşı əməliyyatları davam etdirir. Suriyada PKK ilə eyni siyasi-ideoloji görüşü paylaşan PYD və onun silahlı qanadı xeyli aktiv qüvvədir və hazırda Suriyanın 25 faizdən çox ərazisinə nəzarət edir. Bundan başqa, İraqın Türkiyə və İranla həmsərhəd bölgələrində də ciddi sayda PKK silahlıları və düşərgələri mövcuddur.
Türkiyə 2000-ci illərin əvvəllərində PKK ilə siyasi dialoqa gedib və 2013-cü ildə bu qruplaşma ilə hətta atəşkəs əldə olunub. Ancaq 2014-cü ildə İŞİD Suriyanın şimalını və yayda isə İraqın Mosul da daxil olmaqla, qərbini işğal edəndə kürd silahlı qrupların yenidən fəallaşıb və 2015-ci ildə Türkiyə hökuməti ölkənin cənub-şərq rayonlarında PKK-ya qarşı hərbi əməliyyatlara başlayıb.
Beləliklə, 5 il əvvəlkindən fərqli olaraq indi region ölkələrini (ənənəvi kürdlərin kompakt yaşadığı 4 ölkə - Türkiyə, İran, İraq və Suriya - K.R) kürd separatizmi ciddi şəkildə narahat etməyə başlayıb.
Eyni zamanda son iki ildə İrandakı kürd silahlı separatçılarının PEJAK qruplaşması yenidən fəallaşıb. Aydın məsələdir ki, kürdlər hazırda Vaşinqton və Tehran arasında gərginliyin yüksəlməsindən istifadə edərək Tehrana qarşı Vaşinqtondan dəstək almağa çalışırlar. Çünki Vaşinqton açıq şəkildə bəyan edib ki, İslam Respublikasındakı hökumət əleyhdarı qüvvələrə dəstək verəcək.
Bu mənada indi həm Ankara, həm də Tehran üçün sərhədlərdə və eləcə də İraq ərazisində kürd silahlılarına qarşı mübarizə aparmaq lazımdır. Çünki ötən bir neçə ildə Tehran təkbaşına və ya Ankara ilə koordinasiyalı şəkildə kürd separatizminə qarşı əməliyyatlar aparıb. Ötən il isə hətta İraqın şimalındakı PKK (PEJAK) düşərgələrini bombalayıb. Ancaq Tehran həm də İraqın şimalındakı kürd administrasiyası ilə münasibətləri pozmaq istəmir.
Baxmayaraq ki, həm İran, həm də Türkiyə bu regionda ikinci bir kürd muxtariyyətinin yaranmasına qarşıdır. Çünki aydın məsələdir ki, Suriyadakı kürd administrasiyası hüquqi status alsa (bu indi çox real görünür - K.R.) bu proses sürətlə İran və Türkiyəyə də təsir edəcək, separatizmi alovlandıracaq. Lakin qeyd etdiyimiz kimi, İran bütün bunlarla yanaşı İraq kürd administrasiyasını hazırkı həssas məqamda özünə düşmən etmək istəmir.
Yeri gəlmişkən, bir qədər əvvəl də Türkiyə prezidenti deyib ki, kürd silahlılara qarşı birgə Türkiyə-İran əməliyyatlarının keçirilməsi “həmişə gündəlikdə olub”. Ötən il İran Silahlı Qüvvələrinin baş qərargah rəisi Baqirinin Ankaraya səfəri zamanı kürd separatizminə qarşı birgə əməliyyat mövzusu gündəmə gəlmişdi. Çünki Baqirinin əsas gündəm mövzularından biri kürd məsələsi, Türkiyə-İran sərhəd təhlükəsizliyi, Suriyada münaqişə və sair idi. Həmin vaxt “Türkiyə” qəzeti isə yazırdı ki, Türkiyədə olarkən İran generalı İraqın şimalındakı Qəndil və Sincar rayonlarında kürd yaraqlılara qarşı birgə hərbi əməliyyat keçirmək barədə Ankaraya “gözlənilməz” təklif verib.
Türkiyə prezidenti dəfələrlə bəyan edib ki, PKK həm Türkiyəyə, həm də İrana böyük ziyan vurur və Ankara ilə Tehran bu məsələdə tez bir zamanda ortaq məxrəcə gələ bilər. Bu mənada indi Ankara və Tehranın İraqın şimalında kürd separatçılarına qarşı birgə əməliyyat keçirməsə də, həm İraqda, həm də Suriyada kürd məsələsində koordinasiyalı hərəkət etməyə ehtiyacları var. Çünki hər iki ölkə gələcəkdə eyni təhlükənin onların “qapısını döyəcəyini” bilir. Bu səbəbdən də indi kürdlər, necə deyərlər, Ankara və Tehranı bir-birinə yaxınlaşdırır.
Bu gün - martın 19-da Ukraynanın Krım vilayəti və Sevastopol şəhərinin rəsmən Rusiyaya birləşdirilməsinin 5 ili tamamlanır (İşğaldan sonra “referendum” martın 16-da keçirilib, prezident Putin isə martın 19-da birləşmə haqda sərəncam imzalayıb). Martın 18-də Avropa Birliyi (AB) Krımın anneksiyanın qəbuledilməzliyi barədə prinsipial mövqeyini bir daha bəyan edib.
“Yeni Müsavat” xəbər verir ki, qurumun xarici siyasət məsələləri üzrə ali komissarı Federika Moqerinin adından yayılan bəyanatda AB-nin Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyi növbəti dəfə əksini tapıb.
“Krımın ilhaqı beynəlxalq təhlükəsizliyə birbaşa təhdiddir və özündə dünya düzəni üçün ciddi təhlükələr daşıyır”, - deyə yazılı bəyanatda deyilir. Sənəddə həmçinin əksər ölkələrin bu ilhaqı tanımadığı, ilhaqdan sonra yarımadada insan haqlarının vəziyyətinin pisləşdiyi, o sırada beynəlxalq humanitar hüquqa zidd olaraq, Krım sakinlərinin Rusiya silahlı qüvvələrində hərbi xidmət keçməyə məcbur edildiyi də vurğulanır.
Eyni mövqeni təbii ki, ABŞ da bölüşür. Artıq 5 ildir AB və ABŞ qanunsuz işğala etiraz olaraq, Rusiyaya qarşı maliyyə-iqtisadi və texnoloji sanksiyalar tətbiq edir. Sanksiyalar ilbəil daha da sərtləşir.
*****
Belə görünür, 2008-ci ildə Abxaziya və Cənubi Osetiyanı rahatlıqla işğal edib onların “müstəqilliyini” tanıyan, ardınca separatçı bölgələri özünün marionetinə çevirmək və orada böyük hərbi qüvvə saxlamaq üçün “qanuni əsas” yaradan Rusiya Krımla bağlı belə kəskin reaksiya gözləmirmiş. Odur ki, Rusiyanın bu ilhaqla nə qazandığı mühüm suallardan biridir.
Bu xüsusda “Atlas” araşdırmalar mərkəzinin şərhi diqqət çəkir: “Kreml Krımı işğal etməklə bütün ”qırmızı cizgi"ləri aşdı. Rusiyanın Krımı işğal etməkdə əsas arqumenti bu idi ki, Krım həmişə Rusiyanın tərkibində olub. Sanki tarixdə Krım xanlığı olmayıb və ya yarımada tatarların tarixi vətəni deyil. Bu baxımdan Rusiyanın yaxın müttəfiqi Belarus prezidenti Aleksandr Lukaşenkonun reaksiyası maraqlı idi: “Əgər Moskvanın Krımı Rusiyaya qatması məntiqini qəbul etsək, onda gərək Rusiyanın yarısı monqol-tatarlara məxsus olsun”. Lukaşenko bunu həm də ona görə söyləyirdi ki, bir gün Moskvanın Belarus torpaqlarına da gözü düşə bilər.
V.Putin Krımın ilhaqına belə haqq qazandırır: “Tarixi ədalət bərqərar olunub”. Ancaq Putinin bu qərarı beynəlxalq aləmə, bölgəyə və elə Rusiyanın özünə aşağıdakı çətinliklər gətirib: birincisi, 2014-cü ilə qədər qardaş adlandırılan Rusiya-Ukrayna münasibətləri gərginləşib və bundan sonra Ukraynada prezident dəyişsə belə, Krımın işğalına görə Kiyevin Moskva ilə əvvəlki isti münasibətlərini bərpa edəcəyi problematikdir.
İkincisi, Qərbin Rusiyaya qarşı sanksiyaları Krımın işğalı davam etdikcə ortadan qaldırılmayacaq. Aydındır ki, Moskva heç bir halda Krımı geri qaytarmayacaq. Demək, sanksiyalar da davam edəcək. Sanksiyaların davamı isə Rusiyanı Qərblə normal münasibətlərdən məhrum edib və Rusiya iqtisadiyyatına mənfi təsir edir.
Üçüncüsü, Krımın ilhaqı olmasaydı, bu gün beynəlxalq terrorizmə qarşı mübarizədə vahid mərkəz formalaşa bilərdi, ABŞ Rusiya ilə indiki qədər münaqişə içərisində olmayacaqdı, iki dövlət “soyuq müharibə” illərində olduğu kimi bir-birini uzaq mənzilli raketlərdə hədələməzdi. Krımın işğalı onu da sübut etdi ki, Rusiyanın siyasətində separatizmə dəstək davam edəcək".
*****
Buna biz az öncə (5-6 mart) Moskvada Kremlin rüsxəti ilə yaradıldığı şübhə doğurmayan “Lazerev klubu”nun iclasına Qarabağdakı separatçı rejimin “iqtisadiyyat naziri” Levan Qriqoryanın iştirak etməsi ilə bir daha əyani şahidlik elədik.
Ola bilsin, bir səbəb də odur ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyü məsələsində prinsipialdır, Krımı Ukraynanın ərazisi sayır və BMT səsvermələrində dünya ölkələri ilə, Qərblə eyni mövqe sərgiləyir. Kremlin Krımı dünyaya Rusiyanın ərazisi kimi tanıtdırmaq siyasəti isə 5 ildə iflasa uğrayıb. O da var ki, Krımı Rusiya ərazisi kimi göstərən xəritələr və ya Krım istehsalı olan mallar zaman-zaman Azərbaycanda da peyda olur. Ancaq Azərbaycanın müvafiq orqanları bu təxribatların qarşısını alır.
Bəs Krımın işğalı konkret olaraq Azərbaycana Dağlıq Qarabağ ixtilafının həll perspektivi baxımından nə verdi?
Əvvəla, dünya birliyi, onun aparıcı gücü olan Qərb sanki ayıldı və sərhədlərin zorla dəyişdirilməsinin və yenidən müəyyənləşməsini qlobal sülh üçün hansı böyük fəsadlar törədəcəyini fərq elədi. O səbəbə dövlətlərin ərazi bütövlüyü məsələsi, Helsinki Yekin Aktının (1973) əsas müddəası olan ərazi bütövlüyü prinsipi bütün ciddiliyə ilə gündəmə gəldi.
Diqqətçəkəndir ki, məhz Krımın işğalından sonra Avropa Parlamentinin qəbul elədiyi qətnamələrdə və digər sənədlərdə, NATO sammitlərində (Brüssel və s.) qəbul olunan yekun bəyannamələrdə Azərbaycanın da daxil olduğu “Şərq Tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünə hörmət birmənalı şəkildə əksini tapıb. Keçən həftə isə ABŞ Dövlət Departamentinin dünyada insan haqlarının 2018-ci ildəki vəziyyətinə dair yaydığı hesabatda Ermənistanı işğalçı adlandıran bənd yer alıb. Orada deyilir: “Separatçılar Ermənistanın dəstəyi ilə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əksər hissəsini və ona bitişik 7 rayonu nəzarətdə saxlamaqda davam edirlər”.
İkincisi, işğalçı Ermənistan Krımdakı saxta referendumu tanımaqla Rusiyanın ilhaqını da tanıyıb və Rusiyanın yanında yer alıb. Bununla da özünü beynəlxalq hüquqa, dünya birliyi və beynəlxalq rəyə və iradəyə qarşı qoyub.
Yeri gəlmişkən, BMT-də Krımla bağlı hətta humanitar xarakterli sənədlərin səsverməsi zamanı Ermənistan Azərbaycandan fərqli olaraq, həmişə Rusiyanın mövqeyini müdafiə edib və Qərbə qarşı çıxıb. Ukraynanın ərazi bütövlüyü əleyhinə səs verib. Bu da faktiki, Rusiya ilə işğal ortağı olan Ermənistan haqda neqativ rəyi möhkəmlədib.
Ötən həftə isə İrəvanda Krımı Rusiyanın tərkib hissəsi olaraq təsdiqləyən “Krım həftəsi” keçirilib. Beləcə, Qarabağı işğal altında saxlayan Ermənistan Rusiya kimi dünya düzəninə, beynəlxalq hüquqa meydan oxumaqda davam edir. Görəsən, Qərb bu reallığa da, nəhayət, sərt təpki verəcəkmi?..
İraq İran və ABŞ arasındakı rəqabətin yeni ünvanına çevrilib. Bu, özünü İran prezidenti Həsən Ruhaninin martın 13-də İraqa səfəri zamanı da göstərdi. Baxmayaraq ki, cənab Ruhaninin İraqa səfəri İran-İraq münasibətlərinin daha da yaxşılaşması, əlaqələrin genişləndirilməsi məqsədi daşıyırdı.
Ancaq Bağdada yola düşən H.Ruhani hələ Tehrabad hava limanında ABŞ prezidentinə mesaj göndərdi. İran prezidenti ABŞ-ın ünvanına tənqidi fikirlər səsləndirdi, bəzi ölkələrin işğalçılıq fəaliyyətləri yürütdüyü, buna görə də indi İraqa gecə vaxtı xəlvət gəldiyini qeyd etdi. Ruhani ötən ilin dekabrında ABŞ prezidentinin İraqa səfərini qəsd edirdi. Həmin vaxt təhlükəsizlik səbəbi ilə Trampın təyyarəsi Bağdada işıqlarını söndürərək enmişdi. Bu faktı bir neçə gün əvvəl ABŞ prezidenti özü də təəssüflə qeyd etmişdi. Hətta bu səfər zamanı Tramp İraq rəhbərliyi ilə də görüşməmişdi.
Ancaq ABŞ prezidentindən fərqli olaraq İran prezidenti İraqa çox rahat səfər etdi. İraqda 3 gün qaldı, Bağdaddan sonra ölkənin dini “paytaxtı” Nəcəfə səfər etdi və burada İraqın qeyri-rəsmi söz sahibi Ayətullah Seyid Əli Sistani ilə görüşdü.
Yeri gəlmişkən, səfər zamanı viza rüsumlarının götürülməsi, eləcə də ticarət, iqtisadiyyat sahəsində bir sıra anlaşmalar imzalanıb, iki ölkə arasında ticarətdə milli valyutalardan istifadə olunması barədə razılaşma əldə olunub.
Maraqlıdır ki, Ruhaninin səfəri İraqda siyasi-strateji sahədə də ciddi hərəkətlilik yaradıb. Ölkənin nüfuzlu siyasətçilərinin bir qismi ABŞ ordusunun İraqdan tamamilə çıxarılması, lazım gəlsə əlaqələrin məhdudlaşdırılmasını tələb edir.
Təbii ki, bu tələblər, ümumilikdə son hadisələr ABŞ üçün o qədər yaxşı bir vəziyyət deyil. ABŞ 2003-cü ildə İraqı işğal edərək Səddam Hüseyn rejiminə son qoyub. Rəsmi olaraq 2010-cu ildə ABŞ ordusu İraqı tərk etsə də, hazırda İraqda 5 min amerikalı hərbçi var. Bağdad isə hələ də qeyri-rəsmi də olsa Vaşinqtonun təsiri altındadır. İraqın hazırkı mövcud siyasi idarə sistemini amerikalılar hazırlayıb və ölkə üzərində dominant təsir Vaşinqtona məxsusdur. Eyni zamanda Vaşinqton ötən 16 ildə İraqda hərbi xərclərə və ölkənin yenidən qurulmasına yüz milyardlarla dollar pul xərcləyib. Təkcə gələnilki dövlət büdcəsində İraq ordusuna İŞİD-lə mübarizə üçün 700 milyon dollar pul ayrılıb. Hər il İraq ordusunun qurulması, eləcə də digər sahələrə ABŞ böyük vəsaitlər ayırır.
Lakin bütün bunların qarşısında indi İran İraqda ABŞ-la rəqabətə girişib. Əlbəttə, İraqın indi İranın təsir dairəsində olduğunu demək olmaz, lakin fakt budur ki, bəzi məsələlərdə Tehranın sözü Bağdadda daha yaxşı eşidilir, nəinki Vaşinqtonun.
Yeri gəlmişkən, Ruhaninin İraq səfərindən 3 gün keçməmiş Səudiyyə Ərəbistanı investisiya və ticarət naziri Məcid əl-Qasbi İraqa səfər edib. Bağdadda İraq prezidenti Berham Saleh və baş nazir Adil Əbdülmehdi ilə görüşüb. Görüşdən sonra yayılan açıqlamada qeyd olunur ki, prezident Saleh “bölgə ölkələrinin maraqlarının bir nöqtədə birləşməsi”, həmçinin Səudiyyə Ərəbistanı da daxil olmaqla, bölgə ölkələri ilə ortaq iqtisadi maraqların mexanizmini yaratmaq istəyirlər. Eyni zamanda bölgədə qarşıdurma və çəkişmələrdən uzaq, sabitliyin təmin olunması üçün region ölkələri ilə uzlaşma əldə etməyə çalışdıqlarını bildirib. Əl-Qasbi isə sərhəd üzərindən ticarət həcmini daha da yüksəltmək istədiklərini deyib. Eyni zamanda məlum olub ki, İraq baş naziri yaxın zamanda Səudiyyə Ərəbistanına səfər edəcək.
Qeyd edək ki, İraq və Səudiyyə Ərəbistanı arasında daha əvvəl soyuq olan münasibətlər son iki ildə sürətlə istiləşməyə başlayıb. Ötən il baş nazir Heydər İbadi, eləcə də 2018-ci il parlament seçkilərində qalib gələn siyasi koalisiyanın lideri, şiə din adamı Müqtəda əs-Sədr ər-Riyada səfər edib. 2017-ci ildə isə iki ölkə arasında “İraq və Səudiyyə Ərəbistanı Koordinasiya Şurası” yaradılıb.
Aydın məsələdir ki, Səudiyyə Ərəbistanının İraqda son illərdə nəzərəçarpacaq dərəcədə fəallaşmasının əsas səbəbi İrandır. ABŞ və onun əsas bölgə müttəfiqi olan Səudiyyə Ərəbistanı İranın İraqdakı təsirini azaltmağa çalışır. Hətta iraqlılar üçün Həcc və Ümrə ziyarəti zamanı Səudiyyə Ərəbistanının Məkkə və Mədinə şəhərlərində müəyyən güzəştlər həyata keçirilir ki, daha əvvəl bunlar olmayıb. Son illərdə bir sıra iraqlı siyasilərin dini deyil, etnik amili ərəb milləti fikirlərini daha çox qabartması da bununla izah olunur.
İraq bölgədə İran üçün əsas ölkələrdən biridir. Həm dini mərkəz olması, eləcə də dünyada İran və Hindistandan sonra ən böyük şiə icmasının İraqda yaşaması İraqın İran üçün əhəmiyyətini artırır. Üstəlik, ötən ildən başlayaraq Vaşinqtonun artan embarqoları qarşısında İraq indi İran üçün əsas “nəfəslik”lərdən biridir. Eyni zamanda Yaxın Şərqin ən böyük neft ehtiyatlarından birinə sahib, əhali sayı və strateji əhəmiyyəti baxımdan İraq İranla yanaşı ABŞ üçün də böyük önəmə sahibdir.
Ehtimal olunan savaş zamanı da İrana əsas təhlükə İraq üzərindən ola bilər. Çünki İranın əsas quru sərhədləri İraqladır. Doğrudur, ABŞ-ın indi Yaxın Şərqin əksər ölkələrində, o cümlədən Bəhreyn, Qətər, Əfqanıstanda da çoxlu sayda hərbi bazaları var. Lakin aydın məsələdir ki, İranın mərkəzinə ən yaxın olması və coğrafi imkanları baxımdan İraq daha üstündür. Digər tərəfdən, Vaşinqton İrana qarşı əsas təhdid ünsürləri olan kürd və ərəb separatçı terror təşkilatlarını məhz İraq üzərindən dəstəkləyə bilər. Və nəhayət, hazırkı İran hakimiyyəti üçün əsas siyasi-hərbi müxalifət hesab olunan və ya Vaşinqtonun əsas olaraq gördüyü qrup “Xalqın Mücahidləri” Təşkilatının əsas mərkəzi İraqdır. Doğrudur, bir neçə il əvvəl İran hakimiyyəti İŞİD-ə qarşı mübarizənin aktiv dövründə yaranmış fürsətdən istifadə edərək Bağdadın “Xalqın Mücahidləri”ni ölkədən çıxarmasına nail oldu. Lakin indi qruplaşmanın yenidən İraqa qayıtması haqda fikirlər var.
Görünən odur ki, indi İraq ABŞ və İran arasında əsas savaş meydanıdır. İraq İranın Yaxın Şərqə açılan “qapısı” və eyni zamanda əks cəbhənin İrana qarşı əsas “səngəridir”. Son dövrlərdə Vaşinqton iqtisadi sahədə, xüsusən də embarqolar mövzusunda müəyyən qədər yumşalsa da, siyasi cəbhədə İrana qarşı təzyiqlərin daha da artacağını düşünmək olar. Əsas “savaş meydanı” isə Bağdaddır.
Qırğızıstan və Tacikistan nümayəndələri bu gün iki ölkənin sərhədində vəziyyətin stabilləşdirilməsi üzrə danışıqların üçüncü raundunu keçirəcək.
ONA xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Bildirirlir ki, Qırğızıstan nümayəndə heyətinə baş nazirin birinci müavini Jeniş Razakov, Tacikistan nümayəndə heyətinə isə hökümət rəhbərinin müavini İbrahim Əzim rəhbərlik edəcək.
Danışıqların ötən həftə keçirilən birinci və ikinci raundlarında rəsmi Bişkek və Düşənbə mübahisəli ərazilərə birgə nəzarət olunması və insidentin səbəblərinin araşdırılması üçün birgə qrupların yaradılması ilə bağlı razılığa gəlib.
Bildirilir ki, ümumilikdə sərhəddə vəziyyət nəzarət altına alınıb.
Qeyd edək ki, Qırğızıstan-Tacikistan sərhədində vəziyyət martın 13-də Qırğızıstanın Aksay kəndi və Tacikistanın Mehnatabad qəsəbəsi sakinləri arasında baş vermiş toqquşmalardan sonra gərginləşib. Nəticədə iki Qırğızıstan vətəndaşı güllə yarası alıb.
Mart ayının 18-də yalnız Türkiyə deyil, dünya hərb tarixinə ən böyük döyüşlərdən biri kimi daxil olan Çanaqqala savaşının 104 ili tamam oldu. 1914-cü il noyabr ayının 3-də başlayan və 1915-ci il 18 mart tarixinə qədər davam edən Çanaqqala savaşı, həmçinin 25 aprel 1915-ci ildən 1916-cı ilin 8-9 yanvarına qədər Gelibolu yarımadasında gedən döyüşlər türk hərb tarixinini ən şərəfli səhifələrindən biri, qəhrəmanlıq və zəfər dastanıdır. Canaqqala savaşının əsası 1914-ci ilin yayında bas verən 1-ci dünya müharibəsində qoyuldu.
Türkiyə həmin dövrdə istəmədən Almaniya-Avstriya-Macaristan tərəfində Antantaya (Ingiltərə-Fransa-Rusiya) qarşı döyüşlərə cəlb edilmişdi. Müharibənin başlamasından təxminən 3 ay sonra, 1914-cü il noyabrın 3-də səhər tezdən Ingiltərə və Fransaya aid olan hərbi dəniz gəmiləri Bozca adasından boğazın sahil sularına daxil oldular. Onlar dərhal da Osmanlı ordusunun boğaz sahilində yerləşən müdafiə istehkamlarına atəş açmağa başladılar. Ingilis hərb gəmiləri Seddülbahir və Ərtoğruldakı, fransız hərbi gəmiləri isə Qumqala və Orhaniyyədəki müdafiə səddlərini top yağışına tutmuşdular. Düşmənin atdığı top mərmilərindən biri on bir ton barıt saxlanan anbara düşdü və nəticədə ətraf yerlə yeksan oldu.
Dekabrın 2-də ingilis sualtı gəmisi boğaza daxil olaraq özündən 700 metr məsafədə dayanan "Məsudiyyə" hərbi gəmisini atəşə turaraq batırdı. Nəticədə 10 nəfərlik gəmi heyəti və gəmidə olan 24 nəfər əsgər şəhid oldu. Buna baxmayaraq düşmən boğazı ələ keçirə bilmədi. Həmin dövrdə admiral Carden Çanaqqalanı ələ keçirmək üçün üçmərhələli bir plan hazırlamışdı. Bu planın birinci hissəsi uğurla nəticələnmədi. Belə ki, ilkin mərhələdə noyabrın 3-də (1914) 7 hərb gəmisi ilə boğaza daxil olan ingilislərin məqsədi sahildəki istehkamları tamamilə dağıtmaq və sonraki mərhələdə boğazı ələ keçirmək idi. Lakin o buna nail ola bilmədi. Fevralın 19-da Carden boğazı ələ keçirmək üçün ikinci mərhələnin döyüşlərinə başladı.
Fevralın 25-nə kimi davam edən döyüşlərdə düşmən uzaqmənzilli toplardan atəs açaraq sahildə müdafiə mövqeyi tutan Osmanlı əsgərlərinə böyük itki verdi. Boğaz sahilindəki birinci müdafiə mövqeləri demək olar ki, tamamilə məhv edildi. Fevralın 26-da düşmən donanması boğaza daxil oldu və 8 saat ərzində sahili aramsız olaraq top atəşinə tutdu. Amma düşmən gəmiləri güclü müqavimətə rast gələrək dənizdə irəlilyə bilmirdilər. Bunu görən Ingiltərə hərbi dəniz qüvvələri komandanlığı Cardeni vəzifəsindən azad edərək onun yerinə Robecki təyin etdi. Martin 17-də öz vəzifəsinin icrasına başlayan Robeck dərhal gecikmədən adanın ələ keçirilməsini nəzərdə tutan son hücum əməliyyatına başlanması barədə əmr verdi.
Zəfər savaşı
Arzu Nağıyev: “Türkiyədə terror aktlarının yenidən baş verməsi gözlənilmir”
Yeni Zelandiyanın Kraystçerç şəhərində müsəlmanların ibadət etdiyi məsciddə törədilən terror hazırda dünya gündəminin ən çox müzakirə edilən məsələsidir. Belə ki, törədilən terror aktı 49 nəfərin ölümü, 40-a yaxın insanın yaralanması ilə nəticələnib. Hadisə zamanı məsciddə təxminən 300 nəfər ibadət edirmiş.
Terrorçu 28 yaşlı Brenton Tarrant hadisəni sosial şəbəkədə canlı yayımlayıb, bu qan donduran görüntülər qısa zamanda dünya mediasında yayılıb. Həm Yeni Zelandiya hökuməti, həm də beynəlxalq təşkilatlar, lider dövlətlər hələ ki, hadisəyə siyasi-hüquqi qiymət verməkdə çətinlik çəkir, bunun terror aktı deyil, silahlı hücum olduğunu sübut etməyə çalışırlar.
Hadisədən sonra Yeni Zelandiyanın baş naziri Jacinda Ardern qanlı hücumdan sonra ölkədəki silah əldəetmə qanunlarının dəyişəcəyini bildirib. Baş nazir Ardern qeyd edib ki, Kraystçerç şəhərində məscidə hücumu həyata keçirən terrorçu 2017-ci ilin dekabrında silah lisenziyası alıb və qətliamda 2-si yarı avtomatik, 2-si ov tüfəng olmaqla, ümumilikdə 5 silahdan istifadə edib: “Silah lisenziyalarının verilməsi və bu silahların saxlanılmasından dolayı baş verən hadisə üzərində iş aparılarkən hazırda silah qanunlarımızın dəyişəcəyini deyə bilərəm”.
Yeni Zelandiya qanunlarına görə, silah rüsxəti hər hansı bir cinayətkar keçmişi olmayan, 16 yaşından böyük və əsaslı səbəbi olanlara verilir. Terror hadisəsinin baş verdiyi şəhərə gedib, Al Nur və Linwood Məscidlərində və regionda araşdırmalar edəcəyini deyən baş nazir Ardern xəstəxanalarda 2-sinin vəziyyəti kritik, 40 yaralının olduğunu qeyd edib.
Ölkəsinin yasda olduğunu deyən baş nazir regiona kəşfiyyat əməkdaşlarının da yer aldığı, əlavə təhlükəsizlik qruplarının sövq edildiyini diqqətə çatdırıb. Lakin nə o, nə də digər bir siyasi lider hadisəni terror aktı adlandırmayıb. Bunun yalnız saxlanılan şəxslərin verdiyi ifadədən sonra açıqlanacağı vurğulanıb.